Məhkəmə qərarları › İş №e-2(007)-2033/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2033/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2033/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştiraklı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1211,10 (bir min iki yüz on bir dollar, on sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 1722,37 (bir min yeddi yüz iyirmi iki dollar, otuz yeddi sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 358,02 (üç yüz əlli səkkiz dollar, iki sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1350,37 (bir min üç yüz əlli dollar, otuz yeddi sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 4641,86 (dörd min altı yüz qırx bir dollar, səksən altı sent) ABŞ dolları borcun və tərəflərindən ödənilmiş 99 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Səbail” filialı tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə illik 29 (iyirmi doqquz)% ödəmək şərti ilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 1211,10 (bir min iki yüz on bir dollar, on sent) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 1722,37 (bir min yeddi yüz iyirmi iki dollar, otuz yeddi sent) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 358,02 (üç yüz əlli səkkiz dollar, iki sent) ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1350,37 (bir min üç yüz əlli dollar, otuz yeddi sent) ABŞ dolları, cəmi isə 4641,86 (dörd min altı yüz qırx bir dollar, səksən altı sent) ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2-1(102)-147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. 10 avqust 2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Kredit müqaviləsi üzrə az ödəniş etmişdir. Sonradan bank bağlandığı üçün əlaqə saxlaya bilməmişdir. O, bankdan 2000 ABŞ dolları götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Səbail” filialı tərəfindən Cavabdeh1 illik 29 faiz ödəmək şərti ilə 12 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2015-ci il tarixli İKM 01 saylı zəmanət müqaviləsindən görünür ki, zəmanət verən Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən zəmanət verən bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş **********063 saylı, 24 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 11 yanvar 2022-ci il tarixinə əsas borc 1211 (bir min iki yüz on bir) ABŞ dollar 10 (on) sent, müqavilə müddəti üçün hesablanmış faiz borcu 1722 (bir min yeddi yüz iyirmi iki) ABŞ dolları 37 (otuz yeddi) sent, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış cərimə borcu 1350 (bir min üç yüz əlli) ABŞ dolları 37 (otuz yeddi) sent, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % borcu 358 (üç yüz əlli səkkiz) ABŞ dolları 02 (iki) sent, ümumilikdə 4641 (dörd min altı yüz qırx bir) ABŞ dolları 86 (səksən altı) sent təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2017-ci il tarixli 2679 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər banka olan 3291 (üç min iki yüz doxsan bir) ABŞ dolları məbləğində borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. - xx.xx.2022-ci il tarixli ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 29 faiz ödəmək şərti ilə 12 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Cavabdeh1 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, Cavabdeh1 1211,10 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1722,37 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 358,02 ABŞ dolları faiz borcu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 1350,37 ABŞ dolları cərimə borcu 1211,10 ABŞ dolları əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 100 ABŞ dolları saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, xx.xx.2015-ci il tarixli zəmanət müqaviləsi ilə zamin Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla ödənişlərə görə borc alan kimi tam məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilədə müddət göstərilməmişdir. Qanunvericiliklə müəyyən edildiyi kimi bank zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmək hüququ vardır. Hazırkı halda isə bank xx.xx.2016-cı il tarixdən sonra zamin Cavabdeh2 zaminlik müqaviləsi üzrə öhdəliyinin icrası üçün müddəti göstərməmiş və öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bir il ərzində, yəni xx.xx.2017-ci il tarixinə kimi məhkəmədə iddia qaldıra biləcəyi halda xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinə xitam verilmişdir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh1 bank qarşısında olan öhdəliyini icra etmədiyinə görə, Cavabdeh2 xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında məsuliyyət daşımır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan "xxxx" ASC tərəfindən 99 (doxsan doqquz) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun 26,67 manatı iddiaçıya, 72,33 manatı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1211,10 (bir min iki yüz on bir dollar, on sent) ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətnin bitdiyi xx.xx.2016-cı il tarixinə 1722,37 (bir min yeddi yüz iyirmi iki dollar, otuz yeddi sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 358,02 (üç yüz əlli səkkiz dollar iki sent) ABŞ dolları borcunun və 100 (yüz) ABŞ dolları cərimə borcunun, cəmi 3391,49 ABŞ dolları borc və 72,33 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumunun 26,67 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1211,10 (bir min iki yüz on bir dollar, on sent) ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətnin bitdiyi xx.xx.2016-cı il tarixinə 1722,37 (bir min yeddi yüz iyirmi iki dollar, otuz yeddi sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 358,02 (üç yüz əlli səkkiz dollar iki sent) ABŞ dolları borcunun və 100 (yüz) ABŞ dolları cərimə borcunun, cəmi 3391,49 ABŞ dolları borc və 72,33 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 26,67 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar