Məhkəmə qərarları › İş №e-2(007)-2038/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2038/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2038/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 kreditin əsas borcu üzrə 5183.40 manat məbləğində qalıq, ona hesablanmış 2192.22 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4096 manat məbləğində dəbbə pulu, Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faiz 131.74 manat, cəmi 11.603,36 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 125 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, məhəllə 2561, 35 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 68.000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 5183.40 manat məbləğində qalıq, ona hesablanmış 2192.22 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4096 manat məbləğində dəbbə pulu, Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faiz 131.74 manat, cəmi 11.603,36 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 125 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir. İşdə iştirak edən tərəflər:

3. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC-nin nümayəndəsi X2 elektron kabinet vasitəsilə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər.

5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

7. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı:

“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

10. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

11. Beləliklə, məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır.

12. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır.

13. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzdən (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221104, tarix: xx.xx.2024, saat 16:10:00) görünür ki, hazırki iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 125 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

14. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından ödənilmiş 125 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC-dən, 25 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia ərizəsinin verilməsinə görə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221104, tarix: xx.xx.2024, saat 16:10:00) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar