Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2047/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 18558,40 manat məbləğində əsas kredit borcunun, 450,87 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 20,46 manat məbləğində cərimə borcunun, cəmi 19029,73 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 147,09 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 21020***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli, 21FİZAM161989601 saylı zaminlik müqaviləsi bağlanmış və onlar kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Əsas Kredit Limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 708,93 manat olmaqla hər ayın 3-dək ödənilmək şərti ilə) 25000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas Kredit Limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 18558,40 manat məbləğində əsas kredit borcu, 450,87 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 20,46 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 19029,73 manat məbləğində borcu qalmaqdadır. Tərəflərin izahatları: Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri (sübutları) nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, Cavabdeh1 (055)-528-11-60 mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il tarixdə əlaqə saxlanılmış və cavabdeh borc üzrə ödəniş edəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 21020***-*******01L saylı Əsas kredit limiti razılaşmasına əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 708,93 manat olmaqla hər ayın 3-dək ödənilmək şərti ilə) 25000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 da öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 21FİZAM161989601 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuş, razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (pretenziya ilə eyni tarixdə olan), yəni 450,87 manat faiz borcunu tələb edə biləcəyi üçün həmin məbləği tələb etmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 18558,40 manat əsas borc, 450,87 manat faiz borc, 20,46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19029,73 manat borcu vardır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.3-cü, 448.1-ci, 462.1-ci, 464.1-ci, 465.1-ci, 470.1-ci, 472.1 və 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə risk dairələrinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18558,40 manat əsas borcu, 450,87 manat faiz borcu, 20,46 manat cərimə borcu olmaqla, ümumilikdə 19029,73 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyindən 147,09 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18558,40 manat əsas borcu, 450,87 manat faiz borcu, 20,46 manat cərimə borcu olmaqla, ümumilikdə 19029,73 manat borc və ödənilmiş 147,09 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2047/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2047/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver