Məhkəmə qərarları › İş №e-2(007)-2050/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2050/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2050/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı “X6” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı “X6” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı X6” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 və Haciyev Rövşən Məmməd oğlundan müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 22402,44 AZN əsas, 3163,88 AZN faiz, 1346,67 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 26912,99 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 170,74 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilib. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 borclu Cavabdeh2un 1753micSUM/23 saylı Əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam həcmdə öz üzərinə götürür. Lakin cavabdeh мüqaviləninbu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 24 aprel 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 22402,44 AZN əsas, 3163,88 AZN faiz, 1346,67 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 26912,99 AZN borcu yaranıb. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılıb, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməyib və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlib.

İş materialları:

3. "xxxx" KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1753micSUM/23 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən X4 xx.xx.2025-ci il tarixinədək, illik 20 faiz ödəmək şərti ilə 30000 manat məbləğində nağd kredit verilmişdir. X5 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürüb.

4. "xxxx" KB ASC ilə borcalan X5 və zamin Haciyev Rövşən Məmməd oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1753micSUM/23 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Haciyev Rövşən Məmməd oğlu həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan X5 ilə eyni həcəmdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

5. İddiaçı “X6” ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X3 xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 22402,44 manat əsas, 3163,88 manat faiz borcu, 1346,67 manat cərimə borcu olmaqla, cəmi 26912,99 manat borcu vardır.

6. “X6” ASC-nin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh, xx.xx.2024cü il tarixə yaranmış 22402,44 manat əsas, 1644,06 manat faiz, 256,15 manat cərimə, cəmi 24302,65 manat borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunub;

7. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı “X6” ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 170,74 manat dövlət rüsumu ödənilmişdir.

8. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/3689 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağianmış xx.xx.2023-cü il tarixli, 1753micSUM/23-EM saylı kredit müqaviləsi üzrə Cavabdeh2 kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: o cümlədən: xx.xx.2024-cü il tarixə-bildiriş tərtib edilən tarixə: əsas borc üzrə 22395,91 manat, faiz borcu üzrə 1521,61 manat; xx.xx.2025-ci il tarixə-maliyyə arayışı tərtib edilən tarixə: əsas borc üzrə 22395,91 manat, faiz borcu üzrə 3027,12 manat təşkil edir.

Tərəflərin izahatları:

9. İddiaçı “X6” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

10. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “bü ünvanda yaşamır, ünvan düzgün deyil” məzmununda qeydlər edilərək məhkəməyə geri qayıtmışdır.

11. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin faiz borcu ilə bağlı hissəsini qəbul etmir. Tələb olunan məbləğ yüksəkdir.

İşin faktiki halı:

13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı “X6” ASC ilə cavabdeh X5 arasında kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya əsas və faiz borcunun olması hazırki mülki işin mübahisəsiz halıdır. Digər cavabdeh Haciyev Rövşən Məmməd oğlu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2023-cü il tarixdə borcalanla birlikdə iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla eyni həcmdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

18. İş materiallarından (müqavilə, ödəniş qrafiki) müəyyən olunur ki, iddiaçı "xxxx" KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1753micSUM/23 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən X4 24 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 30000 manat məbləğində nağd kredit verilib, cavabdeh X5 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməyib.

19. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh X5 iddiaçı "xxxx" KB ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və X5 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Həmçinin, cavabdeh Haciyev Rövşən Məmməd oğlu xx.xx.2023-cü il tarixli, 1753micSUM/23 saylı kredit müqaviləsi üzrə Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada X3 "xxxx" KB ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu X3 zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

22. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər.

23. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 22402,44 manat əsas, 3163,88 manat faiz borcu, 1346,67 manat cərimə borcu olmaqla, cəmi 26912,99 manat borcu vardır.

24. Məhkəmə araşdırması zamanı cavabdeh X3 yazılı vəsatəti nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 9/3689 nömrəli rəydən görünür ki, kredit müqaviləsi üzrə X3 “X6” ASC olan borcu xx.xx.2024-cü il tarixə (bildiriş göndərilən tarixə) əsas borc üzrə 22395,91 AZN, faiz borcu üzrə 1521,61 manat məbləğində müəyyən edilmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

27. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

28. Məhkəmə ekspert rəyini nəzərə alaraq, iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, cavabdehlərdən 22395,91 manat əsas, 1521,61 manat (bildiriş göndərilən xx.xx.2024-cü il tarixinə) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır.

30. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1346,67 manat məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467)

Məhkəmə xərcləri:

31. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün “X6” ASC tərəfindən 170,74 manat dövlət rüsumu ödənilmişdir.

32. Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli 9/3689 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

33. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 170,74 manat dövlət rüsumunun 15,84 manatı iddiaçıya, 154,9 manatı cavabdehlərə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 9,27 manatı iddiaçıdan, 90,73 manatı cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticə:

34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X2 və Haciyev Rövşən Məmməd oğlundan müştərək qaydada iddiaçı “X6” ASC-nin xeyrinə 22395,91 manat əsas, 1521,61 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 24417,52 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 154,9 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 15,84 manatı iddiaçı “X6” ASC-yə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 90,73 manatı cavabdehlər X2 və Haciyev Rövşən Məmməd oğlundan müştərək qaydada və 9,27 manatı iddiaçı “X6” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər X2 və Haciyev Rövşən Məmməd oğlundan müştərək qaydada iddiaçı “X6” ASC-nin xeyrinə 22395,91 manat əsas, 1521,61 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 24417,52 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 154,9 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 15,84 manatı iddiaçı “X6” ASC-yə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 90,73 manatı cavabdehlər X2 və Haciyev Rövşən Məmməd oğlundan müştərək qaydada və 9,27 manatı iddiaçı “X6” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar