Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2096/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsil” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, İddia tələbi:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 103.95 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 284.35 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının 15 dekabr 2022-ci il tarixli UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 81 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Sabunçu rayonu, A.ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2018-ci il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2021-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2021-ci il tarixində borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9109 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2022-ci il tarixə qədər olan müddət 315 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 103 manat 95 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyniməzmunlu ifadə verdi və iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. 2018-2021-ci illərdə müqavilə bağlayaraq “KATV1” kabel şəbəkəsinə qoşulmuşlar. İddiaçıya borcu olmayıb, hətta depozitdə 5 manat məbləğində pul da qalıb. Həmin mənzildə 2020-ci ildən yaşayış yoxdur. Onlarla əlaqə saxlayaraq həmin evdə yaşayış olmadığını, kabel şəbəkəsini ayırmalarını bildirmişdir. Başqa evdə yaşayır mənzildə bir soyuducu işləyir. Arada bir gəlib mənzilə baş çəkib gedirlər. Yaşayış olmayan evdə “KATV1” kabel şəbəkəsinə qoşulmağın mənası yoxdu. İddianın təmin edilməməsini xahiş etdi.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, cavabdeh və ailəsi Sabunçu qəsəbəsi, Sülh küçəsində 2021-ci ilin yanvar-fevral ayından yaşamırlar. 2021-ci ildə o, şəxsən gedib cavabdehin M.Əcəmi metro stansiyasının yanında yerləşən filialına bildirdi ki, həmin evdə yaşamayacaqlar və qoşulmanın ləğv edilməsini xahiş etmişdi. Cavabdehin valideynləri ağır xəstə idi, ona görə başqa evə köçməli oldular, depozitdə 5 manat pul da qaldı. M.Əcəmi metro stansiyasının yanında yerləşən filialda ona ləğv etmə barədə arayış verilməsini xahiş etsə də, ona bildirdilər ki, şifahi dedi kifayət edir. Cavabdeh yaşadığı evdə də “KATV1” kabel şəbəkəsinə qoşulmuşdur və ödənişi vaxtında edir.
İş materialları:
6. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “xidmətlərin göstərilməsi”nə dair müqaviləyə əsasən müəyyən olunur ki, həmin müqaviləyə əsasən İddiaçı MMC müqavilənin qüvvədə olduğu müddətdə özünəməxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsi, aradan qaldırmasını və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını və digər xidmətlərin göstərilməsini "xxxx" MMC-yə sifariş vermişdir. Müqavilə 5 il müddətinə bağlanmışdır.
7. Ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə 150 manat ödəniş etmişdir.
8. xx.xx.2022-ci il tarixli, 9109 nömrəli İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 001 saylı müqavilə əsasında İddiaçı MMC-yə hüquqi xidmət göstərən hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşlarının iştirakı ilə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döydüklərini və nəticədə mənzilin qapısının açan olmadığı qeyd olunmuşdur.
9. 81 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 4 Cavabdeh məxsusdur. Lakin o, 2021-ci ilin yanvar ayından hal-hazıradək orada yaşamır.
10. "xxxx" ASC-nin abonent saldosundan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh məxsusdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 15,36 manat dəyərində enerji istehlak olunmuşdur.
11. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “KATV1 kabel televiziyası xidmətinin göstərilməsi”nə dair müqaviləyə əsasən xx.xx.2018-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2021-ci il tarixinədək isə son ödənişi etmiş və xx.xx.2021-ci ildə borcsuz şəbəkədən ayrılmışdır.
12. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı MMC-nin “K@TV1” Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixindək 9 manatdır, xx.xx.2015-ci tarixindən etibarən 10 manat təşkil edir və eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır.
13. 15.05.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" hüquq firması ilə İddiaçı MMC arasında bağlanmış “hüquqi xidmətin göstərilməsi” müqaviləsinə əsasən, İddiaçı MMC Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi, ev 11 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 22 saylı mənzilinin “K@TV1” kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edildiyini iddia edir. Mənzil Cavabdeh mülkiyyətindədir. İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə şəbəkədən borcsuz ayrıldığını bildirib və xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2022-ci il tarixə qədər iddiaçının göstərdiyi kabel televiziyası xidmətlərindən müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində istifadəyə görə ona dəymiş ziyanın ödənilməsi tələbini irəli sürmüşdür. Cavabdeh 2021-ci il tarixdən qeyd olunan mənzildə yaşamadığını bildirdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
19. İddiaçı cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanına baxış keçirmişdir və qanunsuz qoşulma aşkar olunması barədə xx.xx.2022-ci il tarixdə akt tərtib etmişdir. İddiaçı tərəfindən cavabdehin xx.xx.2021-ci il tarixdə şəbəkədən borcsuz ayrıldığı barədə arayış təqdim olunmuşdur. Hazırda xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2022-ci il tarixədək iddiaçının göstərdiyi kabel televiziyası xidmətlərindən müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində istifadəyə görə ona dəymiş ziyanın ödənilməsi tələbini irəli sürmüşdür.
20. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
22. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
23. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri çıxış edir.
24. Belə ki, işin tədqiq edilən hallarından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı olan maddi ziyanın ödənilməsinə dair iddia tələbi tərəflər arasında mövcud olan hər hansı müqavilə münasibətlərinə əsaslanmayıb, cavabdehin iddiaçının göstərdiyi kabel televiziyası xidmətlərinə qanunsuz qoşulması nəticəsində cavabdehə zərər vurulmasından irəli gəlir.
25. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.
28. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
29. Belə ki, iddiaçı onun göstərdiyi kabel televiziyası xidmətlərinə qanusuz qoşulma əməlində Cavabdeh təqsirli olmasını, zərər vurulmasını, zərərin həcmini və zərərlə cavabdehin əməli arasında səbəbli əlaqəni sübuta yetirə bilməmişdir.
30. Məhkəmə qeyd edir ki, iddiaçı onun göstərdiyi kabel televiziyası xidmətlərinə qanunsuz qoşulma nəticəsində ona 253.95 manat zərər vurulduğunu bildirməsinə baxmayaraq bunu sübut edə bilməmişdir.
31. İddiaçı ona 253.95 manat zərərin vurulması ilə bağlı tələbini cavabdehin borcsuz şəbəkədən ayrıldığı xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2022-ci il tarixə qədər olan 315 gün müddətinə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaqla əsaslandırsa da ona dəyən zərəri sübut edə bilməmişdir.
32. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
33. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 9109 nömrəli aktın surətindən və videoçəkilişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi, ev 11 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və qapının bağlı olduğu müəyyən edilmişdir. Həmçinin videogörüntüdən görünür ki, mənzilin qapısına vurulan qəbzdən məlum olur ki, mənzildə yaşayış yoxdur.
34. Məhkəmə qeyd edir ki, şahid ifadəsindən, məhkəməyə təqdim edilmiş aktdan və abonentin saldosundan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzildə yaşayış yoxdur. CD diskdə olan video görüntüdən də məlum olur ki, qapını açan olmur. Odur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində həmin mənzildə yaşayış olmadığından iddia tələbi əsassızdır və təmin edilə bilməz.
35. Bundan başqa videogörüntüdən görünür ki, şəbəkəyə qoşulmaq üçün qoyulmuş paylayıcı qurğu pilləkan qəfəsində yerləşir və istənilən şəxs həmin kabeli birləşdirə və ya ayıra bilər. Şəbəkədən ayrılan zaman iddiaçı tərəfindən hər hansı plomb və ya qoşulma üçün maneə qoyulmamışdır.
36. Məhkəmə iş materiallarını və iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, hazırki mülki işin hallarına yuxarıda qeyd edilən normaları tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun iddia etdiyi faktların təsdiqini tapması üçün kifayət etmir. Belə olan halda, iddia tələbi əsassızdır və rədd edilməlidir.
Məhkəmə baxışının hədləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Nəticə :
38. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:
İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova