Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2105/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borc” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC (indiki "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 5067,12 (beş min altmış yeddi manat on iki qəpik) AZN, kredit üzrə faiz borcunun məbləği 2488,72 (iki min dörd yüz səksən səkkiz manat yetmiş iki qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 127,53 (bir yüz iyirmi yeddi manat əlli üç qəpik) AZN olmaqla, cəmi 7683,37(yeddi min altı yüz səksən üç manat otuz yeddi qəpik) AZN məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 97 (doxsan yeddi) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “PSG X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı "PSG X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə Cavabdeh arasında 20 noyabr 2020-ci il tarixli, 2540 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 20 (iyirmi) % olmaqla, 11000 (on bir min) AZN məbləğdə kredit verilib. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, cavabdehin 20 noyabr 2020-ci il tarixli, 2540 nömrəli kredit müqaviləsi üzrə kredit borcu: kredit üzrə əsas borcun məbləği 5067,12 (beş min altmış yeddi manat on iki qəpik) AZN, kredit üzrə faiz borcunun məbləği 2488,72 (iki min dörd yüz səksən səkkiz manat yetmiş iki qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 127,53 (bir yüz iyirmi yeddi manat əlli üç qəpik) AZN olmaqla, cəmi 7683,37(yeddi min altı yüz səksən üç manat otuz yeddi qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanıb (bildiriş məktubları və onların cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Buna baxmayaraq, cavabdeh hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb.
İş materialları:
3. "PSG X2 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 11000 manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürüb.
4. İddiaçı "PSG X2 Kredit Təşkilatı” MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-cü il tarixə kredit müqaviləsi üzrə 5067,12 manat əsas, 2488,72 manat faiz borcu, 127,53 manat cərimə borcu olmaqla, cəmi 7683,37 manat borcu vardır.
5. "PSG X2 Kredit Təşkilatı” MMC-nin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh, 7683,37 manat borcun 5 gün müddətinə ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunub;
6. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "PSG X2 Kredit Təşkilatı” MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 97 manat dövlət rüsumu ödənilmişdir.
7. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/6050 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2540 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixinə (müqavilə müddətinə) banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən əsas borc üzrə 5530,98 manat, faiz borcu üzrə 1941,74 manat. Tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2540 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixinə (maliyyə arayışı tərtib edilən tarixə) banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən əsas borc üzrə 5530,98 manat, faiz borcu üzrə 2522,49 manat.
Tərəflərin izahatları:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır.
9. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
İşin faktiki halı:
10. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya əsas, faiz və cərimə borcunun olması hazırki mülki işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
15. İş materiallarından (müqavilə, ödəniş qrafiki) müəyyən olunur ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 11000 manat məbləğində nağd kredit verilib, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməyib.
16. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir.
19. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 5067,12 manat əsas, 2488,72 manat faiz borcu, 127,53 manat cərimə borcu olmaqla, cəmi 7683,37 manat borcu vardır.
20. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli 9/6050 nömrəli rəydən görünür ki, hesabdan çıxarış məlumatları və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2540 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixinə (müqavilə müddətinə) banka əsas borcu 5530,98 manat, faiz borcu 1941,74 manat məbləğində müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
22. Məhkəmə ekspert rəyini nəzərə alaraq, iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, Cavabdeh 5067,12 manat əsas, 1941,74 manat (müqavilə müddətinin sonuna olan) faiz borcu, 127,53 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
23. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən 97 manat dövlət rüsumu ödənilmişdir.
24. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 9/6050 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
25. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 97 manat dövlət rüsumunun 7 manatı iddiaçıya, 90 manatı Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 7 manatı iddiaçıdan, 93 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Nəticə:
26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 5067,12 manat əsas, 1941,74 manat faiz borcu, 127,53 manat cərimə borcu olmaqla, cəmi 7136,39 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 7 manatı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 93 manatı Cavabdeh və 7 manatı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 5067,12 manat əsas, 1941,74 manat faiz borcu, 127,53 manat cərimə borcu olmaqla, cəmi 7136,39 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 7 manatı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 93 manatı Cavabdeh və 7 manatı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva