Məhkəmə qərarları › İş №e-2(007)-2128/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2128/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2128/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırdı ki,Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanıb.Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu İsmayıl Məmmədov küçəsi 15 saylı evin 66 saylı mənzilinin alıcı Cavabdeh 56400 manat qiymətinə satılması razılaşdırılıb. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1400 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 55000 manat məbləği 36 ay müddətinə, hər 6 ayda bir dəfə olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür.Lakin alıcı tərəfindən yalnız 1400 manat ilkin ödəniş olub.Qalan məbləğlər ödənilməyib.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılıb.Həmin şərtlər əsasında tərəflər arasında Bakı şəhəri 53 saylı notariat ofisində razılıq əldə olunub.Lakin Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib, ödəməli olduğu məbləği Banka ödəməyib. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir.Tərəflər arasında bağlanan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.Cavabdeh xx.xx.2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilib, bildirişdə borcun ödənilməsi, öhdəliyin icra edilməyəcəyi təqdirdə nisyə alqı-satqı müqaviləsinin ləğvi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilib.Elektron Notariat Avtomatlaşdırmış İnformasiya Sistemi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsi 15 saylı evin 66 saylı mənzilində Cavabdeh və yekinlik yaşına çatmayan X4, X5 qeydiyyatdadır. Qeyd edilənlərə əsasən Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu İsmayıl Məmmədov küçəsi 15 saylı evin 66 saylı mənzilindən X2 çıxarılması,mənzilin boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi,ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu İsmayıl Məmmədov küçəsi 15 saylı evin 66 saylı mənzilinə İddiaçı QSC-nin xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı QSC ilə X4 arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSC mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu İsmayıl Məmmədov küçəsi 15 saylı evin 66 saylı mənzili alıcı X1. Həmin müqavilənin 4-cü bəndinə əsasən mənzil 56400 manata satılmışdır Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 1400 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 55000 manat məbləği 36 ay müddətinə, hər 6 ayda bir dəfə olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Ödəniş qəbzlərindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu, ödəmişdir. Cavabdehə ünvanlanmış bildirişin məzmunundan görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada alqsatqı müqaviləsi bağlanmış,iddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan mənzili 1400 manat ilkin ödənişlə cavabdehə satmışdır.Cavabdeh pulun qalan hissəsini hissəhissə ödəmək barədə öhdəlik götürsə də, müqavilənin şərtlərinə əməl etməmiş,qalıq məbləğdən heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Bakı şəhəri, Nizami rayonu İsmayıl Məmmədov küçəsi 15 saylı evin 66 saylı mənzilindən X4 çıxarılmalı,mənzil boşaldıldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməli,ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. X4 Bakı şəhəri, Nizami rayonu İsmayıl Məmmədov küçəsi 15 saylı evin 66 saylı mənzilindən çıxarılsın. Mənzil boşaldıldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulsun Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar