Məhkəmə qərarları › İş №e-2(007)-2138/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2138/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2138/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 23000 (iyirmi üç min) manat məbləğində pulun, iki il müddətində öhdəliyin yerinə yetirilmədiyi üçün həmin məbləğin 15 faizinin, İddiaçı2 20000 (iyirmi min) manat məbləğində pulun, iki il müddətində öhdəliyin yerinə yetirilmədiyi üçün həmin məbləğin 15 faizinin və ödənilmiş 220 manat dövlət rüsumunun Cavabdeh tərəfindən iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil ərizə verərək, İddiaçı1 Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsi üzrə tələb edilən 23000 manat hissəsinə baxılmadan geri qaytarılmasını və artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(007)- 2138/2023 nömrəli qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması, iddia ərizəsinin verilməsinə görə İddiaçı1 tərəfindən ödənilmiş 220 manat dövlət rüsumundan 70 manat ("xxxx" ASC, VÖEN: **********, terminal nömrəsi: 531, PİN kod: **********330341, qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 11:44) dövlət rüsumu dövlət büdcəsindən qaytarılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh və onun biznes əlaqələri ilə sövdələşmələrinə əsasən faydalı iş qurub gəlir əldə etmək üçün İddiaçı1 43000 (qırx üç min) manat ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmanı rəsmiləşdirmək üçün xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində iki müqavilə bağlanılmışdır. Birinci müqaviləyə görə, İddiaçı1 Cavabdeh ünvan 1 ünvanla 103 nömrəli mənzil) olan mənzilin ilkin alqı-satqı müqaviləsinə əsasən notariusun bankda açılan depozit hesabı vasitəsilə 23000 (iyirmi üç min) manat ödəmişdir. Müqavilənin şərtlərinə görə alıcı xx.xx.2021-ci il tarixədək rəsmiləşdiriləcək əsas alqı-satqı müqaviləsi bağlanan zaman razılaşdırılmış qiymətin qalan hissəsini ödəməyi, satıcı isə mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. İkinci müqaviləyə görə, İddiaçı1 dostu İddiaçı2 vasitəsilə Cavabdeh 20000 manat məbləğində pulu borc vermişdir. Müqavilənin şərtlərinə görə Cavabdeh xx.xx.2021ci il tarixədək borcu qaytarmalı idi. Lakin planlaşdırılmış işlərin baş tutmadığı bəlli olduqda, Cavabdeh pulların qaytarılması tələb olunmuşdur. Qeyd olunan tarixlərdə cavabdeh hər iki müqavilənin şərtlərini pozaraq mənzili satmaqdan imtina etmiş, ilkin alqı-satqı müqaviləsinə əsasən notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilmiş 23000 (iyirmi üç min) manatı və kredit müqaviləsi ilə götürdüyü 20000 (iyirmi min) manatı qaytarmamışdır. Həmin vəsaitlərin qaytarılması dəfələrlə tələb edilsə də, cavabdeh bu günə kimi pulu qaytarmaqdan yayınır. Artıq pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı2 ilə Cavabdeh arasında 14 saylı Notariat Ofisində bağlanmış 15 dekabr 2020-ci il tarixli “kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı2 20000 manat məbləğində pulu Cavabdeh vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” 20000 manat məbləğində pulu xx.xx.2021-ci il tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı2 tərəfindən 219 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 15 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Yusifov X1 Aynur Rauf qızına 20000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borc pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəliyə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı2 ilə bağladığı 15 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmişdir və müəyyən olunmuş vaxtda borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iddia tələbinin “iki il müddətində öhdəliyin yerinə yetirilmədiyi üçün həmin məbləğin 15 faizinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan plenum qərarından görünür ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, belə olan halda qanunvericilik kreditora borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ verir. Lakin 15 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin 3-cü bəndindən görünür ki, tərəflər kreditin faizsiz verilməsinə şərtləşmişlər. Demək ki, iddiaçı faiz əldə etmək niyyəti olmadan borcluya 20000 manat vermişdir. Bu səbəbdən iddiaçı Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış dəbbə pulunu tələb etməkdə haqlı deyildir. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat məbləğində pul və ödənilmiş 150 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat məbləğində pul və ödənilmiş 150 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar