Məhkəmə qərarları › İş №e-2(007)-2138/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2138/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2138/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7000,13 manat məbləğində əsas borcun, 617,6 manat məbləğində faiz borcunun, 426,4 manat məbləğində cərimə borcunun cəmi 8044,13 manat borcun və 103 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 15% olmaqla 14000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, əsas və faiz borcuna razı olduğunu, cərimə borcu ilə razı olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, Bank tərəfindən ona məhkəməyə müraciət edilmədiyi bildirilmişdir. O, krediti götürəndə hərbçi olmuş, krediti dostu işləmədiyinə görə dostu üçün götürmüş, digər banklar kredit vermədiyi halda İddiaçı ASC-də ona köməklik edilərək kredit verilmişdir. Hal-hazırda onun gəliri yoxdur, hərbi hissədən ehtiyata buraxılmışdır. Krediti götürüb verdiyi dostu ilə danışmış, o da ayda 200 manat ödəyə biləcəyini bildirmişdir. Hal-hazırda dostu işləyir. Dostu bu ilin may ayının 17-də 250 manat ödəmişdir, qəbz də özündədir. Tərəflərindən ödəniş üçün yeni qrafik müəyyən edilməsinə görə Banka yaxınlaşılmış, Bankdan isə onlara ancaq 1500 manat ödəniş edildikdən sonra ödəniş üçün yeni qrafik verə biləcəkləri deyilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı elektron qaydada ərizə verərək məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq,iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/71886/88/18 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 15% olmaqla 14000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 7000,13 manat əsas borc, 617,60 manat faiz borc, 426,40 manat cərimə borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizi (xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə), yəni 617,60 manat faiz borcunu tələb etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 739.3-cü, 742.1-ci, 448.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 350 manat cərimə borcu tutulmaldır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 7000,13 manat əsas borc, 617,60 manat faiz borc, 350 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7967,73 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 103 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7000,13 manat əsas borc, 617,60 manat faiz borc, 350 manat cərimə borcu olmaqla, ümumilikdə 7967,73 manat məbləğində borcun və 103 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar