Məhkəmə qərarları › İş №e-2(007)-214/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-214/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-214/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka dəymiş zərərin ½ hissəsinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka dəymiş zərərin ½ hissəsinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3988/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 12 iyun 2012-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat Şöbəsində 166 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Birgə nikah dövründə müxtəlif daşınar və daşınmaz əmlaklar əldə edilmişdir. Bundan başqa birgə nikah dövründə əldə edilmiş əmlakların aralarında bölünməsinə dair də razılıq əldə edilmədiyi üçün Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-199/2023 saylı xx.xx.2023-cii il tarixli qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 3 saylı küçəsində inşa edilmiş bina 4, mərtəbə 4, ümumi sahəsi 73,4 kv.metrdən ibarət 2 otaqlı 16 saylı mənzil üzərində Cavabdeh və İddiaçı hər birinin ½ hissədə payları tanınması qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən “Toyota Prius” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı, «BMW 535İ» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri əldə edilmiş və özgəninkiləşdirilmişdir. “BMW 535İ”markah **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə cavabdeh tərəfindən qoza nəticəsində çıxdaş olaraq mülki dövriyyədən çıxarılmışdır. Həmin nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilmişdir. Lakin mülki dövriyyədə olmayan nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edilmiş əmlaklaıa münasibət bildirən zamanı bölünməsi mümkün olmadığı üçün dəymiş zərərin ödənilməsi qaydasında tələb edilməsinə zərurəti yaranmışdır. «BMW 535İ» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə 30000 (otuz min) manata əldə edilmişdir. Bununla bağlı müvafiq sənədlər məhkəmənin hazırlıq iclasında təqdim ediləcəkdir. Göstərilənlərə əsasən, birgə nikah dövründə əldə edilmiş «BMW 535İ» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ½ hissəsi olan 15000 (on beş min) manatın və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi ifadəsində iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında olan nikah pozulmuş, birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı məhkəmə mübahisəsi də olmuşdur. Lakin birgə nikah dövründə əldə edilmiş əmlaklardan biri dövriyyədən çıxarılmışdır. Qəza nikah dövründə olmuşdur. Həmin avtomobilə dəymiş zərərin ½ hissəsi olan 15000 manat iddiaçının xeyrinə ödənilməlidir. Bunda görə də, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 tərəfindən “BMW 535İ minik” markalı, 2013-cü il buraxılışlı avtomobil 30000 manat dəyərinə alıcı Cavabdeh satılmışdır. -DİN tərəfindən verilmiş çıxarışdan görünür ki, “BMW 535İ minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına alqı-satqı müqaviləsi əsasında, xx.xx.2021-ci il tarixdə AE143387 saylı şəhadətnamə ilə qeydə alınmış, həmin avtomobil sonuncunun adından xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (Çıxdaş qeydiyyatdan çıxma). - xx.xx.2024-cü il tarixli BDYPİ-nin məktubunun surətindən görünür ki, 2013-cü il buraxılışlı “BMW 535İ minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospektində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. -xx.xx.2024-cü il tarixli, MŞB/6-01359 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-199/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 3 saylı küçəsində inşa edilmiş bina 4, mərtəbə 4, ümumi sahəsi 73.4 kv.metrdən ibarət 2 otaqlı 16 saylı mənzil üzərində Cavabdeh və İddiaçı hər birinin ½ hissədə payları tanınmış, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 135 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, tərəflərin arasında bağlanmış nikah məhkəmənin xx.xx.2021ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə, “BMW 535İ minik” markalı, 2013-cü il buraxılışlı avtomobil 30000 manata əldə edilərək, Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospektində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş, avtomobil xx.xx.2022-ci il tarixdə çıxdaş edilərək qeydiyyatdan çıxarılmışdır. Hazırda iddiaçı həmin əmlaka dəymiş zərərin ½ hissəsinin yəni 15000 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunanlarla müəyyən olundu ki, nikaha daxil olduqdan sonra tərəflər ümumi təsərrüfatı idarə etmişlər, iddia tələbində qeyd olunan əmlak İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonrakı müddətdə əldə edilmişdir. Lakin mübahisə predmeti olan əmlaka xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospektində baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində ziyan dəymiş, avtomobil xx.xx.2022-ci il tarixdə çıxdaş edilərək qeydiyyatdan çıxarılmışdır. Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 3 saylı küçəsində inşa edilmiş bina 4, mərtəbə 4, ümumi sahəsi 73.4 kv.metrdən ibarət 2 otaqlı 16 saylı mənzil üzərində Cavabdeh və İddiaçı hər birinin ½ hissədə payları tanınmışdır. Məhkəmə qeyd edir ki, avtomobilin xx.xx.2021-ci il tarixdə əldə edilməsi faktiki olaraq tərəflərin rəsmi nikah münasibətlərində olduğu dövrə təsadüf etsə də, onların həmin zaman birgə təsərrüfat aparması iş materiallarında olan sübutlarla təsdiq edilmir. Məhkəmə Aktlarının Elektron bazasından və Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, tərəflər arasında olan nikah rəsmi olaraq Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3988/2021 saylı qətnaməsi ilə pozulsa da, İddiaçı bundan qabaq nikahın pozulması tələbi ilə xx.xx.2020-ci il tarixdə və alimentin təyin edilməsi tələbi ilə isə xx.xx.2021-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, onun nikahın pozulması ilə bağlı tələbi 2(005)-3929/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, alimentin təyin edilməsi ilə bağlı tələbi isə 2(005)-2394/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi imzalanmadan təqdim edildiyi üçün geri qaytarılmışdır. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən məhkəməyə müraciət etmiş, nikahın pozulmasını, alimentin təyin edilməsini məhkəmədən xahiş etmiş və bu iddia tələbi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3988/2021 saylı qətnaməsi qəbul edilmişdir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarında qeyd edilmişdir ki, “...Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.” Məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarını, habelə yuxarıda göstərilən digər halları nəzərə alaraq nəzərə alaraq qeyd edir ki, mübahisə predmeti olan, xx.xx.2021-ci il tarixdə əldə edilmiş, yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2022-ci il tarixdə çıxdaş edilərək qeydiyyatdan çıxarılmış “BMW 535İ minik” markalı, 2013-cü il buraxılışlı avtomobilin ər-arvadın birgə təsərrüfat apardığı dövrdə əldə edilməsi iş materiallarında olan sübutlarla sübuta yetirilmir. Belə ki, məhkəmə analoji olaraq nikahın pozulmasına dair işlərlə bağlı təcrübəsinə əsasən qeyd edir ki, tərəflər arasında olan nikah münasibətləri əvvəlcə qeyri-rəsmi olaraq başa çatır və bundan sonra tərəflərdən biri nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə mübahisə predmeti olan avtomobilin iddiaçının nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməsindən yalnız bir ay əvvəl əldə edildiyini, həmin vaxt aralığında iddiaçının təkrarən məhkəməyə münasibətlərin pozulması ilə bağlı müraciətlər etdiyini, həmin vaxt faktiki ailə münasibətlərinin mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka dəymiş zərərin ½ hissəsinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 manat dövlət rüsumu İddiaçı tələb etmədiyindən onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka dəymiş zərərin ½ hissəsinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar