Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2211/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun tutulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18000 manat məbləğində əsas bоrc və 1378,06 manat faiz borcu оlmaqla, cəmi 19378,06 manat borcun və 148,14 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07 noyabr 2024-cü il tariхli, 101804-867924/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 18000 manat məbləğində krеdit vеrilib. Borcalan əsas öhdəliyi lazımınca icra etməyib və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzub. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməyib. 01 may 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 18000 manat məbləğində əsas bоrc və 1378,06 manat faiz borcu оlmaqla, cəmi 19378,06 manat məbləğində kredit bоrcu yaranıb. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməyib və nəticədə gecikdirilmiş kredit yaranıb. Bеləliklə, krеdit müqaviləsi üzrə öhdəliklər yеrinə yеtirilmədiyinə görə yaranmış borc cavabdеhdən tutulmalıdır.
İş materialları:
3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 101804- 867924/1 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddəsinə, illik 19 faiz ödəmək şərti ilə 18000 manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürüb.
4. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 18000 manat əsas, 1378,06 manat faiz borcu olmaqla, cəmi 19378,06 manat borcu vardır.
5. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh, 18000 manat əsas, 616,22 manat faiz, cəmi 18616,22 manat borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunub.
6. xx.xx.2025-ci il tarixli **********05 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 148,14 manat dövlət rüsumu ödənilmişdir.
7. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/3860 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 101804-867924/1 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2025ci il tarixə (2-ci sualda soruşulan tarixə) və xx.xx.2025-ci il tarixə (1-ci sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. O cümlədən: xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə): əsas borc üzrə 18.000 manat, faiz borcu üzrə 612,50 manat. xx.xx.2025-ci il tarixə (1-ci sualda soruşulan tarixə): əsas borc üzrə 18.000 manat; faiz borcu üzrə 1.363 manat. Ekspert qarşısında qoyulmuş 3-cü suala cavab olaraq bildirilir ki, cavabdeh tərəfindən ödənilmiş pul vəsaitlərinin əsas və faiz borclarına yönəldilməsi zamanı iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilmişdir və ödənişlərin əsas və faiz borclarına silinməsi düzgün həyata keçirilmişdir. Hazırki tədqiqatla iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli 101804-867924/1 saylı kredit müqaviləsinin şərtləri üzrə faiz borcuna artıq silinmələr müəyyən edilmədi.
Tərəflərin izahatları:
8. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklər. Həmçinin, məlumat üçün bildirirlər ki, borclu ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
10. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır.
İşin faktiki halı:
11. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya əsas və faiz borcunun olması hazırki mülki işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
16. İş materiallarından (müqavilə, ödəniş qrafiki) müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 101804-867924/1 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 18000 manat məbləğində nağd kredit verilib, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməyib.
17. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdeh müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 18000 manat əsas, 1378,06 manat faiz borcu olmaqla, cəmi 19378,06 manat borcu vardır.
21. Məhkəmə araşdırması zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 9/3860 nömrəli rəydən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC olan borcu xx.xx.2025-ci il tarixə (bildiriş göndərilən tarixə) əsas borc üzrə 18000 AZN, faiz borcu üzrə 612,50 manat məbləğində müəyyən edilmişdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
24. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
25. Məhkəmə ekspert rəyini nəzərə alaraq, iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, cavabdehdən 18000 manat əsas, 612,50 manat (bildiriş göndərilən xx.xx.2025-ci il tarixinə) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
26. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 148,14 manat dövlət rüsumu ödənilmişdir.
27. Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli 9/3860 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
28. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 148,14 manat dövlət rüsumunun 5,84 manatı iddiaçıya, 142,3 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 4 manatı iddiaçıdan, 96 manatı cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Nəticə:
29. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 101804-867924/1 saylı kredit müqaviləsi üzrə 18000 manat əsas borc və 612,50 manat faiz borcu olmaqla, cəmi 18612,5 manat borc və ödənilmiş 142,3 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 5,84 manatı İddiaçı ASC-yə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 96 manatı Cavabdeh və 4 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, 101804-867924/1 saylı kredit müqaviləsi üzrə 18000 manat əsas borc və 612,50 manat faiz borcu olmaqla, cəmi 18612,5 manat borc və ödənilmiş 142,3 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 5,84 manatı İddiaçı ASCyə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 96 manatı Cavabdeh və 4 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva