Məhkəmə qərarları › İş №e-2(007)-2250/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2250/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2250/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun tutulması”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4753.6 manat əsas, 517.99 manat faiz, 220.23 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5491.82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 74.92 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 16% olmaqla 8500 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 6 may 2025ci il tarixinə "xxxx" KB ASC-yə 4753.6 manat əsas, 517.99 manat faiz, 220.23 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5491.82 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

İş materialları :

3. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi ilə tanış olmuş, onun bütün şərtləri ilə razılaşaraq bütün öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməyi öhdəsinə götürmüşdür.

4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş proqramdan elektron çıxarılmış arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixində Cavabdeh 16046nkNFTb/22 nömrəli kredit xətti açılmışdır. Cavabdehə xx.xx.2026-cı il tarixədək, illik 16% faiz dərəcəsi, 8500 manat kredit xətti açılmışdır. Aylıq ödəniş 299 manat təşkil etmişdir.

5. İddiaçı "xxxx" KB ASC tərəfindən təqdim edilən 06 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh16046nkNFTb/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 4753.6 manat əsas, 517.99 manat faiz, 220.23 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5491.82 manat borcu vardır.

6. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə 4753.6 manat əsas, 329.28 manat faiz, 77.59 manat cərimə borcu olmaqla, cəmi 5160.47 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/4035 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli, 16046nkNFTb/22 saylı kredit müqaviləsində qeyd olunan şərtlən nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixə olan borcu 5.069,96 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 4749.33 manat, faiz borcu üzrə 320.63 manat təşkil edir. Qeyd: Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 01 mart 2023-cü il tarixli, 16046nkNFTb/22 №-li kredit müqaviləsində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz manat) təşkil etmişdir.

9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 74.92 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək məhkəmədən işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

12. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 16046nkNFTb/22 saylı kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehə 8500 manat məbləğində kredit xətti açılması və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin pozulması, lazımi qaydada yerinə yetirilməməsi və nəticədə iddiaçıya borcun yaranması hazırki mülki işin mübahisəsiz halıdır.

12. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 16046nkNFTb/22 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. İşin faktiki halı odur ki, iddiaçı "xxxx"KB ASC ilə Cavabdeh arasında Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, 16046nkNFTb/22 saylı kredit müqaviləsi bağlanmışdır.

19. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 16046nkNFTb/22 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, hər ay 299 manat ödəmək şərtilə 8500 manat məbləğində kredit xətti açılmışdır.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.2, 299.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 729.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

21. İşin müəyyən edilmiş halı odur ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilərək cavabdehə müqavilə şərtlərinə uyğun kredit verilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun kreditor qarşısında icra edilməmiş kredit öhdəliyi vardır. Belə olan halda, iddiaçı "xxxx"KB ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

22. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi nəicəsində iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir.

23. Belə ki, iddiaçı "xxxx"KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada ləğv edilmişdir.

24. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

25. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

26. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

27. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

28. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edildiyi tarixə xx.xx.2023-cü il tarixli, 16046nkNFTb/22 saylı kredit müqaviləsi üzrə əsas borc məbləği 4753.6 manat, faiz borcu 329.28 manat və cərimə 77.59 manat təşkil etmişdir.

29. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/4035 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixinə kredit müqaviləsi üzrə əsas borc məbləği 4749.33 manat, faiz borcu 320.63 manat təşkil etmişdir.

30. Belə olan halda məhkəmə qeyd edir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hal müəyyən edilmədiyindən, ekspert rəyinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 4749.33 manat, faiz borcu 320.63 manat pul vəsaiti tutulmalıdır.

31. Məhkəmə iddiaçın tərəfindən irəıli sürülən cavabdehdən 220.23 manat cərimə tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edildiyi vaxtdan sonra iddiaçı cərimə hesablamaqda haqlı olmamışdır.

32. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 77.59 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

33. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

Məhkəmə xərcləri :

34. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı "xxxx" KB ASC ödənilmiş 70.8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə qeyd edir ki, keçirilmiş ekspertiza tədqiqatı nəticəsində iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcun hesablanması ilə ekspert rəyi arasında ciddi fərq olmadığından, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

Nəticə :

36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən bağlanmış xx.xx.2023-cü il tarixli 16046nkNFTb/22 saylı kredit müqaviləsi üzrə 4749.33 manat əsas borc, 320.63 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 5079.96 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70.8 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan 4749.33 manat əsas borc, 320.63 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 5079.96 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70.8 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 100 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar