Məhkəmə qərarları › İş №e-2(007)-2260/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2260/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2260/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4 Novruz oğluna, Cavabdeh3 Novruz qızına və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4 Novruz oğluna, Cavabdeh3 Novruz qızına və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış MK/68217/77/3 saylı, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən xeyirlərinə həmin Kredit müqaviləsi üzrə 10306,55 manat əsas borcun, 1864,03 manat faiz və 388,6 manat cərimə borcunun, cəmi 12559,18 manat borcun və tərəflərindən ödənilmiş 128 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh- Cavabdeh1 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Novruz qızının mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində bağlanılmış L034/2020/3 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində MK/68217/77/3 saylı, xx.xx.2020-ci il tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 24 faiz olmaqla 12000 (on iki min) manat kredit verilmişdir. Bu kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə “Bank” arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanı Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış MK/68217/77/3 saylı Kredit Müqavilələrinin təminatı qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** N:li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəh, Nizami ray, Məmmədəli Şərifli küç, 2524 Məh., ev 1, mənzil 73 Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hüquqları müvafiq olaraq ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış «Kredit müqavilə»sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, cavabdeh tərəfindən məhkəmə prosesi gedişatında heç bir ödəniş edilməmişdir. Hazırda aralarında barışıq yoxdur və onlar əmlakın qiymətləndirilməsi barədə rəylə razıdırlar. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdiyini, cərimə məbləğini qəbul etmədiyini, faiz məbləğlərinin iddia tələbi məhkəməyə gec verildiyi üçün şişirdildiyini, əsas borcun 3-5 ilə bölünməsini və onu elə ödəyə biləcəyini qeyd etdi. O həmçinin qeyd etdi ki, onda ödənişlərdə gecikmə olmuş, gecikmənin səbəbi atasının insult keçirməsi, bununla bağlı Naxçıvana getməsi, işdən çıxması olmuş və ona görə ödənişləri edə bilməmişdir. 2021-ci il tarixdə onun özü də COVİD xəstəliyi keçirsə də ödənişləri edirdi. Bankla da gedib danışacaq və ödəniş qrafikinin açılmasını istəyəcək. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 Novruz oğlu, Cavabdeh3 Novruz qızı məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L034/2020/3 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində MK/68217/77/3 saylı, xx.xx.2020-ci il tarixli Kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24% faiz ödənilmək şərti ilə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə ipoteka qoyan borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 Məhəllə, ev 1, 73 saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, m 12, m3) (ipotka predmeti 100000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə ozünün yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Lakin Cavabdeh1 müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 10306,55 manat əsas, 1864,03 manat faiz, 388,6 manat cərimə borcu olmaqla, cəmi 12559,18 manat məbləğində borcu vardır. Məhkəmə qərardadına əsasən “X3 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli rəyi ilə ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 Məhəllə, ev 1, mənzil 73 (yeni qaydalarla ünvan 3 ünvanının hazırkı bazar qiyməti təqribən 149.600,0 manat, likvid dəyəri 125.000,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 iddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2020-ci il tariхli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni və ona dair razılaşmanı əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə qeyd edir ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və ipoteka predmetinin hazırkı likvid dəyərinin 125.000 manat olması müəyyən edilmişdir. Belə olan halda, qiymətləndiricinin gəldiyi nəticə obyektiv, qərəzsiz və hərtərəfli hesab edilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndiricinin hesabat aktında göstərilənlər əsas götürülməlidir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh1 ona məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 Məhəllə, ev 1, 73 saylı mənzilin (yeni qaydalarla ünvan 3 hərracda ilkin satış qiyməti 125.000 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Novruz qızı mənzildən çıxarılmalı və əmlak boşaldaraq banka təhvil verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış MK/68217/77/3 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 10306,55 manat əsas bоrc, 1864,03 manat faiz bоrcu, 388,6 manat cərimə bоrcu olmaqla, cəmi 12559,18 manat borc və ödənilmiş 128 manat dövlət rüsumunun əvəzi tutulmalı, tutma ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 Məhəllə, ev 1, 73 saylı mənzilə (yeni qaydalarla ünvan 3 yönəldilməli, mənzilin ilkin satış qiyməti 125.000 manat müəyyən edilməli və həmin mənzil açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Novruz qızı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 Məhəllə, ev 1, 73 saylı mənzildən (yeni qaydalarla ünvan 3 çıxarılmalı və mənzil boşaldılaraq banka təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh1 əmlakı qiymətləndirilməsi ilə bağlı 300 manat xərc məbləği tutularaq "X3 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış MK/68217/77/3 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 10306,55 manat əsas bоrc, 1864,03 manat faiz bоrcu, 388,6 manat cərimə bоrcu olmaqla, cəmi 12559,18 manat borc və ödənilmiş 128 manat dövlət rüsumunun əvəzi tutulsun. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 Məhəllə, ev 1, 73 saylı mənzilə (yeni qaydalarla ünvan 3 yönəldilsin. Mənzilin ilkin satış qiyməti 125.000 manat müəyyən edilsin və həmin mənzil açıq hərracdan satılsın. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. Satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Novruz qızı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 Məhəllə, ev 1, 73 saylı mənzildən (yeni qaydalarla ünvan 3 çıxarılsın və mənzil boşaldılaraq banka təhvil verilsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 300 manat xərc məbləği Cavabdeh1 tutularaq "X3 Mərkəzi” MMC-yə (Hesablaşma hesabı: “Paşa Bank" ASC, filial kodu: 505141, VÖEN: **********, H\H AZ30AZRT******************** SWİFT BİK:PAHAAZ22, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar