Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2263/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcunun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcunun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli SLG-112-0028-20 Kredit müqaviləsinin ləğv edilməsi, 371 (üç yüz yetmiş bir) AZN əsas kredit borcu, 106,02 (bir yüz altı manat, iki qəpik) AZN cərimə olmaqla, cəmi 477 (dörd yüz yetmiş yeddi manat, iki qəpik) AZN, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə cavabdeh X1 arasında bağlanmış 21 dekabr 202-ci il tarixli SLG-112-0028-20 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, 2315 (iki min üç yüz on beş) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 02 iyun 2022-ci il tarixinə 371 (üç yüz yetmiş bir) AZN əsas kredit borcu, 106,02 (bir yüz altı manat, iki qəpik) AZN cərimə olmaqla, cəmi 477 (dörd yüz yetmiş yeddi manat iki qəpik) AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli SLG-112-0028-20 saylı “Kart vasitəsilə kreditin verilməsinə dair” müqavilənin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh 12 ay müddətinə, 2315 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış gecikdirilən hər gün üçün cərimənin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş BOKT "xxxx" QSC-nin maliyyə arayışından görünür ki, Cavabdehnun 21 dekabr 2020-ci il tarixli SLG-112-0028-20 saylı müqavilə üzrə 371 manat əsas borcu, 106,02 cərimə, cəmi 477,02 borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh 21 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış gecikdirilən hər gün üçün faizləri və cərimələri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, kredit müqaviləsi üzrə 106,2 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 106,2 manat məbləğində cərimə borcu azaldılmalı və 30 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilməli, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli SLG-112-0028- 20 saylı kredit müqaviləsi ləğv edilməli, 21 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 371 manat əsas borc və 30 manat cərimə borcu olmaqla, cəmi 401 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh BOKT "xxxx" QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli SLG-112-0028-20 saylı kredit müqaviləsi ləğv edilsin. 21 dekabr 2020-ci il tarixli SLG-112-0028-20 saylı kredit müqaviləsi üzrə 371 manat əsas borc və 30 manat cərimə borcu olmaqla, cəmi 401 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2263/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2263/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver