Məhkəmə qərarları › İş №e-2(007)-2284/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2284/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2284/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 580 manat əsas borc, 60 manatın peniya olmaqla, ümumilikdə 640 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Telefon Mağazasının" satıcısı, o, İddiaçı Cavabdeh ilə 18 noyabr 2024-cü il tarixində 432 nömrəli nisyə mal satılması müqaviləsi bağlamışlar. 18 noyabr 2024-cü il tarixində 432 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən Cavabdeh "Redmi Note 13 Pro" markalı telefonu 10 aylıq kreditlə 580 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən, ilkin ödənişdə daxil olmaqla, heç bir ödəniş edilməmişdir. Hazırda qalan 580 manat borcu ödəməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğ də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyir ki, o, İddiaçı telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı, o, İddiaçı maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdeha tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. O, buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Həmçinin onu da qeyd edir ki, o, Əliyev X1 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 18 noyabr 2024cü il tarixində 432 nömrəli müqavilələrdən yaranan 580 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə gösərilən 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə olan dəbbə pulu olaraq 60 manat peniya və 30 manat dövlət rüsumunun da cavabdehdan alınıb ona qaytarılmasını istəyir.

İş materialları :

3. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 432 nömrəli müqavilədən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya ümumi məbləği 580 manat dəyərində “Redmi Note 13 Pro” markalı satmağı, alıcı müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2024-cü il tarixli, 432 nömrəli mal satınalması müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, cavabdeh ilkin ödəniş olmadan hər ayın 11-dən gec olmayaraq 10 ay (xx.xx.2024-xx.xx.2025) hər ay 58 manat olmaqla, cəmi 580 manat ödəniş etməlidir.

5. xx.xx.2024-cü il tarixli, 432 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh dəyəri 580 manat olan “Redmi Note 13 Pro” adlı məhsulu qüsursuz təhvil almışdır.

6. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli 432 nömrəli müqavilə üzrə Cavabdeh telefon mağazasına 580 manat əsas borc, 60 manat peniya olmaqla, ümumilikdə 640 manat borcu vardır.

7. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli 432 nömrəli nisyə mal satınalması müqaviləsi üzrə 580 ammant borcu yaranması, yaranmış borcu 5 gün ərzində ödəməsi əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə cavabdeh ilə “whatsapp” mobil tətbiqi vasitəsilə video görüntülü telefon əlaqəsi saxlanarkən o, iddianı qismən qəbul etdiyini, noyabr ayında iddiaçı ilə müqavilə bağladığını, əməliyyat keçirdiyi üçün hər şeyi tam xatırlamadığını, yadında qalan qədər 450 manat müqavilədə qeyd olunduğunu və iki dəfə 50 manat ödəniş etdiyini bildirmişdir.

İşin faktiki halları :

11. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2284/2025 saylı qərardadı ilə mülki işə iddia icraatında baxılması qərara alınmışdır.

12. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

18. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

19. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş olmadan cavabdeh 10 ay müddətinə (xx.xx.2024-xx.xx.2025) hər ay 58 manat ödəmək şərti ilə ümumi dəyəri 580 manat olan “Redmi Note 13 Pro” markalı telefonu satın almışdır.

20. Məhkəmə tərəfindən tədqiq edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

21. Belə ki, İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli 432 nömrəli müqavilə üzrə Cavabdeh telefon mağazasına 580 manat əsas borcu vardır.

22. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər(MM 600.4m).

23. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliyi icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2024-ci il tarixli müqavilə üzrə 580 manat məbləğində pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.

24. Cavabdeh iddia tələbini qismən qəbul edərək müqavilədə telefonun dəyərinin 450 manat olaraq müəyyən edildiyini, iki dəfə 50 manat ödəniş etdiyini bildirsə də, qeyd edilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmçinin İddiaçı Cavabdeh 60 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş etmişdir.

26. Tərəflər arasında bağlanılmış müqavilənin 3.3-cü bəndində nəzərdə tutulur ki, kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir.

27. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (MM 462.1; 465.2m).

28. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

29. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

30. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 60 manat hesablanmış cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Məhkəmə Xərcləri:

31. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

32. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2024-cü il tarixli, 432 saylı müqavilə üzrə 580 manat məbləğində əsas borc, 10 manat cərimə olmaqla, cəmi 590 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 580 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 590 (beş yüz doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar