Məhkəmə qərarları › İş №e-2(007)-2293/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2293/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2293/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh Zamin iştirakları ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Mirzəyev Nazim Nadir oğlu, Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3873.83 (üç min səkkiz yüz yetmiş üç manat 83 qəpik) AZN əsas, 1880.04 (bir min səkkiz yüz səksən manat 04 qəpik) AZN faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 68.04 (altmış səkkiz manat 04 qəpik) AZN faiz borcu olmaqla, cəmi 5821.91 (beş min səkkiz yüz iyirmi bir manat 91 qəpik) AZN borcun və iş üzrə ödənilmiş 78.22 (yetmiş səkkiz manat 22 qəpik) manat dövlət rüsumunun cavabdehlər Mirzəyev Nazim Nadir oğlu, Cavabdeh və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******NK100119-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 6000 (altı min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Mirzəyev Nazim Nadir oğlu və Zamin ilə Bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2019-cu il tarixdə zamin Mirzəyev Nazim Nadir oğlu vəfat etmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2021-ci il tarixli **********403 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5821.91 (beş min səkkiz yüz iyirmi bir manat 91 qəpik) AZN təşkil edir. Bundan 3873.83 (üç min səkkiz yüz yetmiş üç manat 83 qəpik) AZN əsas, 1880.04 (bir min səkkiz yüz səksən manat 04 qəpik) AZN faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 68.04 (altmış səkkiz manat 04 qəpik) AZN faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2020 tarixində 250 (iki yüz əlli) AZN məbləğində ödəniş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2293/2022 saylı qərardadı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanənətlərin Sığortalanması Fondunun cavabdehlər Mirzəyev Nazim Nadir oğluna, X3, Zamin qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkün olduğundan imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2293/2022 saylı qərardadının ləğv edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanənətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli iddia ərizəsi üzrə Mirzəyev Nazim Nadir oğlunun cavabdehlikdən azad edilməsi və cavabdehlərin sırasından çıxarılması, iddia ərizəsinin icraata qəbul edilməsi barədə müvafiq qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2293/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, Mirzəyev Nazim Nadir oğlu cavabdehlər sırasından çıxarıldığı üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2293/2022 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdehlər Cavabdeh və Zamin qarşı qaldırılan iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Zamin iddianı qəbul etmədiyini, borcun onun borcu olmadığını, müqavilə üzrə zamin olduğunu, bankdan pulu Cavabdeh bacısının toyu üçün götürdüyünü, Rasimin dənizdə işlədiyini, ödəməyə pulu olduğunu, əvvələr bankın borcunu ödədiyini, lakin, bank bağlanandan sonra ödəmədiyini, digər zamin Mirzəyev Nazim Nadir oğlunun Ramizin atası olduğunu və rəhmətə getdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh atasının rəhmətə getdiyini, pandemiya olduğu üçün banka ödəniş edə bilmədiyini, hal-hazırda anasının xəstə olduğunu, bank yeni bir qrafik açsa ödənişlər edə biləcəyini bildirmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 25% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə Zamin arasında bağlanılmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, Zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuş və razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3873,83 manat əsas borc, 1880,04 manat faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsinə əsasən 68,04 manat faiz borcu olmaqla, ümumilikdə 5821,91 manat pul məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur. Bununla da müəyyən olundu ki, cavabdeh Zamin Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən Zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilələrin müddətinin bitdiyi tarixdən xx.xx.2022-ci il tarixinə illik 5 faizlə hesablanmış 68,04 manat məbləğində əldən çıxmış fayda tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə risk dairələrinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3873,83 manat əsas, 1880,04 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 68,04 manat faiz borcu olmaqla, cəmi 5821,91 manat borcun və iş üzrə ödənilmiş 78,22 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3873,83 manat əsas, 1880,04 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 68,04 manat faiz borcu olmaqla, cəmi 5821,91 manat borcun və iş üzrə ödənilmiş 78,22 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar