Məhkəmə qərarları › İş №e-2(007)-2294/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2294/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2294/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh overdraft nəticəsində yaranmış 7580.90 manat məbləğində borcun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95.81 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “MC World” kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə bank kartı verilmiş və **********6944- 328300 saylı kart hesabı açılmışdır. xx.xx.2022-ci il tarixində Mobil Bankçılıq üzərindən təqdim edilən ödəniş sistemlərindən “Beeline” mobil operatoru üzrə ödənişlərdə texniki problem yaranmışdır. Cavabdeh bu nasazlıqdan istifadə edərək, Mobil Bankçılıq üzərindən “Beeline” xarici mobil operatoruna məxsus bir neçə mobil nömrəyə hesabında kifayət qədər məbləğ olmadan 7731 AZN məbləğində 50 dəfə cəhd etməklə ödənişlər etmişdir. Nəticədə hesabında 7580,90 AZN məəbləğində overdraft yaranmışdır. Bankın Nizami filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2022-ci il tarixli, xx-xx/1676 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus 7580,90 aZN pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “MC World” kart müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 60 ay müddətinə AZN valyutasında kartmane hesabı açılmışdır. - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində Mobil Bankçılıq üzərindən təqdim edilən ödəniş sistemlərindən “Beeline” mobil operatoru üzrə ödənişlərdə texniki problem yaranmışdır. Cavabdeh bu nasazlıqdan istifadə edərək, Mobil Bankçılıq üzərindən “Beeline” xarici mobil operatoruna məxsus bir neçə mobil nömrəyə hesabında kifayət qədər məbləğ olmadan 7731 AZN məbləğində 50 dəfə cəhd etməkdə ödənişlər etmişdir. Nəticədə hesabında 7580,90 AZN məbləğində overdraft yaranmışdır. - İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx-xx/1676 №-li xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “MC World” kart müqaviləsinə əsasən cavabdehin bank qarşısında 7774,76 manat borcu yaranmışdır. Həmin pul vəsaiti İddiaçı ASC-nin mülkiyyətidir və onu qanunsuz olaraq saxlayır. 3 iş günü müddətində banka yuxarıda göstərilən məbləğin qaytarılması xahiş olunmuş, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 95,81 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli “MC World” kart müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə AZN valyutasında kartmane hesabı açılmışdır. xx.xx.2022-ci il tarixdə Mobil Bankçılıq üzərindən təqdim edilən ödəniş sistemlərindən “Beeline” mobil operatoru üzrə ödənişlərdə texniki problem yaranmış, cavabdeh bu nasazlıqdan istifadə edərək, Mobil Bankçılıq üzərindən “Beeline” xarici mobil operatoruna məxsus bir neçə mobil nömrəyə hesabında kifayət qədər məbləğ olmadan 7731 manat məbləğində 50 dəfə cəhd etməkdə ödənişlər etmişdir. Nəticədə hesabında 7580,90 manat məbləğində overdraft yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir, əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Beləliklə, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli “MC World” kart müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, overdraft nəticəsində yaranmış borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh overdraft nəticəsində yaranmış 7580.90 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 95.81 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh overdraft nəticəsində yaranmış 7580.90 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 95.81 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar