Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2294/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X4 qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X4 qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/109588/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1619.25 (min altı yüz on doqquz manat, 25 qəpik) manat məbləğində əsas borc, 1655.81 (min altı yüz əlli beş manat, 81 qəpik) manat məbləğində faiz borcu, 798.05 (yeddi yüz doxsan səkkiz manat, 05 qəpik) manat məbləğində cərimə borcu, 346.06 (üç yüz qırx altı manat, 06 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 4419.17 (dörd min dörd yüz on doqquz manat, 17 qəpik) manat məbləğində pulun, 64.2 (altmış dörd manat, 20 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “Bank Standard KB” ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 1619.25 (min altı yüz on doqquz manat, 25 qəpik) manat məbləğində əsas borc, 1655.81 (min altı yüz əlli beş manat, 81 qəpik) manat məbləğində faiz borcu, 798.05 (yeddi yüz doxsan səkkiz manat, 05 qəpik) manat məbləğində cərimə borcu, 346.06 (üç yüz qırx altı manat, 06 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 4419.17 (dörd min dörd yüz on doqquz manat, 17 qəpik) manat məbləğində pulun, 64.2 (altmış dörd manat, 20 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə X5 (bundan sonra – Cavabdeh) arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/109588/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1619.25 (min altı yüz on doqquz manat, 25 qəpik) manat məbləğində əsas borc, 1655.81 (min altı yüz əlli beş manat, 81 qəpik) manat məbləğində faiz borcu, 798.05 (yeddi yüz doxsan səkkiz manat, 05 qəpik) manat məbləğində cərimə borcu, 346.06 (üç yüz qırx altı manat, 06 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 4419.17 (dörd min dörd yüz on doqquz manat, 17 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh X5 29 sentyabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək, hazırki tələb üzrə iddia müddətinin ötürüldüyünü, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh X5 iddia tələbini qəbul etməyib, verdiyi izahatında bildirmişdir ki, o, xx.xx.2015-ci il tarixdə “Bank Standart”dan 2000 manat götürmüşdür. Üzərindən uzun müddət keçdikdən sonra bank onu məhkəməyə vermişdir, lakin o, bütün ödənişləri yerinə yetirmişdir. Sonuncu dəfə bank tərəfindən borcunun olmadığı bildirilmişdir. Uzun müddət bank ona heç bir məlumat verməyib. Hesab edir ki, Mülki Məcəllənin 372-ci maddəsinə istinad edərək kreditin götürülməsindən uzun müddət keçmişdir. Mülki Məcəllənin 372-ci maddəsini rəhbər tutaraq iddia müddətinin keçmiş hesab edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdiyindən, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - QSC “Bank Standard” KB ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/109588/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən X4 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. X5 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 27 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, QSC “Bank Standart” KB ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 22 sentyabr 2022-ci il tarixə cavabdehin banka 1619.25 manat məbləğində əsas borc, 1655.81 manat məbləğində faiz borcu, 798.05 manat məbləğində cərimə borcu, 346.06 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 4419.17 manat borcu vardır. - LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması X1 ünvanlandığı 18 mart 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdeh X2 1619.25 manat məbləğində əsas borc, 1242.54 manat məbləğində faiz borcu, 798.05 manat məbləğində cərimə borcu, 220.88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3880.72 manat borcu qalmışdır. Tələb edilən 3880.72 manat borcun 3 təqvim günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. - Hesabdan çıxarışdan görünür ki, X4 hesablanmış 80.96 manat məbləğində gecikdirilmiş əsas məbləğ xx.xx.2016-cı il tarixdə silinmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 64.20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, QSC “Bank Standart” KB ilə X5 arasında xx.xx.2015-ci il tarixli, 1xx/xx/109588/15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən X4 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh tərəfindən borcun restrukturizasiyası ilə bağlı müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, 02 iyun 2018-ci il tarixdə kredit müqaviləsinin müddəti bitmiş, cavabdehin sonuncu ödənişi 02 dekabr 2016-cı il tarixdə olmuşdur. İddiaçı 12 iyul 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti kimi 36 ay müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Cavabdeh tərəf isə hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından göründüyü kimi kredit müqaviləsinin müddəti 02 iyun 2018-ci il tarixdə bitmiş, cavabdehin sonuncu ödənişi isə 02 dekabr 2016-cı il tarixdə olmuşdur. Göründüyü kimi iddiaçı 3 il sonra, yəni 12 iyul 2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı, iddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X4 qarşı "xxxx" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X4 qarşı "xxxx" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-2294/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2294/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver