Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2301/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, , İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cəmi 794.13 manat borc olmaqla – bundan 700.55 manat əsas, 7.58 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 86 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 99/1648/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 1295 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 18 dekabr 2019-cu il tarixli 99/1648/RES nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 5.1.3-cü bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində kreditin təminatının mövcudluğunu və vəziyyətini, о cümlədən zaminlərin əmlak və maliyyə vəziyyətini istənilən vaxt yоxlamaq. “Bоrcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi və ya çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.1.4-cü bəndinə əsasən “borcalan” öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək və bunun üçün zəruri tədbirlər görmək barədə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********925 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 794.13 manat təşkil edir. Bundan 700.55 manat əsas, 7.58 manat faiz və AR MMnin 445.7-ci maddəsinə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat görə gecikdirilmiş vaxt üçün 86 manat faiz borcu təşkil edir.
İş materialları :
3. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 99/1648/RES saylı “güzəştli şərtlərlə kreditin verilməsi” barədə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 01 faiz ödəmək şərtilə 1295 manat kredit verilmişdir. Həmin müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar "xxxx" ASC ilə Cavabdeh2 arasında imzalanmış 06 avqust 2015-ci il tarixli 00/12992/DİK saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə bağlanmışdır.
4. xx.xx.2019-cu il tarixli, 99/1648/RES saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Cavabdeh2 99/1648/RES saylı 18 dekabr 2019-cu il tarixli kredit üzrə “Bank” qarşısında öz öhdəliklərini (əsas borc, faiz, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Banka” dəyən digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
5. xx.xx.2019-cu il tarixli 99/1648/RES saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 1 % dərəcəsi ilə, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixinə qədər hər ay 54.52 manat, sonuncu ay isə 54.59 manat ödəmək şərti ilə 1295 manat məbləğində kredit vermişdir.
6. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş 10 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə 99/1648/RES saylı kredit müqaviləsi üzrə 700.55 manat əsas, 7.58 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 86 manat faiz borcu vardır.
7. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə xx.xx.2024-cü il tarixinə cavabdehin 700.55 manat əsas borc, 7.58 manat faiz borcu və 0.05 manat cərimə olmaqla, cəmi 708.13 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 5 (beş) iş günü müddətində ödənilməsinin təmin olunmağı, əks təqdirdə Restrukturizasiya müqaviləsi ilə üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməməsini nəzərə alaraq ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi bildirilmişdir.
8. “Asan ödəniş” sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, **********28 nömrəli mədaxil qəbzi ilə "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
9. xx.xx.2019-cu il tarixdə açılmış Cavabdeh2 məxsus hesab üzrə xx.xx.2022xx.xx.2024-cü il tarixli dövrləri əhatə edən çıxarışdan görünür ki, sonuncu dəfə kredit müqaviləsi üzrə ödəniş xx.xx.2022-ci il tarixdə olmuşdur. Hesab üzrə 621.06 manat məbləğində ödəniş edilmişdir. Ödənilmiş vəsaitdən 31.58 manatı faiz borcuna silinmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları :
12. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 99/1648/RES saylı Kredit müqaviləsi, Cavabdeh1 ilə 99/1648/RES saylı Zaminlik müqaviləsi bağlanması, Cavabdeh2 oğluna 1295 manat kredit verilməsi və öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.
13. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 99/1648/RES saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə Baxışının hədləri :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddia tərəfinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
19. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
20. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş xx.xx.2019-cu il tarixli, 99/1648/RES saylı kredit müqaviləsi bağlanmışdır.
21. Belə ki, kredit müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 1 % dərəcəsi ilə, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixinə qədər hər ay 54.52 manat, sonuncu ay isə 54.59 manat ödəmək şərti ilə 1295 manat məbləğində kredit verilmişdir.
22. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
24. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
25. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-ci il tarixli, 99/1648/RES saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq, Cavabdeh2 tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır.
26. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
27. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.
28. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
29. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 99/1648/RES saylı “güzəştli şərtlərlə kreditin verilməsi” barədə kredit müqaviləsinİN 5.1.4cü bəndində nəzərdə tutulmuşdur ki, “borcalan” öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 gün ərzində icra etmədikdə və ya lazımca icra etmədikdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək və bunun üçün zəruri tədbirləri görmək hüququ vardır.
30. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
31. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 99/1648/RES saylı “güzəştli şərtlərlə kreditin verilməsi” barədə kredit müqaviləsi və müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, Cavabdeh2 24 ay müddətinə, illik 1 % dərəcəsi ilə, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixinə qədər hər ay 54.52 manat, sonuncu ay isə 54.59 manat olmaqla, 1295 əsas və 13.55 manat faiz ödənişi olmaqla, cəmi 1308.55 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
33. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə cəmi 621.06 manat məbləğində ödəniş edilmişdir. Ödənilmiş vəsaitdən 31.58 manatı faiz borcuna silinmişdir.
34. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, cavabdeh tərəfindən ödənişlər qrafik üzrə ödənilmədiyindən, gecikmələr ilə ödənildiyindən ödənilən vəsaitdən cərimə faizləri silinmişdir.
35. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan aldığı kreditin və ya ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və şərtlərini pozduqda, borcverən 5 il müddətinə, 0.1%-dən çox olmayan dəbbə pulu tələb edə bilər.
36. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən kreditin qaytarılması müddətlərinə riayət edilməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdeh tərəfindən ödənilmiş vəsaiti faiz borcuna silməkdə haqlı olmuşdur.
37. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 99/1648/RES saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 700.55 manat və faiz borcu qismində 7.58 manat ödənilməsi tələbini əsaslı hesab edir.
38. İddiaçı cavabdehdən həmçinin Mülki Mcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olaraq 86 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür.
39. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunur ki iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə qurtarmışdır.
40. Belə olan halda iddiaçı həmin tarixədək kreditdən istifadəyə görə faizləri, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış illik 5%-i tələb edə bilər.
41. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
42. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən kredit müqaviləsinin müddətinin qurtardığı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə gecikdirilmiş vaxt üçün 86 manat faiz borcu hesablanmışdır.
43. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi Cavabdeh2ı 700.55 manat əsas borc, 7.58 manat kreditdən istifadəyə görə faiz borcu, 86 manat Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz borcun tutulması hissəsində əsaslıdır.
44. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, hazırki mülki işə müvafiq prosessual maraq göstərməmiş, iddia tələbinə heç bir etiraz bildirməmiş, alqı-satqı müqaviləsinin real olduğunu sübut etməyə çalışmamışdır. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Zaminlik müqaviləsi üzrə zamindən tutulmanın aparılması ilə bağlı :
45. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi zamin Cavabdeh1 aid hissədə əsaslı olmadığından təmin edilməməlidir.
46. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür(MM 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).
47. Məhkəmə iclasında təqdiq edilmiş xx.xx.2019-cu il tarixli, 99/1648/RES saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Cavabdeh2 99/1648/RES saylı 18 dekabr 2019-cu il tarixli kredit üzrə “Bank” qarşısında öz öhdəliklərini (əsas borc, faiz, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Banka” dəyən digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
48. Məhkəmə qeyd edir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır.
49. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir. Belə olan halda iddiaçının zaminə qarşı tələb hüququ yaranmışdır. Lakin mülki qanunvericilikdə kreditorun zaminə qarşı tələb hüququ müddətlə məhdudlaşdırılmışdır.
50. Belə ki, mülki qanunvericilikdə zaminlik institutu öhdəliyin təmini üsullarından biri kimi nəzərdə tutulmasına baxmayaraq, zaminin kreditor qarşısında əsas borclunun öhdəliyinin icrasına görə məsuliyyəti öhdəliyin tam icrası müddəti ilə müəyyən edilməmişdir.
51. Mülki Məcəllənin 447-ci maddəsində zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilməsidir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (MM 477.0.4 m).
52. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.
53. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir.
54. Həmçinin göründüyü kimi, sözügedən maddədə nəzərdə tutulan müddətlər hüquqi təbiətinə görə iddia müddəti deyil, kəsici müddətlərdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020- ci il 12 mart tarixli Qərarı). Eyni hüquqi mövqe “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında da ifadə olunub.
55. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixədək kredit verilmişdir. Zaminlik müqaviləsində isə zaminlik müqaviləsinin qüvvəsi ilə bağlı 2 müddət müəyyən edilmişdir.
56. Belə ki, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur.
57. Müqavilənin qeyd edilən bəndindən görünür ki, zaminlik müqaviləsinin qüvvəsi ilə bağlı 2 müddət müəyyən edilmişdir:
1. Konkret müddət – kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzi.
2. Qeyri müəyyən müddət- kredit müqaviləsinin uzadıldığı müddətədək. 58 Məhkəmə müqavilənin yuxarıda qeyd edilən “zaminlik müqaviləsinin kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində qüvvədə olması” şərti ilə bağlı aşağıdakıları qeyd edir.
59. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 1.4-cü bəndində nəzərədə tutulmuşdur ki, kredit müqaviləsi üzrə kredit xx.xx.2021-ci il tarixədək verilir; 1.5-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə hər iki tərəfin imzası və möhürü olan tərəfin möhürü ilə təsdiq edildikdən sonra qüvvəyə minir və bu andan etibarən borcverən tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcalana ödənilir.
60. Müqavilənin qeyd edilən bəndindən göründüyü kimi kredit müqaviləsinin müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmişdir. Belə olan halda zaminlik müqaviləsi üzrə zaminin kreditor qarşısında əsas öhdəliyin icrasının təmini üçün üzərinə götürdüyü öhdəlik həmin müddətədək qüvvədə olmuşdur.
61. Həmçinin zaminlik müqaviləsinin 4.3-cü bəndində zaminlik müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin əsaslardan biri də, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının qurtardığı gündən bir il ərzində “Bank”ın “Zamin”ə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsidir.
62. İddiaçı "xxxx" cavabdeh (zamin) Cavabdeh1 qarşı hazırki iddia tələbi ilə zaminliyin təmin etdiyi öhdəliyin icrasının bitdiyi vaxtdan 2 il 6 ay sonra müraciət etmişdir.
63. Odur ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinə uyğun olaraq zaminliyə onun verilmə müddəti qurtarması əsası ilə xitam verilməlidir.
64. Məhkəmə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd edilən zaminlik müqaviləsinin “kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olması” şərti ilə bağlı aşağıdakıları qeyd edir.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən müqavilənin müddəti, faiz, məbləğ və valyuta müqavilənin mühüm şərtləridir. Yəni qeyd edilən şərtlər müqavilədə tərəflər üçün qeyri-müəyyən olmamalı, dəqiq, konret göstərilməlidir.
66. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qeyde dilir ki, Mülki Məcəlləinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
68. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.
69. Göründüyü kimi kredit müqaviləsinin müddətinin zaminin razılığı alınmadan uzadılması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilərək zaminliyə xitam verilməsi əsası kimi müəyyən edilmişdir.
70. Belə olan halda zaminlik müqaviləsinin qeyd edilən bəndi ilə əlaqədar məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu X1 şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, standart şərtli müqavilələrdə vətəndaş (fiziki şəxs) iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Mülki Məcəllənin 420-ci maddəsi ilə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərindən etibarsız hesab edilənlər müəyyən edilmişdir. Belə etibarsız hesab edilən şərtlərdən biri də Mülki Məcəllənin 420.1.4-cü maddəsində göstərilmişdir. Qeyd edilən maddəyə görə, təklif etmiş tərəfə vəd olunmuş işi dəyişmək və ya ondan imtina hüququ verən müddəalar, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olduğu halda (dəyişiklik edilməsi şərti) etibarsız sayılır.
72. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
73. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).
74. Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi).
75. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, § 62).
76. Qeyd edilənlərə əsasən zaminlik müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulmuş şərti ilə əlaqədar məhkəmə qeyd edir ki, müqavilənin qeyd edilən şərti Konstitusiya Məhkəməsi Plenumunun zaminlik institutu ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə, vicdanlılıq prinsipinə zidd olduğundan etibarsız şərtdir.
77. Beləliklə, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddiaçının iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
Məhkəmə Xərcləri :
78. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
79. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
80. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2019-ci il tarixli, 99/1648/RES saylı kredit müqaviləsi üzrə 700.55 manat əsas borc, 7.58 manat faiz borcu, Azərabycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 86 manat borc olmaqla, cəmi 794.13 (yeddi yüz doxsan dörd manat on üç qəpik) manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.
81. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 99/1648/RES saylı kredit müqaviləsi üzrə 700.55 manat əsas borc, 7.58 manat faiz borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 86 manat borc olmaqla, cəmi 794.13 (yeddi yüz doxsan dörd manat on üç qəpik) manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO "xxxx" ASC-nin hesabına ödənilsin. İddiaçı LPO "xxxx" ASC-nin iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva