Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2323/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbi onunla əsaslandırdı ki, Cavabdeh birgə nikahdan olan azyaşlı, anadangəlmə uşaq serebral iflici olan xx.xx.2007-ci il doğum təvəllüdlü əlil övladımın 18 yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında qət edilən alimentin məbləğinin artırılmasını tələb edir.Belə ki,cavabdehlə birgə nikahdan olan anadangəlmə uşaq serebral iflici olan əlil övladları-xx.xx.2007-ci il təvəllüdlü X1 rayon məhkəməsinin 2(007)-1128/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında onun himayəsində olmaqla onunla yaşayır və onun dolanışığının təmin edilməsi üçün cavabdehdən 120 manat məbləğində aliment alınması, müalicə və digər xərclərinin ödənilməsi üçün 50 manat pul alınması qət edilib. Məhz bu səbəbdən də azyaşlı uşağının 18 yaşına çatanadək saxlanılması üçün cavabdehdən alınması qət edilən alimentin məbləğinin artırılaraq ona ödənilməsi barədə tələblə iddia qaydasında məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Qeyd etmək istəyir ki,o, günəmuzd əməklə məşğul olur, azyaşlı, anadangəlmə əlil uşağın saxlanılması, mütəmadi olan müalicələr, bununla əlaqəli daima istifadə edilən taksi xərcləri, serebral iflicli uşaqlar üçün mütəmadi nəzərdə tutulan idman xərclər və digər tələbatların ödənilməsi üçün qazancı və qət edilən 120 manat aliment məbləği heç də kifayət etmir. Cavabdeh isə işləyir, onun qazancı və gəliri kifayət qədər qənaətbəxşdir. Cavabdeh öz doğma övladı ilə indiyədək heç bir zaman görüşməmiş, sadəcə məhkəmə qətnaməsi əsasında qət edilən məbləği poçt vasitəsilə süründürmələrlə göndərmiş, anadangəlmə əlil övladına nümunə üçün 1 dəfə də olsa mənəvi dəstək olmamışdır. Anadangəlmə uşaq serebral iflici olan azyaşlı övladının ciddi və davam edən xəstəliklərinin müalicəsi və azyaşlı uşağın saxlanılması üçün cavabdehdən alınan alimentin məbləği artırılmalıdır.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1128/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin dəyişdirilməsi, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il doğum təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat alimentin və uşağın müalicə xərcləri üçün 150 manat vəsaitin cəmi 400 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1128/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 09 avqust 1998-ci il təvəllüdlü X2 və 05 mart 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər uşağa görə ayda 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin,həmçinin uşaqların müalicəsi məqsədi ilə əlavə çəkilən xərclərə görə uşaqların hər biri üçün 50 manat aliment olmaqla cəmi 100 manat məbləğində alimentin,ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1128/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. xx.xx.2007-ci il təvəllüdlü X3 müalicəsinə çəkilən xərclərə görə 150 manat tutulması hissəsində iddia təmin edilməməlidir.Belə ki,iddiaçı həmin hissədə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1128/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2323/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2323/2022
21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver