Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2337/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçının Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc müqaviləsi üzrə pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tanışıdır. Cavabdeh 2021-ci ilin iyul ayında ona müraciət edərək borc pul lazım olduğunu bildirmiş və iddiaçıda cavabdehə xx.xx.2021-ci il tarixdən xx.xx.2024 tarixləri arasında müxtəlif vaxtlarda cavabdehin təqdim etdiyi 4 ədəd Kapital bank kart hesablarına, 1 ədəd Leobank hesabına, 1 ədəd ABB kart hesabına ümumilikdə 9600 manat məbləğində pul ödənişlərini həyata keçirmişdir. Cavabdeh aldığı pullardan hissə-hissə olmaqla borcundan qaytarmış və sonuncu dəfə xx.xx.2024-cü il tarixində 200 manat kartına pul göndərdikdən sonra cəmi 2100 manat iddiaçıya borcu qalmışdır. İddiaçıdan aldıgı 9600 manat puldan 7500 manat məbləğində pul iddiaçıya ödəmişdir. Qalan borcun qaytarılması ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və xx.xx.2025 ci ildə ona pretenziya məktubu göndərmiş lakin cavabdeh qalan borcu mənə qaytarmamışdır. Buna görə məhkəməyə müraciət etmişdir.
İş materialları :
3. İş materiallarına iddiaçı və cavabdeh arasında “whatsapp” mobil tətbiqində aparılan yazışmalara dair fotoşəkillər əlavə edilmişdir.
4. İş materiallarına cavabdehə məxsus kartların foto şəkilləri əlavə edilmişdir.
5. İş materiallarına ödəniş qəbzlərinin foto şəkilləri əlavə edilmişdir.
6. xx.xx.2025-ci il tarixli, **********09 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda məhkəmə Azərbaycan Repsublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
10. İddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə məxsus kart hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüş, lakin cavabdeh iddiaçı qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmişdir.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
15. İddiaçı tərəfindən Cavabdeh qarşı “2100 manat məbləğində pul vəsaitinin tutulması” tələbi cavabdehə 9600 manat məbləğində pul vəsaitini borc olaraq verməsi, lakin cavabdeh tərəfindən öhdəliyin lazımi şəkildə icra edilməməsi nəticəsində 2100 manat borcun yaranması, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməməsi ilə əsaslandırılmışdır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir.
17. Tələbin qanuni əsası dedikdə isə qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
18. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi borc müqaviləsindən irəli gələn müqavilə münasibətlərinin yaranması işin mübahisəsiz halıdır.
19. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021 -xx.xx.2024-cü il tarixləri arasında müxtəlif vaxtlarda cavabdehə məxsus olan kart hesablarına minimum 100 manat, maksimum 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür.
20. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Cavabdeh izahatında iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş bank kartlarının ona məxsus olduğunu təsdiq etmiş, o cümlədən iddiaçıdan faiz ilə ödəmək şərtilə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini borc olaraq aldığını bildirmişdir.
21. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında etibarlı, yəni qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmiş borc müqaviləsi bağlanılmışdır.
22. Belə ki, iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş pul vəsaitinin miqdarı 3000 manatdan çox olsa da, işin tədqiq edilən halları ilə cavabdehin iddiaçıdan 3000 manatdan çox pul vəsaitini borc olaraq istəməsi, yəni cavabdehin iradə ifadəsinin 3000 manatdan çox olan pul vəsaitinin borc olaraq alınmasına yönəlməsi müəyyən edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehin kart hesabına ayrı-ayrı aylarda müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüş və aylar üzrə hesablasaq bir ay üzrə maksimum 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
23. Hazırki işin mübasisəli halı isə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin qalıb-qalmamasının aydınlaşdırılmasıdır.
24. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi izahata əsasən tərəflər arasında borc münasibətlərinin olduğu müəyyən edilsə də, cavabdeh iddiaçıya borcu qalmasını qəbul etməmişdir.
25. Məhkəmə tərəfindən cavabdehə borcun ödənilməsini sübutetmə yükünün onun üzərinə düşdüyü izah edilmiş, cavabdeh tərəfindən müvafiq sübutların təqdim edilməsi üçün məhkəmə hazırlıq iclası təxirə salınmış, lakin növbəti məhkəmə iclaslarında cavabdeh iştirak etməmiş, məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
26. Cavabdeh iddiaçı qarşısında icra edilməmiş öhdəliyi olduğunu qəbul etməsə də, iddiaçı tərəfindən təqdim edilmiş, məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında aparılmış “whatsapp” yazışmalarına əsasən müəyyən edilmişdir ki, 2024-cü ilin iyun ayında cavabdehin 2300 manat borcu olmuş, həmin borcdan xx.xx.2024-cü il tarixində 200 manat ödəniş etmişdir. Həmin tarixdən sonra cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməsi işin tədqiq edilən halları ilə müəyyən edilməmiş, cavabdeh tərəfindən həmin tarixdən sonra ödəniş edilməsinə dair müvafiq sübut məhkəməyə təqdim edilməmişdir.
27. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehdən 2100 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri :
28. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2100 (iki min bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva