Məhkəmə qərarları › İş №e-2(007)-2362/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2362/2024

26.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2362/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 359 manat 04 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 539 manat 44 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 26 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, həmin ünvanda “K@TV1” xidmətlərinin göstərilməsinə dair analoq yayımı xx.xx.2006-cı il tarixdən təmin edilmişdir. Həmçinin, qanunsuz qoşulmanın həyata keçirildiyi sözügedən ünvandakı mənzilin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair hər hansı müqavilə münasibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9465 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 9465 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2020-ci il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2020-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixə qədər olan müddət 1088 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 359 manat 04 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir.

İş materialları :

3. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 34, m 14 mənzilin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır.

4. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 34 m 14 9465 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2020-ci il tarixində həmin binaya baxış keçirilmişdir.

5. ”AG Telekom” MMC tərəfindən təqdim edilən arayışdan görünür ki, İddiaçı MMC-nin “K@TV1” Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixədək 9 manatdır, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 anatdır.

6. 26 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Nəcəfov X2, 54 saylı evin 14 nömrəli mənzilində qeydiyyatda olmaqla xx.xx.2015-ci il tarixdən yaşayır.

7. İş materiallarına xx.xx.2023-cü il tarixli 9465 nömrəli İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında akt əlavə edilmişdir.

8. İş materiallarına "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əlavə edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

10. İddiaçı MMC və Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

11. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eləcə də əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

16. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə vəsatət ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eləcə də əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

18. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

19. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı "AG Telekom” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

20. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödənişi qəbul edən təşkilat "xxxx" ASC, VÖEN:**********; transaksiya nömrəsi:501101102/1240/; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu 1, tarix:xx.xx.2024, saat:13:07:52) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödənişi qəbul edən təşkilat "xxxx" ASC, VÖEN:**********; transaksiya nömrəsi:501101102/1240/; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu 1, tarix:xx.xx.2024, saat:13:07:52) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar