Məhkəmə qərarları › İş №e-2(007)-2364/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2364/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2364/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 257 manat 73 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 438 manat 13 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 10 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2012-ci il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2021ci il tarixinədək etmiş və xx.xx.2021-ci il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9662 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsəydi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkədən ayrıldığı xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2017-ci il tarixə qədər olan müddət 781 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 257 manat 73 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC"xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, göstərilən mülki iş üzrə iddia ərizəsinin təsviri hissəsində işin faktiki halları düzgün əks olunsa da, məzmununda texniki səhvdən irəli gələn yanlışlığa yol verilmişdir. Ona görə də bu səbəbdən iddia ərizəsində müəyyən dəqiqləşdirmənin aparılması zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinin 2-ci səhifəsinin 1-ci abzasının “Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixə qədər olan müddət 781 gün təşkil edir” cümləsi yanlışlığa yol verilərək səhvən “Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2017-ci il tarixə qədər olan müddət 781 gün təşkil edir” kimi yazılmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin 2-ci səhifəsinin 1-ci abzasının 1-ci cümləsinin dəyişilərək “Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixə qədər olan müddət 781 gün təşkil edir” kimi oxunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə üzrlü səbəbdən iştirak edə bilmədiyinə görə onun iştirakı olmadan baxılmasını bə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil, çünki iddia tələbi əsassızdır. 2 il bundan qabaq qarşı tərəfin işçiləri onu çağırıb dedilər ki, qanunsuz qoşulma var, bununla əlaqədar borc yığılıb. O isə demişdir ki, axı orda yaşayış yoxdur, hətta evdə istifadə etmək üçün razetka belə yoxdur. Ona dedilər ki, 100 manat ver, adını siyahıdan silək, o isə qarşılığında demişdir ki, etmədiyi hərəkət üçün pul ödəməyəcək. Həmin evdə 8 ildir ki, yaşayış yoxdur. Onun qohumu əvvəllər orada qalırdı, o da 2012-ci ildən çıxıb gedib. Həmçinin o məhkəməyə saldo təqdim etmişdir, yaşayış olmayıb. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2023-cü il tarixli, 9662 N nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşlarının iştirakı ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 13A ünvanda yerləşən mənzil kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 39 saylı mənzilinin sahibi tərəfindən qanunsuz şəbəkəyə qoşulması müəyyən edilmişdir. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin və aktı təqdim etmək məqsədi ilə qapı döyülmüş, mənzilin qapısını açan olmamışdır. Binaya baxış keçirdikləri zaman aşkar edilmişdir ki, mənzil kabel adlı konnektrla şəbəkəyə qoşulmuşdur; - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan X1 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2012-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. xx.xx.2021-ci il tarixinədək isə son ödəməsini etmiş, xx.xx.2021-ci ildə borcsuz şəbəkədən ayrılmışdır; - 10 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 92 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmaqla yaşayır; - xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh işi ilə bağlı İddiaçı MMC tərəfindən "xxxx" hüquq firmasının (VÖEN **********) hesabına 150 manat pul ödənilmişdir; - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; - Məhkəməyə 1 ədəd disk (iddiaçının nümayəndəsi tərəfindən) təqdim edilmişdir. - İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus **********A0039 abunə kodlu mülkiyyətçi Cavabdeh məxsus Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13A, mənzil 39 ünvanında yerləşən mənzil üzrə son 10 ildə enerji sərfiyyatı 0 (sıfır), hesablanmış borc 0 (sıfır) manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa vurulan ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu adlanır və belə pozuntu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə akt tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı iddia tələbini əsaslı edə biləcək hər hansı hal müəyyən olunmamış, iddiaçının tələbinin əsaslılığı sübut yetirilməmişdir. Belə ki, iddiaçı tərəfindən sözügedən mənzildə qanunsuz kabel şəbəkəsinə qoşulması və maddi ziyan dəyməsi qeyd edilsə də, məhkəmə iclasında iştirak etmiş cavabdeh həmin mənzildə ümumiyyətdə aktın tərtib edildiyi tarixdə və uzun illərdir yaşayış olmadığını, iddianın əsassız olduğunu qeyd etmiş, o cümlədən "xxxx" ASC-yə məxsus abonent saldosunu məhkəməyə təqdim etmişdir. Qeyd olunan abonent saldosu ilə müəyyən olunur ki, iddiaçının ərizəsində qeyd etdiyi dövrdə isə, ümumiyyətlə cavabdeh tərəfindən hər hansı həcmdə elektrik enerjisindən istifadə edilməmişdir, enerji sərfiyyatı sıfıra bərabər olmuşdur, bununla da həmin mənzildə yaşayış olmadığı sübuta yetirilmişdir. Belə olan halda, məhz hazırkı cavabdeh tərəfindən qeyd olunan ünvanda yaşamamaqla və elektrik enerjisindən istifadə etməsi sübuta yetirilmədiyi halda, iddiaçının ərizəsində qeyd olunan qanunsuz qoşulmanın həyata keçirilməsi sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, dəymiş ziyanın ödənilməsi hissəsində iddia tələbi təmin edilmədiyi halda, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində də təmin edilməsi üçün əsaslar yoxdur, belə ki, həmin tələb dəymiş ziyanın ödənilməsindən törəmə tələbdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, obyektiv, qərəzsiz hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar