Məhkəmə qərarları › İş №e-2(007)-2375/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2375/2024

29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2375/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsil” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 225 manat 06 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 405 manat 46 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının 15 dekabr 2022-ci il tarixli UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 26 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Q.Qarayev küç, ev 96, mənzil 88 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2008-ci il tarixdə həmin ünvanda yaşayan X2 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2021ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2021-ci il tarixində borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9651 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixə qədər olan müddət 682 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 225 manat 06 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC"xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli ) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir.

İş materialları :

3. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “xidmətlərin göstərilməsi”nə dair müqaviləyə əsasən müəyyən olunur ki, həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən müqavilənin qüvvədə olduğu müddətdə özünəməxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsi, aradan qaldırması və bununla bağlı müvafiq sənədləşmənin aparılması və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə sifariş verilmişdir. Müqavilə 5 il müddətinə bağlanmışdır.

4. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, 9651 nömrəli “İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında” aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 001 saylı müqavilə əsasında İddiaçı MMC-yə hüquqi xidmət göstərən hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşlarının iştirakı xx.xx.2023-cü il tarixində Nizami rayonu Qara Qarayev 46 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 88 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döydüklərini və nəticədə mənzilin qapısının açan olmadığı və 89 saylı mənzildə yaşayan qadının mənzildə kirayəçilər yaşadığını bildirdiyi qeyd edilmişdir.

5. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan X1 arasında bağlanmış “KATV1 kabel televiziyası xidmətinin göstərilməsi”nə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2021-cı il tarixinədək isə son ödənişi etmiş və xx.xx.2021-ci ildə borcsuz şəbəkədən ayrılmışdır.

6. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı MMC-nin “K@TV1” Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixindək 9 manat, xx.xx.2015-ci tarixindən etibarən 10 manat təşkil edir və eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır.

7. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 26 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 73 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ********** saylı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Q.Qarayev küçəsi, 96 saylı evin, 88 nömrəli mənzilin sahibidir, lakin qeydiyyatda deyildir.

8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 4 ünvanda qeydiyyatdadır. 26 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Q.Qarayev küçəsi, ev 96, mənzil 88 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. xx.xx.2008-ci il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2021ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2021-ci il tarixində borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9651 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Həmçinin izahatında bildirmişdir ki, qanunsuz qoşulmanın nə vaxtdan baş verdiyini müəyyən edə bilmədiklərindən qeyd edilən ünvanın şəbəkədən ayrıldığı vaxtdan aktın tərtib olunduğu vaxtadək olan müddəti eyni zamanda qanunsuz qoşulmanın baş verdiyi vaxt olaraq hesab edirlər. Cavabdeh evin mülkiyyətçisi olduğu üçün pulu ondan tələb edirlər. Əgər cavabdehin evində kirayəçilər yaşayıbsa, o zaman həmin kirayəçilərlə kirayə müqaviləsi bağlanıbsa, dəymiş ziyanı kirayəçilərdən tələb edərdilər. Kənar şəxs tərəfindən kabel şəbəkəsinə müdaxilə edilmə ehtimalı ilə bağlı isə, cavabdehin nümayəndəsi bildirmişdir ki, kabel cavabdehin evinə daxil olduğu üçün məsuliyyəti də cavabdeh daşımalıdır.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, sözügedən mənzili 2009-cu il tarixində almışdır və mənzilin mülkiyyətçisi odur. Lakin həmin mənzildə yaşamamışdır. O hazırda qeydiyyatda olduğu ünvanda yaşayır. Mübahisəli mənzili isə onlar kirayəyə vermişlər. Akt tərtib olunduğu dövrdə is evdə heç kim yaşamamışdır. Bir müddət evdə kirayəçi yaşasa da, pandemiya dövrü ərəfəsində isə heç kim yaşamamışdır. Həmçinin qeyd etmişdir ki, kabel şəbəkəsinə binadakı hər hansı başqa şəxsdə müdaxilə edə bilərdi. Qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın tərtib edildiyi gün evdə yaşayış olmamışdır. Şirkətin əməkdaşları yoxlanış üçün gəldiyi zaman qonşu tərəfindən əməkdaşlara evdə kirayəçilərin yaşadığı bildirilmişdir.

İşin faktiki halı :

12. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" hüquq firması tərəfindən İddiaçı MMC ilə bağlanmış “hüquqi xidmətin göstərilməsi” müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 96 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 88 saylı mənzilinin “K@TV1” kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir.

13. Sözügedən mənzil 2009-cu ildən etibarən Cavabdeh mülkiyyətindədir.

14. İddiaçı qeyd edilən ünvan üzrə kabel televiziyasının şəbəkədən ayrıldığı xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2023-cü il tarixə iddiaçının göstərdiyi kabel televiziyası xidmətlərindən müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində istifadəyə görə ona dəymiş maddi ziyanın ödənilməsi tələbini irəli sürmüşdür.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

18. İddiaçı MMC cavabdeh X3 qarşı “maddi ziyanın ödənilməsi” tələbini cavabdeh X4 tərəfindən iddiaçının göstərdiyi kabel televiziyası xidmətlərindən müqavilə bağlamadan qanunsuz qoşularaq istifadə etməsi nəticəsində ona ziyan dəyməsi ilə əsaslandırmışdır.

19. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

21. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən İddiaçı MMC ilə Cavabdeh arasında deyil, mübahisəli mənzilin əvvəlki mülkiyyətçi X1 arasında kabel televiziya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən mübahisəli mənzil xx.xx.2008-ci il tarixində KATV1 Kabel Televiziyası şəbəkəsinə qoşulmuş və xx.xx.2021-ci il tarixində isə son ödəməsini edərək həmin tarixdə borcsuz şəbəkədən ayrılmışdır. İddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan ünvan 5 ünvanına xx.xx.2023-cü il tarixdə baxış keçirilərək qanunsuz qoşulma faktının müəyyən edilməsinə dair akt tərtib edilmiş və mübahisəli mənzilin kabel şəbəkəsindən ayrıldığı xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib edildiyi xx.xx.2023-cü il tarixədək iddiaçının göstərdiyi kabel televiziyası xidmətlərindən müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində istifadəyə görə 225.06 manat dəymiş ziyan müəyyən edilmişdir.

23. Belə olan halda məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

24. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə iki növə - müqavilədən irəli gələn və müqavilədənkənar məsuliyyət növlərinə bölünür. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Müqavilədən irəli gələn məsuliyyət isə, tərəflər arasında bağlanmış müqavilə üzrə tərəfin öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi əsasında yaranır. Müqavilə məsuliyyəti qanunla müəyyənləşdirilir.

25. Hazırki işdə iddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı olan maddi ziyanın ödənilməsinə dair iddia tələbi tərəflər arasında müqavilə münasibətlərinin olmadığı dövrdə, yəni iddiaçı tərəfindən mübahisəli mənzilə müqavilə əsasında xidmət göstərmədiyi dövrdə dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər.

26. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

27. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

28. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

29. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərinə zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.

31. Plenum Qərarından göründüyü kimi zərərin vurulması, onun həcmi, həmin zərərin cavabdeh tərəfindən vurulmasını sübut etmək yükü iddiaçının üzərinə düşür

32. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

33. Belə ki, iddiaçı Cavabdeh tərəfindən ona zərər vurulmasını, zərərin həcmini və zərərlə cavabdehin əməli arasında səbəbli əlaqəni sübuta yetirə bilməmişdir.

34. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

35. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.

36. İddiaçı tərəfindən ona zərər vurulmasını təsdiq etmək üçün akt tərtib edilmiş və həmin akt əsasında hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.

37. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş və iddiaçının öz nümayəndələri tərəfindən imzalanmış akt mübahisəli mənzil sahibinin iddiaçıya məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulma faktını təsdiq etmək üçün mötəbər sübut qismində qiymətləndirilməməlidir.

38. Həmçinin müvafiq aktdan görünür ki, aktın tərtib edilməsində mənzil sahibinin iştirakı təmin edilməmiş və ona təqdim edilməmişdir.

39. Həmin akt qanunsuz qoşulma faktını təsdiq etmək üçün mötəbər sübut qismində qiymətləndirsək belə, yəni iddiaçıya ziyan dəyməsini qəbul etsək belə, iddiaçı tərəfindən dəymiş zərərin məbləği, ziyanın cavabdehin hərəkəti nəticəsində dəyməsi, cavabdehin təqsiri sübuta yetirilə bilməmişdir.

40. Belə ki, iddiaçı onun göstərdiyi kabel televiziyası xidmətlərinə qanunsuz qoşulma nəticəsində ona 225.06 manat zərər vurulduğunu bildirməsinə baxmayaraq bunu sübut edə bilməmişdir.

41. İddiaçı dəymiş zərərin məbləğini həmin mənzilin borcsuz şəkildə kabel şəbəkəsindən ayrıldığı xx.xx.2021-ci tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2023-ci il tarixə qədər olan 682 gün müddətində həmin dövr üçün aylıq abunə haqqının məbləği ilə hesablamışdır. Lakin qanunsuz qoşulmanın konkret tarixini sübut edə bilməmişdir. Belə ki, həm iddia tələbinin əsaslandırılmasından, həmçinin İddiaçı MMC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçıda həmin mənzilin konkret hansı tarixdə kabel şəbəkəsinə qoşulması barədə məlumat yoxdur.

42. Həmçinin işin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xidmətlərin göstərilməsinə dair xx.xx.2019-cu ildə müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetini isə müqavilənin qüvvədə olduğu müddətdə iddiaçıya məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsi, aradan qaldırmasını və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını və digər xidmətlərin göstərilməsi təşkil etmişdir.

43. Belə olan halda məhkəmə qeyd edir ki, zərərin hesablandığı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddətdə İddiaçı MMC-nin müqavilə münasibətində olduğu "xxxx" firması tərəfindən həmin binaya baxış keçirilməməsinə baxmayaraq zərərin mənzilin həmin kabel şəbəkəsindən ayrıldığı vaxtdan hesablanmaqla cavabdehdən tələb edilməsi hüquqdan sui-istifadədir.

44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012- ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

45. Oxşar mövqe Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

46. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.04.22-ci il tarixli qərarında mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün mövcud olması tələb edilən şərtlərdən biri də əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir.

47. İddiaçı tərəfindən ona dəymiş zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, akt tərtib edilən zaman Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 96, 88 saylı mənzilin cavabdehin faktiki sahibliyində olması sübuta yetirilə bilməmişdir.

48. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, aktda həmin mənzildə kirayəçilər yaşadığı qeyd edilmiş, mənzilin cavabdehin faktiki sahibliyində olması təsdiq edilməmişdir.

49. İddiaçı MMC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, qeyd edilən mənzilin mülkiyyətçisi Cavabdeh olduğuna görə iddia tələbi ona qarşı yönəldilmişdir.

50. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına münasibətdə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, (hansıki işin mənzildə yaşayanların kirayəçilər olmasına halına münasibətdə qeyd etmişdir ki, kirayəçilərlə kirayə müqaviləsi bağlanmamışdır) mülki məsuliyyətin yaranması üçün zərərin məhz cavabdehin hərəkətləri nəticəsində vurulduğu, onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqə olduğu sübut edilməlidir.

51. Həmçinin işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, müvafiq mənzil Cavabdeh mülkiyyətində olmasına baxmayaraq, zərərin vurulduğu tarixdə mənzil cavabdehin faktiki sahibliyində olmamışdır.

52. Halbuki delikt məsuliyyətinin yaranması üçün zərər biləvasitə zəzərvuranın qanunsuz hərəkət və ya hərəkətsiliyi nəticəsində vurulmalı, zərəin vurulmasında zərərvuranın təqsiri olmalıdır.

53. Məhkəmə araşdırılması nəticəsində iddiaçıya cavabdehin hüquqazidd, təqsirli hərəkətləri nəticəsində zərər dəyməsini müəyyən etmək mümkün olmamışdır.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

55. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıya vurulan zərərin məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində (cavabdehə məxsus mənzildə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə, qanunsuz qoşulma nəticəsində) baş verməsi qənaətinə gəlmək mümkün deyil və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbi qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənii nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə qeyd edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

Nəticə :

56. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi”nə dair iddia tələbi rədd edilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar