Məhkəmə qərarları › İş №e-2(007)-2401/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2401/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2401/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərc" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş uşaqları X1 üçün alimentin məbləği artırılaraq hər ay 220 (iki yüz) manat sabit pul məbləğinin və onun yetkinlik yaşına çatana kimi tam sağalıb müalicələri dayandırılana qədər əlavə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay sabit pul məbləği 100 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il tarixdə bir uşaqları X7 anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan az bir müddət münasibətləri normal olmuş, lakin sonralar münasibətləri onun günahı üzündən pisləşməyə başlamışdır. Cavabdehlə nikahda olduqları vaxt azyaşlı uşaqlarının saxlanılması üçün onun tərəfindən heç bir maddi köməklik göstərilmədiyinə görə uşağın saxlanılması üçün aliment tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(007)-2372/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, uşağın saxlanılması üçün xx.xx.2019-cu il tarixdən hər ay 160 (yüz altmış) manat aliment təyin edilmişdir. Ailə münasibətlərinin tam pozulmasına görə Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsində nikahın pozulmasını və uşağın onun yanında qalması barədə ona qarşı iddia qaldırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2095/2022 saylı qətnaməsi ilə Cavabdehlə nikahlarının pozulması, xx.xx.2017-ci il təvəllüdlü uşaqları Y.Quliyevin onun yanında saxlanılması qət edilmişdir. Hal-hazırda uşaqları X7 5 yaş 6 aylıqdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 160 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq anadangəlmə xəstə olduğuna görə və həm də yaşı artdıqca ona çəkilən xərclər, məsrəfləri yetərincə artmışdır. Tibbi müayinələrə əsasən “G 80.4 Ataksik serebral iflic” diaqnozu təyin edilmişdir. 5 yaş 6 aylıq olmasına baxmayaraq müvazinətini saxlaya bilmədiyinə görə ayaq üstə qala bilmir, yeriyə bilmir, qıc olmalar olur, nitqi də ləngiyir. Həmçinin gözündə də ciddi problemlər var. Ona görə də daim həkim nəzarətində olmaqla mütəmadi olaraq ambulator-stasionar müalicə alır. Mütəmadi olaraq nevroloji müalicəsi və nitq geriliyi ilə əlaqədar Loqoped dərslərindən yararlanması üçün “Freyd” psixoloyi nitq mərkəzində ödənişli kurslara aparır. Uşaqda psixi-motor ləngiməsi (nevroloji fonda) olduğuna görə mütəmadi olaraq ödənişli pedaqoji, laqopedik, klinik-refleksoloji və müalicəvi bədən tərbiyəsi seanslarına aparılmasına ehtiyac vardır. Həmçinin onun normal yemək, daim dərmanlarla təmin edilməsinə, tibbi seanslara aparılmasına, parklara, gəzintiyə, uşaqlarla çoxlu ünsiyyətdə olmaq üçün uşaq yaradıcılığı ilə bağlı kurslara aparılmasına ciddi ehtiyac vardır. Lakin uşağa edilən qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğıları ilə Cavabdeh heç vaxt maraqlanmamışdır. Hətta məhkəmə tərəfindən müəyyən edilmiş alimenti belə vaxtlıvaxtında ödəmir. Dəfələrlə ondan həm alimentin vaxtlı-vaxtında ödəməsini, məhkəmə tərəfindən müəyyən edilmiş 160 manat alimentin bəs etmədiyini, eləcə də 2023-cü ilin fevral ayından 60 manat əlavə məbləğ ödəməsini tələb etsə də cavabdeh onun xahişinə heç bir əhəmiyyət verməmişdir. Halbuki o, heç bir yerdə işləmədiyinə görə başqa yerdən gəliri yoxdur. Özü yuxarıda qeyd olunan ünvanda əvvəllər cavabdehlə, hazırda isə azyaşlı uşağı ilə kirayədə qalır. Valideynləri boşandıqlarına görə atası rayonda öz ailəsi ilə, anası isə onunla yaxınlıqda yaşayır. Hər ikisi pensiyaçıdır. Aldıqları pensiya ilə çətinliklə dolanırlar, onun maddi çətinliklər içərisində olduğuna görə aldıqları pensiya ilə ona müəyyən maddi və mənəvi dəstək olurlar. Bundan başqa, cavabdehin nikah pozulmamışdan əvvəl bilərəkdən onun, anasının və qardaşının adına kreditlə bahalı telefon götürmüş, onları sataraq şəxsi ehtiyacları üçün sərf etmiş və sonra da ondan ayrılaraq çıxıb getmişdir. Götürdükləri kreditləri ödəmək məcburiyyətində qalmaqla çox böyük maddi və mənəvi sıxıntılar keçirirlər. Bununla bağlı məhkəmə qərarları vardır. Xəstə azyaşlı uşağın saxlanılması üçün ayrı-ayrı şəxslərin evlərində təmizlik işləri görmək məcburiyyətində qalmışdır. Lakin bütün bunlar uşağının normal böyüməsi üçün yetərli deyildir. Cavabdeh Beyləqan rayonunda qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində ona məlum olmayan ünvanda yaşayır, taksi fəaliyyəti ilə məşğuldur. Onun həm minimum 220 manatı, həm də əlavə xərclərin ödənilməsi üçün maddi imkanı vardır. Buna görə də məcbur olduğuna görə “aliment məbləğinin artırılması və uşaq yetkinlik yaşına qədər tam sağalanadək əlavə xərcin ödənilməsi” barədə iddia ərizəsi ilə hazırda müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Uşağın saxlanması üçün hər ay 220 manat ödəməyə razıdır. Lakin əlavə xərc olaraq 100 manat ödəməyə razı deyildir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı, 051990 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ İ seriyalı 452394 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 09 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. - 12 saylı MKİS tərəfindən verilən 380 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞB/16-01024 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci ödəmişdir. - K.Y.Fərəcova adına X2 X5 tərəfindən verilən epikrizdən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 “G 80.4 Ataksik serebral iflic” diaqnozu qoyulmuşdur. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2372/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 13 iyun 2019-cu il tarixdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2095/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli, 4 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsində bağlanılmış və 690 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir - SER TSE-01 398712 nömrəli arayışdan görünür ki, İddiaçı əmək qabiliyyətsizdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2372/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 13 iyun 2019-cu il tarixdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh alimentin miqdarının artırılmasına razıdır, lakin əlavə xərc olaraq 100 manat ödəməyə razı deyildir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını və əlavə xərcin tutulmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə xx.xx.2017-ci il təvəllüdlü X4 müalicə xərci üçün 100 manat məbləğində vəsaitin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 “G 80.4 Ataksik serebral iflic” diaqnozu qoyulmuşdur. Bu səbəbdən uşağın saxlanmasında və onun müalicə xərclərinin ödənilməsində hər iki valideyn iştirak etməlidir. Odur ki, iddia bu hissədə qismən təmin olunmalı, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 70 manat məbləğində əlavə xərc müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən az olduğundan, cavabdeh ödəməli olduğu dövlət rüsumunu ödəməkdən azad olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2372/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və 70 manat əlavə xərc tutulub, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2372/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və 70 manat əlavə xərc tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar