Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-241/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi zərər” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3963,30 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 22 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 137x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin OBA Keşlə 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5970,01 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3963,30 manat borc qalmışdır. Beləliklə, Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 3963,30 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2023cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
Tərəflərin izahatları:
3. İddiaçı nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 avqust 2024-cü il tarixli, MŞB/20/2024-00330 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh 13 avqust 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir.
9. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçındə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Aylıq əmək haqqı 345 manatdır.
10. xx.xx.2023-cü il tarixli, 22 saylı əmrin çıxarışından görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmişdir.
11. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmiş, əmək haqqı 390 manat müəyyən edilmişdir.
12. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 390 manat müəyyən edilmişdir.
13. xx.xx.2023-cü il tarixli “X2” haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir.
14. Administrator vəzifəsi təlimatından görünür ki, vəzifə funksiyalarına daxildir: qəbul edilən məhsulların sayını və satışa yararlığını yoxlamaq. Vəzifə məsuliyyətlərinə daxildir: Sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıyır.
15. xx.xx.2023-cü il tarixli 137x saylı əmrdən görünür ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən xitam verilmişdir. Son haqq-hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir.
16. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
17. xx.xx.2023-cü il tarixli, 167 nömrəli “İnventarizasiya nəticələrinə dair yekun Akt”dan görünür ki, OBA Keşlə 6 mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 5970,01 manat məbləğində kəsrin olduğu müəyyən edilmişdir.
18. xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən imzalanmış “İltizamnamə”dən görünür ki, Cavabdeh ziyan vurma faktının aşkar olunduğu xx.xx.2023-cü il tarixdə mağaza sayımında tam iştirak etmiş, sonda qarşılaşdırma ilə kəsr verən (yəni əskik gələn) mallarla bağlı məlumatlandırılmış və sayılan miqdarda verilən çəki kodlarına cavabdeh olduğunu bildirmişdir.
19. 07.03.2024-cü il tarixli İddiaçı Cavabdeh ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması barədə xəbərdar olunmuşdur.
20. 15.03.2024-cü il tarixli imtina aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ünvanında yerləşən Oba-Keşlə 6 mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun əsnədləri imzalamaqdan və əskikgəlmlələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
21. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçındə işlədiyi dövrdə 3963,30 manat əskikgəlmə aşkar edilmişdir. 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir.
22. 28 iyun 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında ümumi olaraq 5970,01 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Güzəşt olunduqdan sonra Cavabdeh MMC-yə 3963,30 manat borcu qalmışdır.
İşin faktiki halları:
23. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin "X2" haqqında müqavilə imzalanmışdır. Cavabdeh İddiaçı MMC-nin OBA Keşlə 6 mağazasında işlədiyi zaman xx.xx.2023-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “İnventarizasiya nəticələrinə dair yekun Akt”a əsasən 5970,01 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3963,30 manat borc qalmışdır. Hazırda iddiaçı 3963,30 manat məbləğində dəymiş maddi zərərin əvəzini cavabdehdən tələb edir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
11-ci maddəsində müəyyən edilmiş əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları arasında işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ təsbit edilmişdir. 104-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 17 iyul 2023-cü il tarixli qərarı:
Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda X2ə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə işdə iştirak etmiş iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
28. Məhkəmə hesab edir ki, əmək qanunvericiliyinə görə işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti işəgötürən və işçinin mülkiyyət hüququnun müdafiə üsullarından biri olmaqla hər iki tərəf öz vəzifələrinin təqsirli olaraq pozulmasına görə maddi məsuliyyət daşıyır və hər iki tərəfin qarşılıqlı maddi məsuliyyəti kompensasiya xarakterlidir.
29. İddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı mülki hüquqi məsuliyyətinin “Hüququn konpensasiya funksiyası”ndan istifadə edərək mövcud iddia tələbi ilə çıxış edir. Bu funksiyanın əsas məqsədi hüquq pozma zamanı yaranan mənfi nəticələri aradan qaldırmaq vəzifəsinin həll edilməsindən ibarət olmaqla, konpensasiya funksiyasının həyata keçirilməsi vurulmuş zərərin əvəzinin ödənilməsinə xidmət edir.
30. İddiaçının tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddənin dispozitiv şərtlərinə əsasən belə iddianın təmin olunması üçün - a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanunun tələbinə görə bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır.
31. Göründüyü kimi birinci şərt ziyanın həqiqətən vurulduğu aşkar olmalıdır.
32. Birinci şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlardan: OBA Keşlə 6 mağazasında keçirilmiş yoxlama nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 167 nömrəli “İnventarizasiya nəticələrinə dair yekun Akt”dan müəyyən edillir ki, iddiaçıya mal çatışmazlığı nəticəsində həqiqətən maddi ziyan dəymişdir.
33. İkinci şərt təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olmasıdır.
34. İlk növbədə məhkəmə hərəkət və ya hərəkətsizliyin qanuna zidd olmasının nədə ifadə olunmasına aydınlıq gətirilməsini zəruri hesab edir. Qanunvericiliyə görə hüquqazidd hərəkət dedikdə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan davranış qaydalarını pozan və öz əksini qadağan edilmiş fəaliyyətdə, yaxud da lazımi fəaliyyətin göstərilməməsində tapan əməl başa düşülür. Hərəkətsizlik dedikdə isə şəxsin üzərinə düşən vəzifələri yerinə yetirmək imkanına malik olması və yerinə yetirməli olmasına baxmayaraq bunları etməməsi başa düşülür.
35. Əmək münasibətləri prosesində hərəkət və ya hərəkətsizliyin qanuna zidd olması işəgötürənin və işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi hallarında onların davranışının hüquqazidliliyində ehtiva olunur. Bu halların mövcudluğu isə işəgötürənin və ya işçinin maddi məsuliyyətinin yaranma əsası kimi çıxış edir. Bu baxımdan işəgötürənin və işçinin hərəkətinə (hərəkətsizliyinə) qiymət vermək üçün ilk növbədə onların əmək vəzifələrinin dairəsinin müəyyən olunması zəruridir.
36. Araşdırılan mübahisədən göründüyü kimi tərəflər əmək münasibətləri prosesinin iştirakçısı olmaqla cavabdehlə (işçi) əmək müqaviləsi və X2 müqaviləsi bağlanılmışdır.
37. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 3-cü bəndindən görünür ki, işçi vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarını yerinə yetirməyi öhdəsinə götürür.
38. “Vəzifə Təlimatı”nın 3.2 və 3.4-cü bəndlərindən görünür ki, adminstrator sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıyır, həmçinin ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə də məsuliyyət daşıyır.
39. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh əvvəlcə kassir sonra Cəmiyyətlə “X2 haqqından Müqavilə” bağlayaraq administrator vəzifəsinə keçirilmişdir.
40. Belə olan halda, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş və maddi məsul şəxs olaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını təmin etmək üçün üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən mağazada aparılmış yoxlama nəticəsində kəsr müəyyən edilmişdir.
41. “X2 haqqından Müqavilə”nin 1.3-cü bəndinə görə maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir.
42. Qeyd olunanlar məhkəməyə, işçi tərəfindən hərəkətsizlik edilməsi, əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi və “X2 haqqından Müqavilə”nin öhdəliklərinin pozulması nəticəsinə gəlməyə əsas verir.
43. Üçüncü şərt təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmasıdır.
44. İşin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçının maddi zərərə uğraması aşkardır. Həmin zərər işçinin (cavabdehin) işlədiyi yer üzrə kəsri səbəbindən yaranmışdır.
45. Həmçinin müəyyən edildi ki, işçi (cavabdeh) vəzifə təlimatını lazımınca yerinə yetirməyərək maddi məsul şəxs olaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını təmin etməmişdir.
46. Eləcə də iş materialları ilə müəyyən edilir ki, iddia olunan zərər cavabdehin işlədiyi dövrü əhatə etməklə, cavabdeh tərəfindən qəbul edilmiş məhsullara görə yaranmışdir.
47. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, işçinin (cavabdehin) vəzifə təlimatından irəli gələn əmək funksiyalarını lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir, yaranmış zərər işçinin hərəkəti və həkərətsizliyi ilə bağlıdır.
48. Göründüyü kimi qanunvericiliyin hər üç şərtinin olması sadalanan hallara əsasən aşkardır və bu baxımdan demək olar ki, iddiaçı haqlı olaraq ona dəymiş zərəri tələb edir.
49. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçınə 3963,30 manat məbləğində maddi zərər vurmuşdur.
Məhkəmə baxışının hədləri:
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
51. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun:
9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xərcləri:
52. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
53. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçınə vurulmuş ziyana görə 3963,30 manat məbləğində pul vəsaiti, mediasiya xərci üçün ödənilmiş 60 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
54. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Cavabdeh İddiaçınə vurulmuş ziyana görə 3963,30 manat məbləğində pul vəsaiti, mediasiya xərci üçün ödənilmiş 60 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova