Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2423/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2025-ci il tarixə 6146.60 manat müqavilə üzrə əsas borc, 6405.51 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 1385.43 manat müqavilə müddəti üzrə hesablanmış cərimə borcu olmaqla, cəmi 13937.54 (on üç min doqquz yüz otuz yeddi manat əlli dörd qəpik) manat borcun və iş üzrə ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 0207/2022 saylı 23 sentyabr 2022-ci il tarixli “Bank hesabı və kredit” müqaviləsinə (Müqavilə) əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliyin təminatı olaraq iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 0207/2021/1 saylı 23 sentyabr 2022-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit üzrə əsas borc, faizlər, dəbbə pulu, borcun tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində BOKT "xxxx" MMC-yə dəyən zərərin ödənilməsinin yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə onunla eyni həcmdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən BOKT, borcalan müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda krediti hesablanmış faizlə birlikdə qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2025-ci il tarixli, 0392 saylı Bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün əməli tədbir görməmişlər. BOKT, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəli pozulmuşdur. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 13937.54 (on üç min doqquz yüz otuz yeddi manat əlli dörd qəpik) manat təşkil edir. Bundan 6146.60 manat müqavilə üzrə əsas borc, 6405.51 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 1385.43 manat müqavilə müddəti üzrə hesablanmış cərimə borcu təşkil edir.
İş materialları :
3. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0207/2022 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən BOKT borclana 36 ay müddətinə, illik 30% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilməsini, borcalan isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri BOKT-a ödəməyə dair pul öhdəliyini öz üzərinə götürmüşdür.
4. xx.xx.2022-ci il tarixli 0207/2022 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, Cavabdeh2 36 ay (xx.xx.2022-ci il tarixdən xx.xx.2025ci ilədək) müddətinə, illik 30 % faiz dərəcəsi ilə, hər ay 424.52 manat ödəmək şərtilə 10000 manat əsas borc, 5282.57 manat faiz ödəməyi öhdəsinə götürmüşdür.
5. Cavabdeh2 adına açılmış hesab üzrə xx.xx.2022-xx.xx.2025 dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh2 adına açılmış hesaba 10000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.
6. BOKT "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022cü il tarixli, 0207/2021/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə zamin borclunun BOKT qarşısında 0207/2021 saylı, xx.xx.2022-ci il tarixli kredit üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “BOKT”a dəyən digər zərərin ödənilməsi) yerinə yetirməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
7. İddiaçı BOKT "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli, 0207/2022 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış müqavilə üzrə əsas borc 6146.60 manat, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 6405.51 manat, müqavilə müddəti üçün hesablanmış cərimə faizi 1385.43 manat olmaqla, cəmi 13937.54 manat təşkil edir.
8. İddiaçı BOKT "xxxx" MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci tarixli, 0392 nömrəli bildirişdən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh2 arasında kredit müqavilə bağlanması, lakin müqavilənin tələblərinin pozulması, kredit öhdəliklərinin lazımınca icra edilməməsi, nəticədə xx.xx.2025-ci il tarixinə 6146.60 manat əsas, 6405.51 manat faiz, 1385.43 manat cərimə borcu olmaqla, cəmi 13937.54 manat məbləğində borcu olması, borcun 3 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
9. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə müraciət etmək üçün 132 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini bildirərək məhkəmədən ödənişlərin edilməsi üçün vaxt verilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirərək məhkəmədən ödənişlərin edilməsi üçün vaxt verilməsini xahiş etmişdir.
İşin faktiki halı :
13. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 0207/2022 saylı kredit müqaviləsi, BOKT "xxxx" MMC ilə zamin Cavabdeh1 arasında xx.xx.2022-cü il tarixli 0207/2021/1 saylı Zaminlik müqaviləsinin bağlanması, Cavabdeh2 tərəfindən kredit müqaviləsindən və Cavabdeh1 tərəfindən zaminlik müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.
14. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi :
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanmışdır.
23. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0207/2022 nömrəli Kredit Müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 30% dərəcəsi ödəmək şərtilə 10000 manat məbləğində kredit verməyi, cavabdeh isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
24. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
27. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən (müqavilə, ödəniş qrafiki, hesabdan çıxarış) müəyyən olunur ki, BOKT "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh2 36 ay müddətinə (xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək), illik 30 % ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmiş, lakin Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
28. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
29. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 4.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan tərəfindən ödəniş qrafiki üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə borcalan verdiyi krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər.
31. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı BOKT "xxxx" MMC Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
32. İddiaçı BOKT "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada ləğv edilmişdir.
33. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
34. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
35. Belə olan halda məhkəmə Cavabdeh2 xx.xx.2022-cü il tarixli, 0207/2022 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 6146.60 manat, faiz borcuna görə 6405.51 manat ödənilməsi tələbini əsaslı hesab edir.
36. Həmçinin iddiaçı BOKT "xxxx" MMC Cavabdeh2 1385.43 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.
37. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0207/2022 saylı kredit müqaviləsinin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan kreditin aylıq ödənişini gecikdirdikdə BOKT borcalana qarşı kredit üzrə aylıq ödənişin əsas məbləğinə gecikdirildiyi hər təqvim günü üçün bu müqavilənin 1.1.1-ci bəndində göstərilmiş cərimə tətbiq edilir. Müqavilənin 1.1.1-ci bəndində əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə əlavə illik 10 faiz cərimə və əlavə olaraq günlük 1 faiz dəbbə pulu hesablanır.
38. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (MM 462.1; 465.2m).
39. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
40. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
41. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 1385.43 manat təşkil edən cərimə məbləğinin 100 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Zaminlik müqavilələri üzrə zaminlərdən tutulmanın aparılması ilə bağlı :
42. Məhkəmə qeyd edir ki, iddiaçı BOKT "xxxx" MMC-nin iddia tələbi zamin Cavabdeh1 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.
43. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
45. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli, 0207/2021/1 saylı Zaminlik müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqaviləyə görə zamin borclunun BOKT qarşısında 0207/2021 saylı, xx.xx.2022-ci il tarixli kredit üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “BOKT”a dəyən digər zərərin ödənilməsi) yerinə yetirməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.
47. Həmin müqavilələrin 3.1-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə faizlərin və hesablaşma gününə cərimə sanskiyasının ödənilməsi öhdəliyinin icra edilməməsi halları da daxil olmaqla, “BOKT” qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır.
48. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyimiz mövqeyindən çıxış edərək qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə Cavabdeh1 “borc alan”la birgə məsuliyyət daşımağı öhdəsinə götürdüyündən iddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.
49. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, 0207/2022 saylı kredit müqaviləsi üzrə 6146.60 manat əsas borc, 6405.51 manat faiz borcu və 100 manat dəbbə borcu olmaqla, cəmi 12652.11 manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri :
50. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 132 manat müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə :
51. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə 6146.60 manat əsas borc, 6405.51 manat faiz borcu və 100 manat dəbbə borcu olmaqla, cəmi 12652.11 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6146.60 manat əsas borc, 6405.51 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 12652.11 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilsin. İddiaçı BOKT "xxxx" MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva