Məhkəmə qərarları › İş №e-2(007)-2453/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2453/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2453/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “ödənilmiş hərrac xərrac xərclərinin geri tələb edilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “ödənilmiş hərrac xərrac xərclərinin geri tələb edilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və “X1 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixli 010714 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 15 faiz olmaqla xx.xx.2019-cu il müddətinə 32000 (otuz iki min) manat kredit verilmişdir. xx.xx.2014 -cü il tarixli 010714 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2014- cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh arasında xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 70.7 kv.m, yaşayış sahəsi 50.04 kv.m, yardımçı sahə 20.66 kv.m olan 4 otaqdan ibarət olan mənzil “X1 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh öz ökdəliklərini lazımınca yerinə yetirmədiyi üçün “X1 Azərbaycan” QSC Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3000/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25403.10 manat əsas borc, 2573.18 manat faiz borcu,11 manat poçt xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 28807.93 manat vəsaitin “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, vəsait kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması, məbləğ borcdan artıq olduğu halda isə qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3000/2017 saylı qətnaməsi dəyişdirilərək, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayou, Sahil qəsəbəsi, məhəllə 21, 2 A saylı evin 24 saylı mənzilinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhər üzrə İcra idarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar Hərracın nəticələri barədə 30 oktyabr 2020-ci il tarixli 34/04 saylı Hərracın yekunları barədə Protokoluna əsasən “X1 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il tarixində 123 saylı ödəniş tapşırığına əsasən 487,69 manat (ƏDV 18%) və 2709.37 manat xidmət haqqının, cəmi 3197.06 manatın "xxxx" MMC -yə ödənilməsinə dair 123 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən xx.xx.2020-ci il tarixində 530.25 manat məbləğində sadələşdirilmiş verginin ödənilməsinə dair 428 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə 487,69 manat (ƏDV 18%) və 2709,37 manat xidmət haqqının, 530,25 manat sadələşdirilmiş verginin, cəmi 3727,31 manatın və ödənilmiş 57,30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3000/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25403.10 manat əsas borc, 2573.18 manat faiz borcu,11 manat poçt xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 28807,93 manat borcun tutulması, tutmanın cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayou, Sahil qəsəbəsi, məhəllə 21, 2 A saylı evin 24 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, vəsait kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması, məbləğ borcdan artıq olduğu halda isə qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3000/17 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəllə 21, 2 A saylı evin 24 saylı mənzilinin ilkin satış qiymətinin 85 000 (səksən beş min) manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti orqana göndərilmişdir. Hərracın nəticələri barədə 30 oktyabr 2020-ci il tarixli 34/04 saylı Hərracın yekunları barədə Protokol ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12051/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin xx/xx-141735/1 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubunun və “X1” Azərbaycan QSC-nin nüvafiq məktubunun icrasına əsasən mübahisəli əmlak “X1 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. “X1 Azərbaycan” QSC-nin xx.xx.2019-cu il tarixində 123 saylı ödəniş tapşırıqları ilə müəyyən olunur ki, “X1 Azərbaycan” QSC tərəfindən "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin hesabına Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəllə 21, 2 A saylı evin 24 saylı mənzilinin hərrac xidmətinin dəyəri olaraq 487,69 manat (ƏDV 18%) və 2709,37 manat ödənilmişdir. “X1 Azərbaycan” QSC-nin xx.xx.2020-ci il tarixli, 428 saylı ödəniş tapşırığı ilə 530,25 manat məbləğində sadələşdirilmiş verginin ödənilməsi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X1 Azərbaycan” QSC məhkəməyə müraciət etmək üçün 57,30 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 487,69 manat və 2709,37 manat xidmət haqqı, 530,25 manat sadələşdirilmiş vergi ödənişi borclu Cavabdeh əvəzinə tələbkar “X1 Azərbaycan” QSC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri- əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. “İcra haqqında” Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. “İcra haqqında” Qanunun 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. “İcra haqqında” Qanunun 81.1 -ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında” Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi iləəlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdətutulmasın. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar “X1 Azərbaycan” QSC-yə maddi zərər yetirilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, “X1 Azərbaycan” QSC tərəfindən ödənilmiş 487,69 manat (ƏDV 18%) və 2709,37 manat məbləğində xidmət haqqı, 530,25 manat məbləğində sadələşdirilmiş vergi ödənişi olmaqla, cəmi 3727,31 manat Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35,30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 487,69 manat (ƏDV 18%) və 2709,37 manat məbləğində xidmət haqqı, 530,25 manat məbləğində sadələşdirilmiş vergi ödənişi olmaqla, cəmi 3727,31 manat məbləğində borc və ödənilmiş 57,30 manat məbləğində dövlət rüsumu Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar