Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2453/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcu") Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 17547.80 manat əsas, 1054.72 manat faiz, 167.82 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 18770.34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 146.32 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 22% ödəmək şərtilə 25000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. 2065micBKX/23 saylı zaminlik müqaviləsinə əsasən, zaminlər kreditor qarşısında əsas borclunun xx.xx.2023-cü il tarixli, 2065micBKX/23 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 27 may 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 17547.8 manat əsas, 1054.72 manat faiz, 167.82 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 18770.34 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
İş materialları :
3. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2065micBKX/23-EM saylı “əsas kredit və bank hesabı” müqaviləsindən görünür ki, borcverən borcalana 300000 manat məbləğində illik maksimum 32%, minimum 1 ay, maksimum 120 ay müddətinə xx.xx.2033-cü il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi və ona bank hesabı açmağı öhdəsinə götürmüşdür.
4. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2065micBKX/23 saylı Əlavə kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə borcverən 36 ay müddətinə xx.xx.2026-cı il tarixədək illik 22% ödəmək şərti ilə 25000 manat məbləğində krediti 0 ay güzəşt müddəti ilə borcalanın mülkiyyətinə verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 23.2 faiz təşkil edir. Kreditin məqsədli təyinatı-daşınmaz əmlakın alınması, tikintisi və yenidənqurma işləridir.
5. "xxxx" KB ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 2065micBKX/23 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun xx.xx.2023-cü il tarixli, 2065micBKX/23 saylı Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə kreditor borcluya xx.xx.2026-cı il tarixədək 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə, 25000 manat məbləğində kredit verilir.
6. xx.xx.2023-cü il tarixli, 2065micBKX/23 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 36 ay (xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilədək) müddətinə, illik faiz dərəcəsi 22 %, hər ay 825 manat ödəmək şərtilə 21598 manat kredit verilmişdir.
7. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. xx.xx.2025-ci il tarixinə 17547.80 manat əsas, 549.94 manat faiz, 21.49 manat cərimə olmaqla, cəmi 18119.23 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
8. İddiaçı "xxxx" KB ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 2065micBKX/23 saylı kredit müqaviləsi üzrə 17547.80 manat əsas borc, 1054.72 manat faiz borcu və 167.82 manat cərimə olmaqla, cəmi 18770.34 manat borcu vardır.
9. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 146.32 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.
11. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında (xx.xx.2025) iştirak edən Cavabdeh1 borc məbləğini qəbul etdiyini, sadəcə hissə-hissə ödəməyə imkanı olduğunu bildirmişdir.
12. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 2065micBKX/23 saylı kredit müqaviləsi, "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli 2065micBKX/23 saylı Zaminlik müqaviləsinin bağlanması, Cavabdeh1 kredit müqaviləsindən və Cavabdeh2 və Cavabdeh3 Zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.
14. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 2065micBKX/23 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
Məhkəmənin mövqeyi :
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. İşin faktiki halı odur ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq müqavilənin bütün mühüm şərtləri barədə tələb edilən formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanılmışdır.
20. Belə ki, müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə, 25000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-nin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
22. İşin tədqiq edilən halları ilə müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 2065cimBKX/23 saylı kredit müqaviləsi üzrə üzərinə götürülən öhdəlik yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik lazımi qaydada yerinə yetirməmişdir.
23. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
24. Məhkəmə qeyd edir ki, Cavabdeh1 öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı "xxxx" KB ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
25. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
27. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
28. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada ləğv edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə, 549.94 manat məbləğində) tələb edə bilər.
29. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 2065micBKX/23 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 17547.80 manat və faiz borcu qismində 549.94 manat ödənilməsi tələbini əsaslı hesab edir.
30. Həmçinin iddiaçı "xxxx" ASC Cavabdeh1 167.82 manat məbləğində cərimə tutulması tələbini irəli sürmüşdür.
31. Məhkəmə iddiaçının iddia tələbinin cavabdehdən cərimə tutulması hissəsinə münasibətdə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildikdən sonra iddiaçı tərəfindən cavabdehə cərimə hesablanmasının hüquqi əsası yoxdur.
32. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə birtərəfli qaydada ləğv edildiyi tarixdə iddiaçı tərəfindən cavabdehə 21.49 manat cərimə hesablanmışdır.
33. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 21.49 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Zaminlik müqavilələri üzrə zaminlərdən tutulmanın aparılması ilə bağlı :
34. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC-nin iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.
35. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, 2065micBKX/23 saylı Zaminlik müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilənin 1.1 və 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin kreditor qarşısında borclunun xx.xx.2023cü il tarixli, 2065micBKX/23 saylı Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə kreditor tərəfindən borcluya xx.xx.2026-cı ilədək 36 ay müddətinə 0 ay güzəşt müddəti ilə kreditdən istifadəyə görə illik 22% ödənilməsi şərti ilə 25000 manat məbləğində kredit verilir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.
39. Həmin müqavilələrin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin borclunun kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görən kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
40. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyimiz mövqeyindən çıxış edərək qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələri üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “borc alan”la birgə məsuliyyət daşımağı öhdələrinə götürdüklərindən iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.
41. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 2065micBKX/23 saylı kredit müqaviləsi üzrə 17547.80 manat əsas borc, 549.94 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 18107.74 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri :
42. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 144.32 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 17547.80 manat əsas borc, 549.94 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 18107.74 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144.32 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17547.80 manat əsas borc, 549.94 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 18107.74 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144.32 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. İddiaçı "xxxx" KB ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Starə Əliyeva