Məhkəmə qərarları › İş №e-2(007)-2463/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2463/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2463/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2463/2023 saylı qərardadı ilə, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 129149-CNS-7105 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən X4 istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan X5 xx.xx.2016-cı ildə tarixdə ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. X1 xx.xx.2014-cü il tarixli 129149-CNS-7105 saylı kredit müqaviləsi üzrə Banka ümumilikdə 2076,62 ABŞ dolları məbləğində borcu qalmışdır. Bakı şəhəri 2 saylı Bakı “ASAN Xidməti” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 49 saylı məktubuna əsasən X3 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri - arvadı Cavabdeh3, oğlu Cavabdeh2, qızı Cavabdeh1 xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,5 kv/m olan miras əmlakdan ibarətdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onların tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehlərə pretenziya qaydasında müraciət olunmuşdur. Göstərilənlərə əsasən, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 129149-CNS-7105 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1825,42 ABŞ dolları məbləğində əsas borc, 251,20 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 2076,62 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 55,30 manat dövlət rüsumunun qanun üzrə vərəsələr Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib, izahat verərək göstərdi ki, bankla X5 arasında xx.xx.2014-cü il tarixdə 129149-CNS-7105 saylı nağd pul krediti müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən 36 ay müddətinə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı ildə X5 ürək çatışmazlığından vəfat etmişdir. xx.xx.2017-ci ildə hazırkı cavabdehlərə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Daha sonra onlara məlum olmuşdur ki, bank xx.xx.2023-cü ildə onlara qarşı hazırkı iddia tələbi ilə müraciət etmişdir. Görünən odur ki, bank qanunvericiliyin iddia müddəti ilə bağlı tələblərini pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, bank tərəfindən iddia ərizəsi 3 ilə yaxın vaxt keçəndən sonra məhkəməyə verilmişdir. İddia müddətini tətbiq etməklə, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişlər. Hazırkı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclaslarına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə X5 arasında bağlanmış 22 iyul 2014-cü il tarixli, 129149-CNS-7105 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən X4 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. X5 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - AZ-İ seriyalı 829200 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı ildə ürək çatışmazlığından vəfat etmişdir. - 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 49 nömrəli məktubundan görünür ki, xx.xx.2016-cı ildə vəfat etmiş X5 adına 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-200, 2V-201 və V-202 nömrə ilə qeyd edilmiş şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qızının mərhum X2 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68.5 kv.m olan mənzilə hər birinin 1/3 hissədə payları müəyyən edilmişdir. - Cavabdeh1 və Cavabdeh2 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinə verdiyi xx.xx.2017-ci il tarixli notarial ərizədən və miras payın bağışlanması müqaviləsindən görünür ki, onlar mərhum X2 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68.5 kv.m olan mənzili qəbul etməmişlər, öz paylarından imtina etmişlər və həmin mənzil onların anası Cavabdeh3 tərəfindən qəbul edilmişdir. - İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 01 may 2023-cü il tarixli Pretenziyadan görünür ki, cavabdehlər yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı ASC tərəfindən 55.30 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2023-cü il tarixə 1825.42 ABŞ dolları əsas, 251.20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2076.62 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, X5 ilə iddiaçı arasında 22 iyul 2014-cü il tarixli, 129149-CNS-7105 saylı kredit müqaviləsi bağlanmış, 22 iyul 2014-cü il tarixli, 129149-CNS-7105 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 20 faizlə, 6500 ABŞ dolları məbləğində ona kredit verilmişdir. X5 xx.xx.2016-cı ildə tarixdə ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Bakı şəhəri 2 saylı Bakı “ASAN Xidməti” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 49 saylı məktubuna əsasən X3 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri - arvadı Cavabdeh3, oğlu Cavabdeh2, qızı Cavabdeh1 xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı qeyd olunan borc məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə baxış iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 6500 ABŞ dolları məbləğində kredit verilməsinə dair 22 iyul 2014-cü il tarixli 129149-CNS-7105 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəf müqavilə münasibətləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti keçdikdən sonra, F.S.Tağıyevin vərəsələrinə qarşı, 2023-cü ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, 22 iyul 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti kimi 36 ay müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Cavabdeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı və cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsasında iş üzrə iddia müddəti tətbiq edilməklə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası, iddia müddəti keçdiyindən təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar