Məhkəmə qərarları › İş №e-2(007)-256/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-256/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-256/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkil-nümayəndəsi Vəkil1, Cavabdehin vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul" tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 75000 (yetmiş beş min) manat məbləgində pul, vəkilə ödənilən 500 manat xidmət haqqı və ödənilmis dövlət rüsumunun əvəzi qismində 347 (üç yüz qırx yeddi) manat alınaraq iddiaçı X6 oğluna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh MMC-də hüquqşunaş vəzifəsində işləyir. 2023-cü ilin əvvəlində cavabdehin maliyyə durumu çox aşağı olmuşdur, işçilərin maaşlarım ödəyə bilməmişdir, digər hüquqi və fiziki şəxslər qarşısında olan maliyyə öhdəliklərini qarşılıya bilməmişdir və nəticədə vəziyyəti ağırlaşmışdır, lakin eyni zamanda, kifayət qədər müqavilələr üzrə alacaqları da olmuşdur, hansılar müəyyən müddət ərzində hissə-hissə ödənilməli idi. Şirkət tərəfindən borc və ya kredit götürmək qərara alınmışdır. Kredit Şirkətin vəziyyətini daha da ağırlaşdacağı üçün iddiaçı cavabdehə qohumları da olan pul vəsaitdən istifadə etməyə təklif etmişdir. X5 isə bildirdi ki, gəl borc müqavilə bağlayaq və 18 ay ərzində borcu geri qaytaracağını vəd etmişdir, işçilərin maaşları da ödəniləcək. İddiaçı da öz növbəsində buna razılıq verdi və qohumlardan 75000 manat vəsaiti götürmüşdür. Bundan sonra 24 yanvar 2022-ci il tarixdə aralarında borc müqaviləsi bağlanmışdır və 75000 manat vəsait cavabdehə nağd şəklində verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən borc alan 75 000 manat məbləği müqavilə imzalanan tarixdə borc verəndən almışdır, möhürü və imzası ilə bunu təsdiq edir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc verən borc alana 75000 manat pul vəsaitini ən geci 18 aya qaytarmaq şərtilə maliyyə yardımı kimi borca verir, borc alan isə borcu bu Müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürür. O, dəfələrlə 2024-cü ilin mart ayından Zaur İsmayılzadəyə bildirmişdir ki, onun pulunu qaytarmaq lazımdır, lakin o cavab vermişdir ki, borcu qaytarmağa imkanı yoxdur. Elə həmin ərəfədən də onun əmək haqqını da ödəməyi dayandırmışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir və borcun ödənilməsi xahiş olunmuşldur, lakin təəsüflər olsun ki, həmin məktub cavabsız qalmışdır. Ona görə, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmək üçün vəkillə müqavilə bağlanılmışdır və vəkilə 500 manat xidmət haqqı da ödənilmişdir. Cavabdehin etirazı: Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil3 və Vəkil2 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərərək göstərmişdir ki, İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən 75000 (yetmiş beş min) manat məbləğində pulun, vəkilə ödənilən 500 manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzində 347 (üç yüz qırx yeddi) manatın alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iddia üzrə Cavabdeh MMC-də hüquqşünas vəzifəsində işləyir. 2023-cü ilin əvvəllərində iddiaçının maliyyə durumu çox aşağı olduğundan işçilərin maaşları ödənilə bilməmiş, digər hüquqi və fiziki şəxslər qarşısında olan maliyyə öhdəlikləri qarşılana bilməmişdir. Eyni zamanda da hazırki iddia üzrə iddiaçının kifayət qədər müqavilələr üzrə alacaqları olmuşdur ki, onlarda bir qismi müəyyən müddət ərzində hissə-hissə ödənilməli olmuşdur. İddiaçı Cavabdeh MMC-nin direktoru İsmayılzadə Zaur tərəfindən maliyyə vəziyyəti aşağı olduğunan borc və ya kredit götürmək qərarı alınmışdır. Kredit Şirkətin maliyyə vəziyyətini daha da ağırlaşdıracağı üçün cavabdeh İddiaçı tərəfindən iddiaçının direktoru İsmayılzadə Zaura qohumlarında olan pul vəsaitlərindən istifadə etməyi təklif etmişdir. İddiaçının direktoru İsmayılzadə Zaur bunun qarşılığına cavabdehə borc müqaviləsi bağlamağı təklif etmiş və 18 on səkkiz ay ərzində borcu geri qaytaracağını, işçilərin maaşlarının ödəniləcəyini də vəd etmişdir. Cavabdeh İddiaçı İsmayılzadə Zaurun təklifinə razılıq vermiş və qohumlarından 75 000 ( yetmiş beş min) manat məbləğində pul vəsaiti götürmüşdür. Bundan sonra 24 yanvar 2024-cü il 2024--cü il tarixində cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh MMC arasında borc müqaviləsi bağlanmış və 75 000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti iddiaçının direktoru X2 nağd şəkildə verilmişdir. İddia ərizəsi əsassız olduğundan rədd olunmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, o, Cavabdeh MMC-də hüquqşünas kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun tərəfindən kifayət qədər çox sənədlər imzalanması üçün direktora təqdim edilmişdir. İddia ərizəsində şirkətin maliyyə durumu ilə bağlı qeyd etdiyi məsələlər, iddiaçının direktoru ilə aralarında sözügedən danışıqların həyata keçirilməsi, ümumiyyətlə, həqiqəti əks etdirmir. Digər tərəfdən Cavabdeh MMC ilə İddiaçı arasında hər hansısa borc müqaviləsi bağlanmamışdır. Yəni Cavabdeh MMC-nin maliyyə vəziyyəti həmin dövrlərdə heç zaman pis olmamış əksinə mənfəət əldə etmiş, çalışan işçilərin əməkhaqqları vaxtında ödənilmişdir. Yəni cavabdehin heç zaman iddiaçıdan borc vəsaiti almaq niyyəti olmamışdır. Həmçinin müqavilədə olan ciddi qüsurları və qeyri-müəyyənlikləri məhkəmənin diqqətinə çatdırır: əvvəla, Müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur ki, Borc verən ( İddiaçı) bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş 75 000 AZN məbləği müqavilə imzalanan tarixdə ( 24 yanvar 2023-cü il) Borc alana verib, bunu imzası ilə təsdiq edir. Lakin pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. Nəzərə alsa ki, cavabdeh hüquqi şəxsdir, o zaman həmin pul vəsaiti əgər iddiaçının dedikləri həqiqət idisə, şirkətin bank hesabına mədaxil edilməli və əmək haqqılar və digər ödənişlər həmin hesabdan ödənilməli idi. Gefest MMC-nin direktoru tərəfindən bildirilmişdir ki, İddiaçı şirkətin hüquqşünası olaraq demək olar ki, hər gün ona imza üçün saysız-hesabsız sənədlər təqdim etmişdir. Əgər ortalıqda həqiqətən bu cür borc müqaviləsi vardırsa, onun imzalanmasını direktor bilə-bilə həyata keçirməmişdir. Çünki direktoru sözügedən borc müqaviləsi ilə bağlı razılığa gəlinməsində, müqavilənin bağlanmasında, yaxud da imzalanmasında hər hansısa iradə ifadəsi nümayiş etdirməmişdir. Digər tərəfdən müqavilənin skan versiyasında direktor İsmayılzadə Zaurun imzası və Cavabdeh MMC-nin möhürü qırmızı rəngdə əks olunmuşdur. Gefest MMC-yə məxsus olan, istifadə etdiyi qanuni möhür isə həmişə mavi rəngdə olmuşdur. (möhür nümunələrinin surəti qoşmaya əlavə olunur). O cür möhürdən isə heç bir vaxt istifadə olunmamışdır. İsmayılzadə Zaur nə vaxtsa, qırmızı rəngli qələmlə müqaviləyə imza atdığını xatırlamır. Lakin məhkəməyə təqdim edilmiş borc müqaviləsinin əslində isə imzalar və möhürlər mavi rəngdə əks olunmuşdur. Müqavilənin preambula-giriş hissəsinə diqqətlə nəzər salsa, həmin hissənin arxa fonunun qara rəngdə olmasını görür. Həmçinin müqavilənin soncu səhifəsində borclanın məlumatları kompyuter vasitəsi ilə yazılsa da, borc verənin məlumatları sonradan qələmlə əlavə edilmişdir. Əgər müqavilənin bağlanmasına iradə ifadəsi formalaşmışdırsa nə üçün müqavilə tərtib edilərkən iddiaçının məlumatları kompyuter vasitəsi ilə yazılmamışdır? Bütün bunlar onu deməyə əsas verir ki, iddia ərizəsində istinad edilən borc müqaviləsi etibarsızdır və saxtalaşdırılmışdır. Bütün qeyd edilən faktlar tam şəkildə sübuta yetirir ki, iddiaçı ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmişdir. Belə olan təqdirdə əgər iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi məhkəmə tərəfindən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Bir daha qeyd edir ki, iddiaçı cavabdeh hüquqi şəxsdə hüquqşünas kimi fəaliyyət göstərmiş, artıq tərəflər arasında inam formalaşmışdır. İddiaçı tərəfindən şirkətlə bağlı bir neçə müqavilələr hazırlanmış və hüquqi şəxsə imzalatdırılmışdır.Yaranmış inam nəticəsində şirkət rəhbərliyi onun tərəfindən təqdim edilən sənədlərə oxumadan imzalar atmışdır. Yəni, tərəflər arasında borc müqaviləsi bağlanması ilə bağlı niyyət ümumiyyətlə formalaşmamışdır. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X3 arasında 75 000 manat pul vəsaitinin sonuncuya verilməsi, həmin məbləğin 18 aya geri qaytarılması barədə müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehə mübahisənin məhkəmədən qabaq həlli ilə bağlı müraciət etmişdir. Bank hesabından çıxarışlar, mənfəət vergisinin bəyənnaməsi, 02 ədəd səs yazısını özündə əks etdirən 01 ədə flaş yaddaş iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 315 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 5/11-5/18 saylı, xx.xx.2025-ci il tarixli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli borc müqaviləsinin preambulası və 4,5,6-cı bəndləri olan hissəsi müqaviləyə əlavə edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və izahatında əlavə olaraq göstərdi ki, borc müqaviləsi var, möhürlə təsdiq olunmuşdur. Ekspert rəyində müdaxilə olunduğu qeyd olunmuşdur. Onlar ifadələrində bildirmişlər ki, onu kağız şəklində gətirmişdirlər. Nəsir özü hüquqşünas olduğu üçün bəzi bəndləri qəbul etməmişdir. O da həmin müqavilənin əslini təqdim etmişdir. Ola bilər şrift fərqli olar. Müqaviləyə imza atmışlar, sonra Nəsir Zaura demişdir ki, bəzi bəndlər düzgün deyil, elə həmin gün düzəliş olunmuşdur, yenisi tərtib olunmuşdur. Keçən iclasda tərəf özü etiraf etmişdir ki, möhürün pozulmadığını qəbul edirlər. Müqavilə tikilməsə idi, bəlkə nə isə etmək olardı. Şahid də 75 000 manat borcun olduğunu təsdiq edir. Borc verilmişdir, onun sonradan sistemə daxil olunub, olunmamağının məsələyə aidiyyəti yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi tamamilə əsassızdır. Təqdim olunan sənəd ekspert rəyindən də görünür ki, saxtalaşdırılmışdır. Rəydə qeyd olunur ki, tədqiqata təqdim edilmiş işin materiallarının 149-150-ci vərəqlərindəki 24 yanvar 2023-cü il tarixli borc müqaviləsinin preambulası və 4,5,6-cı bəndləri olan hissəsi müqaviləyə əlavə edilmişdir. Əlavə edilmişdir deyilməsi saxtalaşdırılması deməkdir. Bununla bağlı xüsusi qərardad çıxarılmasını xahiş edir. Tərəf özü də deyir ki, ilkin vəziyyəti bu olmuş, onla onu dəyişmişlər. Şahid isə işdə maraqlı tərəfdir. Çünki rəsmiləşdirilməmiş hansısa sazişdən danışır. Guya ona 50 faiz çatmalı olmuşdur. Etirazda qeyd etdiklərini nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, borc müqaviləsinin məzmunu məlumdur. Bir tərəf borc verir, digər tərəf qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə şahid tamam başqa ifadə verir. Ekspert rəyi də var, bu müqavilə artıq özlüyündə etibarsız müqavilədir. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş eti. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayından lahiyə rəhbəri işləmişdir, 2023-cü ildən icraçı direktor təyin olunmuşdur, 2024-cü ilin dekabr ayınadək işləmişdir. Şirkətin direktoru Zaur İsmayılzadə olmuşdur. İddiaçı onların şirkətində hüquqşünas işləmişdir. Şirkətin borcları olduğu üçün, kömək etmək üçün Nəsir tez-tez Zaura borc vermişdir. Aralarında pul söhbəti olurdu, Nəsir pulunu istəyirdi, Zaur da şirkətə pul gələndə qaytaracağını demişdir. Zaur Nəsiri uzaqlaşdırmaq istəyirdi, ona görə də onunla işləmək istəmədiyini demişdir. Nəsir də demişdir ki, pulunu qaytar çıxıb getsin. Təxmini 75 000 manat borcu olduğunu eşitmişdir. Onlar daim biryerdə olmuşdur, o, daha çox ərazidə olmuşdur. Pulunu vaxtında verməmişdir. Həm şirkət, həm də ustalar tərəfindən narazılıq yaranmışdır. Onda Nəsir kömək etmişdir. Zaur həmişə demişdir ki, şirkətin dövriyyəsində pul olanda qaytaracaq, amma dəqiq bilir ki, Nəsirə olan borcu ödəməmişdir. Onun yanında pul verilməmişdir. Amma eşitmişdir ki, pul verilmişdir. O pullar isə onların daxili hesabatlarında görünmür. Zaur da borcu olduğunu inkar etməmişdir. Demişdir ki, borc vermişdir, qaytaraqdır. Onlar aralarında danışanda ona demişdir ki, Nəsirin borcuna qarışmasın, o onluqdur. Zaur onun yanında borclu olduğunu etiraf etmişdir. Sadəcə demişdir ki, Nəsir onluqdur, onun işi olmasın. Nəsirin verdiyi pullar şirkətin tələbatını ödəməyə yönəlmişdir. Amma rəsmi olubolmadığını bilmir. Zaur o pulu şirkətin adına alıb, amma şirkətə də qoymamışdır. Onlar Zaurla şirkətin daxili hesabatını yəni qeyri rəsmi hesabatdakı borcları müzakirə etmişlər. O, lahiyə rəhbəri kimi işçi qüvvəsi tapmışdır, material almışdır, işi gördürmüşdür. Materialı aldığı şirkətlərə və ustalara borclu idilər. Ustalara əmək haqqını qeyri-rəsmi və rəsmi də vermişlər. Fəhlələri işə Zaur və Nəsir götürmüşdür. O isə işin keyfiyyətinə nəzarət etmişdir. O işləri mühasibdən soruşmaq lazımdır, o bilir. O, daha çox ərazidə olmuşdur. Amma ərazinin, tikintinin problemlərini biryerdə müzakirə etmişlər. Onun yanında pul verilməmişdir. 75 000 manat məbləğin rəsmi sistemə giriş olunduğunu bilmir. O özü sonuncu haqq-hesabının ödənilmədiyi üçün iddia qaldırmışdır. Şirkətin 779 000 manat abadlıqdan alacağı var idi. Nəsirin də payı var idi. Paylarını almamışlar, amma alacaqdılar. Əvvəl 4 nəfər şərik olmuşlar. Onun payı Zaurla 50 faiz olmuşdur. Nəsirə son aylarda 15 faiz ayırmışlar. Orda başqa borclar da olmuşdur, onları çıxmalı idilər. Son 3 ilin gəlir payından ona 200 000 manat çatmalı idi. Nəsirə çatmalı olan pulu hesablamamışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddia tələbinin əsası kimi xx.xx.2023-cü il tarixli borc müqaviləsini göstərmiş, cavabdeh tərəf isə həmin müqavilənin etibarsız olmasını bildirmişdir. Məhkəmə hesab edir ki, belə olan halda ilk olaraq mübahisə predmeti olan müqavilənin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilməli, bu hala qiymət verildikdən sonra həmin müqavilə üzrə pul tələbinə qiymət verilməlidir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən müəyyən edilmişdir ki, iş materiallarında olan müqavilənin əslində preambula və müqavilənin 4,5,6-cı bəndləri müqaviləyə sonradan əlavə edilmişdir. Bundan başqa tərəflərin rekvizitləri göstərilən, müqavilənin sonluğundan borc alan tərəfin rekvizitləri komputer vasitəsilə daxil edilsə də, borcverən tərəfin rekvizitləri əl yazısı ilə göstərilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ekspert rəyində qeyd edilən hissələrin, habelə əl yazısı ilə qeyd edilən rekvizitlərin müqaviləyə borc alan-cavabdeh tərəfindən imza atıldıqdan öncə və ya sonra əlavə edilməsini müəyyən etmək mümkün olmamış və bu hal məhkəmə üçün şübhə doğurmuşdur. Bundan başqa iddiaçının qeyd etdiyi 75000 manat pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən sübutlar, bank hesabına mədaxil barədə arayış, mədaxil qəbzi, mədaxil orderi və.s məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şahidin ifadəsinə qiymət verərək qeyd edir ki, məhkəmənin icraatında məhkəmə iclasında ifadə verən şahid ilə cavabdeh arasında mülki məhkəmə mübahisəsi olduğundan şahidin ifadəsi məhkəmə tərəfindən mötəbər hesab edilə bilməz. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid öz ifadəsində cavabdehin iddiaçıya borcu olduğunu qeyd etsə də, bu hal iş materiallarında olan digər sübutlarla təsdiq olunmur. Məhkəmə cavabdeh tərəfin etirazına da qiymət verərək qeyd edir ki, cavabdeh tərəf etirazında və məhkəmə iclaslarında bildirmişdir ki, iddiaçı cavabdeh şirkətdə hüquqşünas kimi çalışmış və şirkətin direktoruna gün ərzində bir neçə sənəd imzalatmışdır, bu sənəd də həmin sənədlərin arasında imzalanmış ola bilər. Məhkəmə hesab edir ki, direktorun bu sənədə imza atması o demək deyil ki, onun belə bir iradə ifadəsi olmuşdur, belə ki, müqaviləyə müdaxilələr, habelə etirazda da göstərildiyi kimi iddiaçının şirkətin direktoruna bir neçə sənəd imzalatması halları məhkəmə tərəfindən xüsusilə nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən pul tələb edərkən istinad etdiyi borc müqaviləsi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmədiyindən, sözügedən pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən digər mötəbər sübutlar mövcud olmadığından iddia tələbi əsaslı hesab edilə bilməz. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Məhkəmə bundan başqa cavabdehin vəkili və nümayəndəsinin cavabdeh barəsində xüsusi qərar çıxarılması barədə xahişinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə cavabdeh barəsində xüsusi qərar qəbul edilməsi üçün əsaslar mövcud deyildir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Gefest” MMC-yə qarşı “pul” tələbinə dаir iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 70 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul" tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 70 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar