Məhkəmə qərarları › İş №e-2(007)-2560/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2560/2023

24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2560/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı nümayədəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah münasibətinə daxil olmuş və tərəflərin birgə nikahından 05 mart 2010-cu il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(006)- 731/2016 saylı qətnaməsinə əsasən Cavabdeh 05 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 yanvar 2016-cı il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Uşağın qidalandırılması, geyimi, təhsili və digər zəruri xərclər cavabdehin ödədiyi alimentdən qatqat artıq xeyli pul tələb edir. Uşağın məsrəfləri, böyüdükcə gündən-günə artır. Onun qayğısını və ehtiyaclarını iddiaçı özü tək başına çəkir. Uşaqlar böyüdükcə atalarına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Qeyd olunanlardan əlavə ölkədə uşaqlar üçün 2023-cü il üzrə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun olmalıdır. İddia tələbi ilə bağlı Cavabdeh məcburi mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Lakin o, təklifə heç bir cavab verməmişdir. Bundan sonra cavabdeh Rüstəmli X1 Şurasının mediatoru tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddiaçı aliment məbləğinin barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh birgə rəsmi nikahından doğulmuş 05 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayədəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2023-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi yer üzrə əmək haqqının 360 manat olduğunu, hər ay maaşından 254 manat 80 qəpik tutularaq iddiaçının kart hesabına köçürüldüyünü, maaşını və himayəsində iki azyaşlı övladının olduğunun nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı, 393248 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 mart 2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(006)- 731/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh yetkinlik yaşına çatmayan 05 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 aprel 2023-cü il tarixli, № MŞB/13/2013-00271 saylı arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(006)-731/2016 saylı qətnaməsi ilə 05 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2016-cı ildə 120 manat aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 7 ildən artıq müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2016-cı ildə müəyyən edilmiş 120 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Bu zaman məhkəmə iddiaçı ilə yanaşı, cavabdehin də mənafeyini, o cümlədən 2023cü il üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(006)-731/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(006)- 731/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar