Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2592/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4393,37 manat əsas borc, 356,86 manat faiz borcu, 380,83 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya üzrə 22,64 manat borc və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1,50 manat məbləğində pul vəsaiti və 71,55 manat dövlət rüsumunun “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 400 manat məbləğində, 5 il müddətinə kredit kartı limiti açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kedit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, koçissiyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytaqrmağı öhdəsinə götürmüşdür.“X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 4393,37 AZN, hesablanmış və ödənilməmiş faiz borcu: 356,86 AZN, cərimə borcu: 380,83 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 22,64 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 1,50 manat, cəmi borc: 5155,20 manat təşkil edir. Borcalan Cavabdeh müqavilə şərtlərinə əsasən ona ayrılmış 500 manat limitdən 21.55 azn məbləğində limiti aşmışdır (limitdən artıq istifadə etmişdir). İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə 06 noyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, işə iddiaçı tərəfin məhkəmə iclasında iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, Cavabdeh məhkəmə baxışı iclasının məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməklərinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, xx.xx.2022-ci ildə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 4000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə olan borcu: əsas məbləğ üzrə borc 4393,37 manat, hesablanmış və ödənilməmiş faiz borcu 356,86 manat, cərimə borcu 380,83 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 22,64 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1,50 manat, cəmi borc 5155,20 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X1 Azərbaycan” QSC məhkəməyə müraciət etmək üçün 71,55 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, qarışıq müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozması ilə əlaqədar “X1 Azərbaycan” QSC-ti həmin müqavilə üzrə olan borc məbləğinin cavabdehdən məhkəmədən kənar qaydada 5 iş günü ərzində qaytarılması və ödənilməsini tələb etmişdir. Əks halda “X1 Azərbaycan” QSC-yə yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından istifadə edəcəyini bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci ildə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 4000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdeh kreditdən istifadə etsə də, kreditin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə tam əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, Cavabdeh “X1 Azərbaycan” QSC ilə kredit müqaviləsi üzrə 380.83 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə olan halda, məhkəmə hesab edir ki, 380.83 manat məbləğində dəbbə pulu azaldılmalı və 307.53 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4393,37 manat əsas borc, 356,86 manat faiz borcu, 307,53 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya üzrə 32 manat borc və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1,50 manat məbləğində pul vəsaiti və 71,55 manat dövlət rüsumu “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4393,37 manat əsas borc, 356,86 manat faiz borcu, 307,53 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya üzrə 22,64 manat borc və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1,50 manat məbləğində pul vəsaiti və 71,55 manat dövlət rüsumu “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2592/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2592/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver