Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2622/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun tutulması") Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh Qəhərman qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN-00918- 00/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 5363.24 manat əsas borc, 344.55 manat faiz borcu, 94.52 manat dəbbə olmaqla, ümumilikdə 5802.31 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 137 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN-00918-00/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 6500 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə, iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
İş materialları :
3. Cavabdeh tərəfindən Bank "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona istehlak məqsədləri üçün 48 ay müddətinə 6500 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir.
4. Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli FN- 00918-00/23A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə (xx.xx.2027-ci il tarixinədək) güzəşt müddəti 0 ay olmaqla 6500 manat məbləğində kredit verməyi, Cavabdeh kredit və kreditdən istifadəyə görə faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
5. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Bank "xxxx" ASC tərəfindən tərəfindən Cavabdeh məxsus hesaba 6441.50 maant məbləğində vəsait köçürülmüşdür.
6. Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli FN- 00918-00/23A saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 204.79 manat olmaqla, 6500 manat əsas, 3333.18 manat faiz ödənişi etməlidir.
7. Bank "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışıdan görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh banka əsas borc məbləği 5363.24 manat, ümumi faiz borcu 344.55 manat, dəbbə borcu 94.52 manat, cəmi borc 5802.31 manat təşkil edir.
8. Bank "xxxx" ASC tərəfindən Cavabdeh Qənbər qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh Qənbər qızının banka olan əsas borc məbləği 5363.24 manat, ümumi faiz borcu 344.55 manat, dəbbə borcu 94.52 manat olmaqla, cəmi borc 5802.31 manat təşkil edir. Cavabdeh Qənbər qızından gecikdirilmiş kredit borcunun ən qısa zamanda ödəməyi tələb edilmiş, əks təqdirdə müqavilənin ləğv olunması və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
9. X3 məxsus kart hesabına dair xx.xx.2023-xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, hesab üzrə sonuncu ödəniş xx.xx.2025-ci il tarixində edilmişdir.
10. xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 137 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, FN-00918-00/23A saylı kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması, lazımi qaydada yerinə yetirilməməsi və nəticədə iddiaçıya borcun yaranması hazırki mülki işin mübahisəsiz halıdır.
13. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, FN- 00918-00/23A saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. İşin faktiki halı odur ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş xx.xx.2023-cü il tarixli, FN-00918-00/23A saylı kredit müqaviləsi bağlanmışdır.
19. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə (xx.xx.2027-ci il tarixinədək) güzəşt müddəti 0 ay olmaqla 6500 manat məbləğində kredit verməyi, Cavabdeh kredit və kreditdən istifadəyə görə faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.2, 299.4,445 Və 449-cu X2 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 729.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
21. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.2 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
22. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
23. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixli, FN-00918-00/23A saylı kredit müqaviləsi üzrə iddiaçı Bank "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır.
24. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
25. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299, 421.2, 422.2, 424.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2022-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.2-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
27. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
28. İddiaçı Bank "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada ləğv edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən məbləğdə, 344.55 manat məbləğində) tələb edə bilər.
29. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2023-cü il tarixli, FN-00918-00/23A saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 5363.24 manat, faiz borcuna görə 344.55 manat ödənilməsi tələbini əsaslı hesab edir.
30. Həmçinin iddiaçı Bank "xxxx" ASC Cavabdeh 94.52 manat məbləğində cərimə tutulması tələbini irəli sürmüşdür.
31. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə birtərəfli qaydada ləğv edildiyi tarixdə iddiaçı tərəfindən cavabdehə 94.52 manat cərimə hesablanmışdır.
32. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 94.52 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri :
33. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5363.24 manat əsas borc, 344.55 manat faiz və 10 manat dəbbə borcu olmaqla, cəmi 5717.79 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank "xxxx" ASC-nin hesabına ödənilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5363.24 manat əsas borc, 344.55 manat faiz və 10 manat cərimə olmaqla, cəmi 5717.79 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank "xxxx" ASC-nin hesabına ödənilsin. İddiaçı Bank "xxxx" ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva