Məhkəmə qərarları › İş №e-2(007)-2636/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2636/2022

05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2636/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2481/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 04 fevral 2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanılan və 99 nömrə ilə qeyd edilən nikah pozulub, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gələn 06 yanvar 2015-cİ il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılıb və Cavabdeh 6 yanvar 2015-ci il təvəllüdlü X1 üçün 15 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilib.Hazırda Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamə ilə tutulan aliment məbləği uşağın tələbatının ödənilməsi üçün kifayət etmir. Həmçinin cavabdeh uşağın saxlanılması üçün iddiaçıya əlavə heç bir köməklik göstərmir. Bu səbəbdən də sabit pul məbləğində təyin olunan aliment məbləğinin növünün dəyişdirilərək cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsində təyin olunması zərurəti yaranıb. Belə ki, cavabdeh polis əməkdaşıdır və yüksək məbləğdə məvacib alır. Nəzərə almaq lazımdır ki, ölkə üzrə uşaqların saxlanması üçün müəyyən edilən minimum məbləğin həcmi artırılaraq 193 manat miqdarında müəyyən edilib.Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də iddiaçı olaraq “təyin olunmuş aliment növünün dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xahiş edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2481/2020 saylı qətnaməsi ilə müəyyən olunan alimentin artırılması, 06 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində pulun və mediatora ödənilmiş 50 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2481/2020 saylı qətnaməsindən görünür ki, 06 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmsı üçün 15 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan uşağın mənafeyini, eləcə də müəyyən olunmuş 170 manat alimentin uşağın maddi ehtiyaclarının ödənilməsinə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(007)-2481/2020 saylı qətnaməsi ilə müəyyən olunan alimentin ödənilməsi qaydası dəyişdirilməli, 06 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində pul və mediatora ödənilmiş 50 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı, alimentin yeni qaydada ödənilməsinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2481/2020 saylı qətnaməsi ilə müəyyən olunan ödənilməsi qaydası dəyişdirilsin. 06 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçının ödədiyi 50 manat mediassiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin yeni qaydada ödənilməsinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar