Məhkəmə qərarları › İş №e-2(007)-2647/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2647/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2647/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TuranBank ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 Banka olan 1270.29 manat (bir min iki yüz yetmiş manat iyirmi doqquz qəpik) əsas, 202.12 manat (iki yüz manat on iki qəpik) faiz, 680.99 manat (altı yüz səksən manat doxsan doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 2153.40 manat (iki min yüz əlli üç manat qırx qəpik) məbləğində borcun və tərəfimizdən ödənilmiş 70 manat (yetmiş manat) məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh3, zaminlər – Cavabdeh2 və Cavabdeh1) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “TuranBank ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 Banka olan 488.13 manat əsas, 665.27 manat cərimə borcu olmaqla, cəmi borcu 1153.40 manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 70 manat (yetmiş manat) məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh3, zaminlər – Cavabdeh2 və Cavabdeh1) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 25% olmaqla, 24 ay müddətinə 4000 AZN (dörd min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh3, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh3 xx.xx.2023-cü il tarixinə İddiaçı ASCyə1270.29 AZN (bir min iki yüz yetmiş manat iyirmi doqquz qəpik) əsas, 202.12 AZN (iki yüz manat on iki qəpik) faiz, 680.99 AZN (altı yüz səksən manat doxsan doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 2153.40 AZN (iki min yüz əlli üç manat qırx qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 25 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır, Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalanın Bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. 2.7-ci bəndə əsasən Zamin Borcalan tərəfindən öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qərarı/qətnaməsi tam icra olunub başa çatanədək hesablanan faiz borcunun Banka ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. İşə əlavə olunmuş TuranBank” ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 saylı kredit müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 11-dən gec olmayaraq 24 ay müddətinə hər ay 213.49 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 saylı kredit müqaviləsi üzrə zamin duraraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşlər. İşə əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka 488.13 manat əsas borc, 665.27 dəbbə borcu, cəmi 1153.40 manat borcu vardır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, bank tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 nömrəli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Cavabdeh2 və Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, xx.xx.2020-ci il tarixli, BK №F7_1571/Z-20 saylı kredit müqaviləsi üzrə 665.27 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 665.27 manat məbləğində dəbbə pulu azaldılmalı və 34 manat məbləğində müəyyən edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 488.13 manat əsas borc, 34 manat dəbbə borcu, ümumilikdə 522.13 manat borc, 70 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 488.13 manat əsas borc, 34 manat dəbbə borcu, ümumilikdə 522.13 manat borc, 70 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar