Məhkəmə qərarları › İş №e-2(007)-2652/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2652/2024

25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2652/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "alimentin artırılması" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı X4 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 05 oktyabr 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment və 50 manat ödənilmiş mediasiya xərcinin tutularaq, iddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2023-cü il tarixdə isə aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə oğulları 05 oktyabr 2011-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 05 oktyabr 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X2 verilməsi qət edilmişdir. Hal-hazırda X9 13 yaşı var. Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı X4 çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları:

3. İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 13 iyul 2024-cü il tarixli, MŞB/11/2024-00639 saylı arayışdan görünür ki, Cavabdeh 13 iyul 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci və 10 manat poçt xərcini ödəmişdir.

9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli 2(007)- 171/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh və X7 arasında 08 oktyabr 2010-cu il tarixdə bağlanmış və həmin tarixdə, Bakı Nikah Evində nikah bağlanması haqqında akt qeydləri kitabında 2421 № ilə qeydə alınmış nikah pozulması, xx.xx.2011-ci il təvəllüdlü X9 anası X5 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olan Cavabdeh 93 (doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq ünvan 1 ünvanında yaşayan X6 ödənilməsi, Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. AZ-İİ seriyalı, 812455 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 05 oktyabr 2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X3r.

11. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh “HAQVERDİZADƏ TAMİLA RƏFAİL QİZİ”nda anbardar vəzifəsində işləyir. Aylıq əmək haqqı 400 manat təşkil edir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 05 oktyabr 2011-ci il təvəllüdlü X11 doğulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli 2(007)-171/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh və X7 arasında 08 oktyabr 2010-cu il tarixdə bağlanmış və həmin tarixdə, Bakı Nikah Evində nikah bağlanması haqqında akt qeydləri kitabında 2421 № ilə qeydə alınmış nikah pozulması, xx.xx.2011-ci il təvəllüdlü X9 anası X5 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olan Cavabdeh 93 (doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq ünvan 1 ünvanında yaşayan X6 ödənilməsi, Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir.

Tətbiq edilən hüquq:

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının:

8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

17. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, 2024-cü il üçün nəzərdə tutulmuş yaşayış minimumuna uyğun olaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

25. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.

Məhkəmə xərcləri:

26. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 37.04 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən az olduğundan, cavabdeh ödəməli olduğu dövlət rüsumunu ödəməkdən azad olunur.

27. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05 oktyabr 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Məhkəməsinin 22 fevral 2013-cü il tarixli 2(007)-171/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 oktyabr 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci tutulub, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməli.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. 05 oktyabr 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Məhkəməsinin 22 fevral 2013-cü il tarixli 2(007)- 171/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 oktyabr 2011ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar