Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2672/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun tutulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8568.56 manat əsas borc, 396.94 manat faiz borcu borcu olmaqla, cəmi 8965.50 manat məbləğində kredit borcunun və ödənilmiş 109.66 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Cəfərov Oqtay Şababa oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********36 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 Şababa oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən Cəfərov Oqtay Şababa oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən Cəfərov Oqtay Şababa oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu – 8568.56 manat əsas borc, 396.94 manat faiz borcu olmaqla, cəmi 8965.50 manat borcu qalmışdır. Cavabdeh Əliyeva X1 Oqtay Şababa oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 8965.5 manat olduğundan, tərəflərindən 109.66 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. "xxxx" ASC ilə cavabdeh Cəfərov Oqtay Şababa oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********36 nömrəli kredit müqaviləsindən görünür ki, Cəfərov Oqtay Şababa oğluna istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir.
9. "xxxx" ASC ilə cavabdeh Cəfərov Oqtay Şababa oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********36 nömrəli müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 21-dən gec olmayaraq 48 ay müddətinə hər ay 315.07 manat, sonuncu ay 314.30 ödəniş etməlidir.
10. “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cəfərov Oqtay Şababa oğlunun vərəsəsi arvadı-Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X4” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubuna əsasən 3 misli qədər müavinət 2118 manat məbləğində vəsaitdən ibarətdir.
11. AZ-İİ seriyalı, 316824 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Oqtay Şababa oğlu 13 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
12. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********36 nömrəli kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirmədiyi üçün borclunun banka xx.xx.2024-cü il tarixinə 8568.56 manat əsas və bu borca müvafiq olaraq hesablanan faiz borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 10 gün müddətində yerinə yetirilməsi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.
13. Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə 8568.56 manat əsas, 396.94 manat faiz borcu vardır.
14. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 31.59 manat və 78.07 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki "xxxx" ASC-nin ilə Cəfərov Oqtay Şababa oğlu arasında xx.xx.2021-ci il tarixli, BPM**********36 nömrəli kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən Cəfərov Oqtay Şababa oğluna 10000 manat məbləğində kredit verilmişdir. Cəfərov Oqtay Şababa oğlu qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 48 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X7 Şababa oğlu 13 noyabr 2022-ci il tarixdə ölmüşdür və nəticədə kredit müqaviləsinə əsasən, cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Cəfərov Oqtay Şababa oğlu qeyd olunan məbləği kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Cəfərov Oqtay Şababa oğlunun vərəsəsi arvadı- Cavabdeh miras əmlakı qəbul edən vərəsəsi olduğundan iddiaçı kredit müqaviləsi üzrə qalan borcun Cavabdeh tutulmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.
17. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi 4 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumunun Qərarı:
Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cəfərov Oqtay Şababa oğlu müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən Cəfərov Oqtay Şababa oğlu müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc və ona hesablanmış faizlər ödənilməlidir.
21. İşin hallarından görünür ki, "xxxx" ASC ilə Cəfərov Oqtay Şababa oğlu arasında qanunla müəyyən olunan qaydada Kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği müqavilə üzrə X6 Şababa oğluna versə də sonuncu öz öhdəliklərinə əməl etmədən vəfat etmişdir. Cavabdeh borcalanın qanun üzrə vərəsəsi olduğundan borcalanın miras əmlakı ilə birlikdə borclunun öhdəlikləri üzrə də məsuliyyət daşıyır.
22. Belə ki, "xxxx" ASC ilə Cəfərov Oqtay Şababa oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********36 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat kredit verilmişdir. Lakin X6 Şababa oğlu banka olan borcunu tam ödəmədən vəfat etmişdir. Cəfərov Oqtay Şababa oğlunun vərəsəsi arvadı-Cavabdeh miras əmlakı qəbul edən vərəsəsi olduğundan borcalanın banka olan borcunu ödəməlidir.
23. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar.
24. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar.
25. Həmçinin qanunvericiliyə əsasən borclu öldüyü halda kreditorun vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddia tələbində borcludan 8568.56 manat məbləğində əsas borcun tutulması xahiş edilir. “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”yə əsasən Cəfərov Oqtay Şababa oğlunun vərəsəsi arvadı-Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X4” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubuna əsasən 3 misli qədər müavinət 2118 manat məbləğində vəsaitdən ibarətdir.
26. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən borclunun vərəsəsi payına mütənasib surətdə kreditor qarşısında öhdəlik daşıyır. Odur ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən ona çatası miras əmlak həddində vəsait tutulmalıdır.
27. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 2118 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmə xərcləri:
29. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 109.66 manat dövlət rüsumu 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
30. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2118 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 25.90 manatı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
31. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2118 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 25.90 manatı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova