Məhkəmə qərarları › İş №e-2(007)-274/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-274/2025

05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-274/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği, 70,40 manat dövlət rüsumu, ümumilikdə 5070,40 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3023/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi" tələbinə dair e-2(007)-3023/2024 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Toyota Camry” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman baş verən yol nəqliyyat hadisəsi nəticəsində, X5 ağır bədən xəsarətləri almış və vəfat etmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Suraxanı RPİ tərəfindən tərtib olunmuş qərarla “Toyota Camry” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.1-ci və 332.1-ci maddələrində (məsafəsinin düzgün seçilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində X5 ağır bədən xəsarətləri almış və vəfat etmişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS240120 saylı xx.xx.2024-cü il tarixli Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənin ailə üzvlərinə cəmi 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Toyota Camry” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X6 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirdi ki, avtomobili idarə edərkən yanında Vəliyev Təbiət olmuşdur. O, da mülkiyyətçi deyil, ona Nahid tərəfindən baş etibarnamə verilmişdir. Avtomobilin sahibi Məmmədov Nahiddir.

6. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, anasının vəziyyəti ağırdır. Məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. 29.08.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir.

10. PME********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Toyota Camry” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icbari sığorta edilmişdir. Sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat ödəniş nəzərdə tutulmuşdur.

11. 22 aprel 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X8 5000 manat məbləğində ödəniş etmişdir.

12. 22 aprel 2024-cü il tarixli, İAS240120 nömrəli sığorta aktının surətindən görünür ki, X5 aldığı xəsarətdən vəfat etmiş, X8 5000 manat məbləğində ödəniş edilmişdir.

13. AZ-İİ seriyalı 381691 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 667 nömrəsi ilə qeyd edilmişdir.

14. 21 may 2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, ““Toyota Camry" markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Siz xx.xx.2023-cü il tarixində "Toyota Camry" markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmişsiniz. Yol nəqliyyat hadisəsi nəticəsində X5 ağır bədən xəsarətləri almış və vəfat etmişdir. Qeyd olunan sığorta hadisəsi üzrə ''Meqa Sığorta" ASC tərəfindən zərərçəkənin ailə üzvlərinə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Suraxanı rayon RPİ-nin Cəmiyyətimizə təqdim etdiyi ittiham aktına əsasən Siz yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmisiniz. Yol-nəqliyyat hadisəsinə dair Cəmiyyətimizə təqdim olunmuş sənədlərin surətindən görünür ki, hadisə vaxtı Siz "Toyota Camry" markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmisiniz. Bildirmək istəyirik ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, "bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır". Odur ki, yuxarıda qeyd olunanlara əsasən, "xxxx" ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin geri qaytarılması üçün 5000 manat məbləğində pul vəsaitini sizdən tələb etmək hüququna malikdir. Bu səbəbdən də göstərilən məbləği 10 (on) gün müddətində "xxxx" ASCyə ödəməyiniz xahiş olunur. Ödəmədiyiniz təqdirdə "xxxx" ASC tərəfindən müvafiq məhkəməyə sizdən 5000 (beş min) manat sığorta ödənişi məbləğinin, 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin, cəmi 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə müraciət olunacaq və bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi sizin üzərinizə qoyulacaqdır.

15. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:57-də “Toyota Camry” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. X4 vurmuşdur.

16. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh 11 mart 2023cü il tarixində saat 20:57 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Camry” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolunda Hövsan istiqamətində hərəkətdə olarkən Zığ qəsəbəsi, 1 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu sağdan sola doğru adi qaçışla keçən piyada X4 vuraraq, ehtiyatsızlıqdan X2 ölməsinə səbəb olan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, sol gicgah-təpə sümüklərinin sınmış fraqmentlərinin defekti ilə müşayiət olunan çoxsaylı açıq qəlpəli sınıqları, başın yumşaq toxumasının əzilmiş-cırılmış yarası, sol qamış sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınıqları və həmin səviyyədə yumşaq toxumaların, damar və sinir dəstəsinin cırılması ilə müşayiət olunan-sol baldırın aşağı 1/3i səviyyəsindən natamam amputasiyası, sol qulaq seyvanın əzilmiş-cırılmış yarası, burunun, sağ əl barmağının, sağ diz oynağı nahiyəsinin sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir.

17. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X9 “Toyota Camry” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X10, o da Cavabdeh etibarnamə vermişdir.

18. AC742141 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük hüququ vardır.

İşin faktiki halları:

19. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 20:57-də “Toyota Camry” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. X4 vurmuşdur. X5 aldığı xəsarətdən vəfat etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vərəsəsi X8 5000 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı cavabdehdən 5000 manat məbləğində sığorta ödənişini tələb edir.

Tətbiq edilən hüquq:

20. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun:

14-cü maddəsinə əsasən, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz. 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə; sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. 25.2-ci maddəsinə əsasən, Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 925.6-cı maddəsinə əsasən, əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. 926-cı maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

23. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində “Toyota Camry” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və X4 vurmuşdur. X1 aldığı xəsarətdən vəfat etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 vərəsəsi X8 5000 manat məbləğində ödəniş etmişdir.

24. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən hazırki halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranır. Belə ki, 14cü maddəsinə əsasən, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə şəxsin ölümü halında sığorta ödənişi ödənilir.

25. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir.

26. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, 22 aprel 2024-cü il tarixli, İAS240120 nömrəli sığorta aktından görünür ki, X2 vərəsəsi X8 5000 manat məbləğində ödəniş edilmişdir.

27. Yuxarıda qeyd olunanlara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 5000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

29. İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumu 70 manat cavabdehdən tutulmalıdır.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi 5000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 70 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi 5000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 70 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar