Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2740/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 25 may 2015-ci il tarixdə bağlanmış VİP 15535 saylı nisyə-alqı satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1245 ABŞ dolları olan (ümumi məbləğ 1245 ABŞ dolları) “Dell NB 3542 İ7 R4 H5 V2” markalı 1 (bir) ədəd notebook ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh 09 iyul 2015-ci il tarixdə 49 ABŞ dolları, 09 iyul 2015-ci il tarixdə 51 ABŞ dolları, 14 avqust 2015-ci il tarixdə 51 ABŞ dolları və sonuncu dəfə 14 sentyabr 2020-ci il tarixdə 47 ABŞ dolları cərimə ödəmişdir. Ödəmə qrafiki üzrə ödənilməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi məcmu üzrə borcun 1 %-i həcmində satıcının xeyrinə faiz ödəyir. Cavabdeh ilə 25 may 2015-ci il tarixdə bağlanmış VİP 15535 saylı nisyə-alqı satqı müqaviləsi üzrə ödənilməmiş 1143 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 228 ABŞ dolları cərimənin, ümumilikdə 1371 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə 25 may 2015-ci il tarixdə bağlanmış VİP 15535 saylı nisyə-alqı satqı müqaviləsi üzrə ödənilməmiş 1143 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 158 ABŞ dolları cərimənin, ümumilikdə 1301 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2015-ci il tarixli VİP 15535 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə ödəmək şərti ilə, ümumi dəyəri 1245 ABŞ dolları olan “Dell NB 3542 İ7 R4 H5 V2” markalı noutbuk nisyə satılmışdır. Cavabdeh 24 ay ərzində həmin məbləğdə pulu ödəməyi öhdəsinə götürmüşdür; - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 29 mart 2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 18 mart 2021-ci il tarixli bank qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı MMC-nin 31 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 25 may 2015-ci il tarixdə bağlanmış VİP 15535 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1143 ABŞ dolları əsas borcu, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 158 ABŞ dolları cərimə, cəmi 1301 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətində ödəmək şərti ilə ümumi dəyəri 1245 ABŞ dolları olan “Dell NB 3542 İ7 R4 H5 V2” markalı 1 ədəd noutbuk nisyə satılmışdır. Cavabdeh 24 ay ərzində həmin məbləğdə pulu ödəməyi öhdəsinə götürmüş və malı MMC-dən almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı MMC ilə bağladığı 25 may 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib malın dəyərini ödəməmiş və satıcının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından yaranmış əsas borc məbləğini, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 158 manat miqdarında cərimə 1143 ABŞ dolları miqdarında borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir; Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25.05.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1143 ABŞ dolları əsas və 114 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1257 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25.05.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1143 ABŞ dolları əsas və 114 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1257 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2740/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2740/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver