Məhkəmə qərarları › İş №e-2(007)-2764/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2764/2023

08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2764/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi Cəfərova Aysel Ramiz qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 1945 manat məbləğində vəsaitin, 39.45 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan ** CX *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** DY *** dövlət qeydiyyat nişanlı BMW 5201 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən, Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı ** DY *** dövlət qeydiyyat nişanlı BMW 5201 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** DY *** dövlət qeydiyyat nişanlı BMW 5201 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 3476,00 manat (üç min dörd yüz yetmiş altı manat, 00) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-iü il tarixli “Sığorta aktı”na əsasən 3476,00 manat (üç min dörd yüz yetmiş altı manat, 00) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin bərpası üçün zərərçəkən şəxsin təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" şirkəti tərəfindən "xxxx" ASC-yə 1531,00 (min beş yüz otuz bir) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 1945,00 (min doqquz yüz qırx beş manat, 00 qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişlər. Göründüyü kimi "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 1945,00 (min doqquz yüz qırx beş manat, 00 qəpik) manat məbləğində vəsait cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 tərəfindən geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdi, bu barədə məhkəməyə ərizə təqdim etdi. Əlavə olaraq bildirdi ki, avtomobili Cavabdeh2 icarəyə vermişdir. İcarə müqaviləsi artıq ləğv edilmişdir. Cavabdeh2 icarə haqqını ödəmişdir. Avtomobil hazırda özündədir. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli sığorta aktının "xxxx" ASC tərəfindən təsdiqlənmiş surətindən görünür ki, zərər dəymiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 3476 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin elektron qaiməsinə əsasən X1 hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. - BB seriyalı 106441 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW 5201” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. - Tam sığorta şəhadətnaməsindən görünür ki, “BMW 5201” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə sığorta edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 avqust 2022-ci il tarixli bildirişinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş 3476 manat vəsaitdən 1531 manat ödənilmişdir. Cavabdeh2 1945 manat məbləğin 15 təqvim günü ərzində ödənilməsi barədə xəbərdar edilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 3476 manat məbləğində vəsait "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına ödənilmişdir. - Zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “BMW 5201” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə 3476 manat məbləğində zərər dəymişdir. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Bakı-Quba yolunun 23-cü kilometrində “BMW 5201” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. Hadisə baş verən anda sürücüsü Cavabdeh2 olmuşdur. - BA serialı 169102 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. - ƏN-Vİ 062801 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək etibarlıdır. - xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, xx.xx.2022-ci il tarixində “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 200 manat cərimə tənbeh növü tətbiq edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 39.45 manat dövlət rüsumu və 0,40 manat xiddmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunda “BMW 5201” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində “BMW 5201” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə 3476 manat məbləğində zərər dəymişdir. “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 olsa da hadisə baş verən anda sürücü avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “BMW 5201” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3476 manat məbləğində vəsait X1 hesabına ödənilmişdir. “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalı olduğu "xxxx" ASC tərəfindən, avtomobilə dəymiş 3476 manat məbləğində zərərin 1531 manat məbləği ödənilmişdir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən müştərək qaydada dəymiş zərər olaraq ödənilməmiş 1945 manat vəsaiti tələb edir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh2 tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “BMW 5201” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" ASC tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən “BMW 5201” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3476 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 3476 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin elektron qaiməsinə əsasən X1 hesabına ödənilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 1531 manat sığortaçı tərəfindən ödənilmiş və 1945 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş etmişlər. Lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1945 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddi normanın tələbindən görünür ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki, “Toyota Prius” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1, hadisə baş verən anda isə sürücü avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 olmuşdur. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlər sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan və avtomobilin mülkiyyətçisi Cavabdeh1 iddia tələbini qəbul etdiyindən sığorta ödənişinin əvəzini ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün "xxxx" ASC tərəfindən 39.45 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 53.34 manat dövlət rüsumu və 0.40 manat xiddmət haqqı cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərin əvəzi olaraq 1945 manat sığorta ödənişi, ödənilmiş 39.45 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərin əvəzi olaraq 1945 manat sığorta ödənişi, ödənilmiş 39.45 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar