Məhkəmə qərarları › İş №e-2(007)-2791/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2791/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2791/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı olan “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı olan “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 118.93 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2017-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və xx.xx.2020-ci il tarixli, e-2(007)-1468/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh oglu xx.xx.2021-ci il tarixində ödənilən 475 manat, xx.xx.2021-ci il tarixində ödənilən 82.49 manat, xx.xx.2021-ci il tarixində ödənilən 75 manat, xx.xx.2022-ci il tarixində ödənilən 75 manat, xx.xx.2022-ci il tarixində ödənilən 75 manat, xx.xx.2022-ci il tarixində ödənilən 4.44 manat məbləğ "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC yə 118.93 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 118.93 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-ci bəndində qeyd edilmişdir ki “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

8. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyi ilə əlaqədar icraata qəbul edilməkdən imtina edilməlidir.

9. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.

10. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “hüquqi xidmət haqqında” müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ona göstərilən xidmətə görə dəymiş maddi zərərin ödənilməsi tələbini irəli sürmüşdür. Lakin iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı olan “maddi zərərin ödənilməsi” tələbinin faktiki əsasını təşkil edən “hüquqi xidmət haqqında” müqavilənin əsli iş materiallarına əlavə edilməmişdir.

11. Belə olan halda, mülki prosessual qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı olan tələbini təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.

12. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən iddia ərizəsində qeyd olunmuş və iş materiallarına əlavə edilmiş mədaxil qəbzi “Elektron Məhkəmə Sistemi” ilə yoxlanılarkən müəyyən olunmuşdur ki, xx.xx.2021-cü il tarixli, ********* nömrəli qəbz e- 2(007)-171/2022 saylı mülki iş üzrə artıq istifadə olunmuşdur. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən dövlət rüsumu ödənilməmişdir. Nəticə :

13. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədiyindən iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı olan “borcun tutulması barədə” kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.

14. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunsun. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar