Məhkəmə qərarları › İş №e-2(007)-2806/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2806/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2806/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4224120A211 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 5197,62 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 5197,62 AZN əsas, 950,27 AZN faiz, cəmi 6147,89 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5197,62 AZN əsas, 950,27 AZN faiz, cəmi 6147,89 AZN məbləğində vəsaitin və ödənilmiş 81,47 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən zəruri sənədlərin təqdim edildiyini göstərmiş, onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, bankdan kredit götürmüşdür. Lakin bank tərəfindən faiz borcu çox hesablanmışdır. Hazırda işləmədiyi üçün borcunu ödəyə bilmir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4224120A211 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 20 (faktiki illik faiz dərəcəsi 20,75%) faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 5197,62 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə pul vəsaitini həmin tarixdə İddiaçı ASC-dən almışdır; - İddiaçı ASC-nin 17 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 12 avqust 2022-ci il tarixinə İddiaçı ASC-yə 5197,62 manat əsas borcu, 950,27 manat faiz borcu olmaqla, cəmi 6147,89 manat məbləğində borcu vardır; - İddiaçı ASC-nin 25 dekabr 2021-ci il tarixli bildirişindən görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; - 18 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 81,47 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4224120A211 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 20 (faktiki illik faiz dərəcəsi 20,75%) faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 5197,62 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilə üzrə pul məbləğini həmin tarixdə bankdan almışdır. Lakin cavabdeh kredit borcunun ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli RGTK4224120A211 saylı kredit müqaviləsi üzrə 5197,62 manat əsas borc, 950,27 manat faiz borcu olmaqla, cəmi 6147,89 manat borc və ödənilmiş 81,47 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli RGTK4224120A211 saylı kredit müqaviləsi üzrə 5197,62 manat əsas borc, 950,27 manat faiz borcu olmaqla, cəmi 6147,89 manat borc və ödənilmiş 81,47 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar