Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-281/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 12509 (on iki min beş yüz doqquz) manat 83 (səksən üç) qəpik, mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 356 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, həmçinin “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixli 711 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 160 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh tərəfindən verilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan da görünür ki, o, iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bununla da Cavabdeh İddiaçı MMC-yə maddi ziyan vurmasına əsaslı şübhələr yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin - Oba Neftçilər 2 -mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 12509 (on iki min beş yüz doqquz) manat 83 (səksən üç) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Auditor rəyi”ndən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 12509 (on iki min beş yüz doqquz) manat 83 (səksən üç) qəpik dəyərində maddi ziyan vurulmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 12509 (on iki min beş yüz doqquz) manat 83 (səksən üç) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, iddianı tam müdafiə edir, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 12509,83 manat, mediasiya xərci üçün ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödənilmiş 73 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Məbləğ şişirdilib. Bölgə müdiri Ədalət Muradov müddəti keçmiş məhsulları şirkətlrə qaytarmaq əvəzinə tullamışdır. O, mağazanı təhvil alan zaman da tək olmuşdur və o vaxt da vaxtı keçmiş məhsullar vardı onlar da onun üstündə qalmışdır. İndi çıxanda isə 5,6 nəfər sayım qrupu və mağaza müdirləri gəlmişdi təhvil-təslim etməyə. Müddəti keçmiş məhsulları Ədalət Muradov tələsib atmasa idi şirkətlər gəlib aparacaqdı. Yaxud da mağazanı təhvil alan qaytara bilərdi. Sayım zamanı özü iştirak etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsi”-dən görünür ki, Cavabdeh oglu müddətli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. - xx.xx.2021-ci il tarixli, 356 saylı əmrin çıxarışından görünür ki, Cavabdeh baş satıcı vəzifəsinə keçirilmiş, həmçinin "X5"haqqında müqavilə imzalanmışdır. - xx.xx.2021-ci il tarixli, 711 saylı əmrin çıxarışından görünür ki, Cavabdeh adminstrator vəzifəsinə keçirilmiş, həmçinin "X5" haqqında müqavilə imzalanmışdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Adminstratorun vəzifə təlimatı”ndan görünür ki, adminstrator sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıyır, həmçinin ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə də məsuliyyət daşıyır (təlimatın 3.2 və 3.4-cü bəndləri). - xx.xx.2022-ci il tarixli 160 saylı əmrdən görünür ki, Cavabdeh öz xahişi ilə işdən azad edilmişdir. - xx.xx.2022-ci il tarixli “İnventarizasiya nəticələrinə dair yekun Aktı”ndan görünür ki, OBA Neftçilər 2 mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh xx.xx.2022-ci il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 12509,83 maanat məbləğində kəsrin olduğu müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış “İltizamnamə”dən görünür ki, Cavabdeh ziyan vurma faktının aşkar olunduğu xx.xx.2022-ci il tarixdə mağaza sayımında tam iştirak etmiş, sonda qarşılaşdırma ilə kəsr verən (yəni əskik gələn) mallarla bağlı məlumatlandırılmış və sayılan miqdarda verilən çəki kodlarına cavabdeh olduğunu bildirmişdir. - Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Auditor rəyi”ndən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 12509,83 maanat dəyərində maddi ziyan vurulmuşdur. - xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş “İzahat”dan görünür ki, Cavabdeh müxtəlif vaxtlarda adminstratoru olduğu Neftçilər 2 mağazasının siqaret vitrinindən sistemə vurmadan və pulu ödəmədən müxtəlif çeşid siqaretlər götürmüşdür. xx.xx.2022-ci il tarixində səhər mağaza açıldıqdan sonra pulunu ödəmədən və satışa vurmadan kent siqareti götürmüşdür. Bundan əlavə bütün vitrindən götürüb çəkdiyi siqaretlərin məsuliyyətini özü daşıyır və heç kimin bu işdə marağı yoxdur, bütün məsuliyyəti öz üzərinə götürür, izahatı öz imzasıyla yazmış və doğruluğunu öz imzası ilə təsdiq etmişdir. - 31 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında ümumi olaraq 12509,83 maanat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Yekun olaraq şəxsin şirkət qarşısında 12509,83 maanat borcu qalmışdır. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞB4-2023/0052 saylı arayışdan görünür ki, hər iki tərəf xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesinə davam etdirməyə razılıq verməmişlər. İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat mediasiya xərcini ödəmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 73 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli, 356 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, həmçinin "X5" haqqında müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixli, 711 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin "X5" haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixdə iş yerində intizam xətasına yol vermişdir. Bundan sonra Cavabdeh İddiaçı MMC-yə maddi ziyan vurmasına əsaslı şübhələr yaranmışdır və xx.xx.2022-ci il tarixidə inventarizasiya aparılmışdır. İnventarizasiya nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-nin “Oba Neftçilər 2” mağazasına 12509,83 manat məbləğində zərər vurmuşdur. Hazırda iddiaçı 12509,83 manat məbləğində dəymiş maddi zərərin əvəzini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsində müəyyən edilmiş əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları arasında işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ təsbit edilmişdir. 104-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, əmək qanunvericiliyinə görə işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti işəgötürən və işçinin mülkiyyət hüququnun müdafiə üsullarından biri olmaqla hər iki tərəf öz vəzifələrinin təqsirli olaraq pozulmasına görə maddi məsuliyyət daşıyır və hər iki tərəfin qarşılıqlı maddi məsuliyyəti kompensasiya xarakterlidir. İddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı mülki hüquqi məsuliyyətinin “Hüququn konpensasiya funksiyası”ndan istifadə edərək mövcud iddia tələbi ilə çıxış edir. Bu funksiyanın əsas məqsədi hüquq pozma zamanı yaranan mənfi nəticələri aradan qaldırmaq vəzifəsinin həll edilməsindən ibarət olmaqla, konpensasiya funksiyasının həyata keçirilməsi vurulmuş zərərin əvəzinin ödənilməsinə xidmət edir. İddiaçının tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təkil edir. Həmin maddənin dispozitiv şərtlərinə əsasən belə iddianın təmin olunması üçün - a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanunun tələbinə görə bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Göründüyü kimi birinci şərt ziyanın həqiqətən vurulduğu aşkar olmalıdır. Birinci şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlardan: cavabdehin xx.xx.2022-ci il tarixli izahatından, xx.xx.2022-ci il tarixdə “OBA Neftçilər 2” mağazasında aparılmış “İnventarizasiya nəticələrinə dair yekun Akt”ından və xx.xx.2023-cü il tarixli “Auditor rəyi”ndən müəyyən edillir ki, iddiaçıya mal çatışmamazlığı nəticəsində həqiqətən maddi ziyan dəymişdir. İkinci şərt təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olmasıdır. İlk növbədə məhkəmə hərəkət və ya hərəkətsizliyin qanuna zidd olmasının nədə ifadə olunmasına aydınlıq gətirilməsini zəruri hesab edir. Qanunvericiliyə görə hüquqazidd hərəkət dedikdə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan davranış qaydalarını pozan və öz əksini qadağan edilmiş fəaliyyətdə, yaxud da lazımi fəaliyyətin göstərilməməsində tapan əməl başa düşülür. Hərəkətsizlik dedikdə isə şəxsin üzərinə düşən vəzifələri yerinə yetirmək imkanına malik olması və yerinə yetirməli olmasına baxmayaraq bunları etməməsi başa düşülür. Əmək münasibətləri prosesində hərəkət və ya hərəkətsizliyin qanuna zidd olması işəgötürənin və işçinin əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi hallarında onların davranışının hüquqazidliliyində ehtiva olunur. Bu halların mövcudluğu isə işəgötürənin və ya işçinin maddi məsuliyyətinin yaranma əsası kimi çıxış edir. Bu baxımdan işəgötürənin və işçinin hərəkətinə (hərəkətsizliyinə) qiymət vermək üçün ilk növbədə onların əmək vəzifələrinin dairəsinin müəyyən olunması zəruridir. Araşdırılan mübahisədən göründüyü kimi tərəflər əmək münasibətləri prosesinin iştirakçısı olmaqla cavabdehlə (işçi) əmək müqaviləsi və X5 müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndindən görünür ki, işçi vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarını yerinə yetirməyi öhdəsinə götürür. “Vəzifə Təlimatı”nın 3.2 və 3.4-cü bəndlərindən görünür ki, adminstrator sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıyır, həmçinin ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə də məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh əvvəlcə kassir sonra Cəmiyyətlə “X5 haqqından Müqavilə” bağlayaraq administrator vəzifəsinə keçirilmişdir. Cavabdehin iş materillarında olan xx.xx.2022-ci il tarixli “İzahat”ından görünür ki, Cavabdeh müxtəlif vaxtlarda adminstratoru olduğu “Neftçilər 2” mağazasının siqaret vitrinindən sistemə vurmadan və pulu ödəmədən müxtəlif çeşid siqaretlər götürmüşdür. xx.xx.2022-ci il tarixində səhər mağaza açıldıqdan sonra pulunu ödəmədən və satışa vurmadan “kent” siqareti götürmüşdür. Bundan əlavə bütün vitrindən götürüb çəkdiyi siqaretlərin məsuliyyətini özü daşıyır və heç kimin bu işdə marağı yoxdur, bütün məsuliyyəti öz üzərinə götürür, izahatı öz imzasıyla yazmış və doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış “İltizamnamə”dən görünür ki, Cavabdeh ziyan vurma faktının aşkar olunduğu xx.xx.2022-ci il tarixdə mağaza sayımında tam iştirak etmiş, sonda qarşılaşdırma ilə kəsr verən (yəni əskik gələn) mallarla bağlı məlumatlandırılmış və sayılan miqdarda verilən çəki kodlarına cavabdeh olduğunu bildirmişdir. Belə olan halda, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş və maddi məsul şəxs olaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını təmin etmək üçün üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən mağazada aparılmış yoxlama nəticəsində kəsr müəyyən edilmişdir. “X5 haqqından Müqavilə”nin 1.3-cü bəndinə görə maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. Lakin, Cavabdeh işlədiyi müddətdə vəzifə təlimatına uyğun olaraq mal uyğunsuzluğu ilə bağlı hesabatı, həmçinin həmin mal uyğunsuzluğu ilə bağlı yaranmış çatışmamazlığı barədə akt tərtib edərək rəhbərliyə təqdim etməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlar məhkəməyə, işçi tərəfindən hərəkətsizlik edilməsi, əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi və “X5 haqqından Müqavilə”nin öhdəliklərinin pozulması nəticəsinə gəlməyə əsas verir. Üçüncü şərt təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmasıdır. İşin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçının maddi zərərə uğraması aşkardır. Həmin zərər işçinin (cavabdehin) işlədiyi yer üzrə kəsri səbəbindən yaranmışdır. Həmçinin müəyyən edildi ki, işçi (cavabdeh) vəzifə təlimatını lazımınca yerinə yetirməyərək maddi məsul şəxs olaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını təmin etməmişdir. Eləcə də iş materialları ilə müəyyən edilir ki, iddia olunan zərər cavabdehin işlədiyi dövrü əhatə etməklə, cavabdeh tərəfindən qəbul edilmiş məhsullara görə yaranmışdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, işçinin (cavabdehin) vəzifə təlimatından irəli gələn əmək funksiyalarını lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir, yaranmış zərər işçinin hərəkəti və həkərətsizliyi ilə bağlıdır. Göründüyü kimi qanunvericiliyin hər üç şərtinin olması sadalanan hallara əsasən aşkardır və bu baxımdan demək olar ki, iddiaçı haqlı olaraq ona dəymiş zərəri tələb edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçınə 12509,83 manat məbləğində maddi zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı əmlakına vuruğu ziyana görə ödənilməmiş 12509,83 manat məbləğində pul vəsaiti, mediasiya xərci üçün ödənilmiş 55 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 73 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı əmlakına vuruğu ziyana görə ödənilməmiş 12509,83 manat məbləğində pul vəsaiti, mediasiya xərci üçün ödənilmiş 55 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 73 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-281/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-281/2024
24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver