Məhkəmə qərarları › İş №e-2(007)-2821/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2821/2023

23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2821/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, X20 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olub, onunla birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Məryəm adlı qızları vardır. Cavabdehlə aralarında olan nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-5437/2016 saylı qətnaməsilə pozulub və xx.xx.2011-ci il təvəllüdlü qızı Məryəm onun yanında qalıb, onun saxlanılması üçün cavabdehdən uşaq yetkinlik yaşına çatanadək hər ay üçün 130 manat sabit pul məbləğində aliment tutulması qət edilib. Hal-hazıradək həmin məbləğdə aliment cavabdeh tərəfindən ödənilir. Aradan keçən 7 il müddətində bundan başqa Məryəmin maddi tələbatının ödənilməsi üçün cavabdeh əlavə olaraq heç bir maddi yardım göstərməyib. Hazırda Məryəmin həm maddi tələbatını, həm də müalicə və müayinə xərclərini ödəmək onun üçün maddi çətinliklər yaradır. Eləcə də, Məryəmin psixoloji cəhətdən sağlamlığını qorumaq üçün onunla xüsusi məşğul olur, əyləncə mərkəzlərində, səyahətlərdə istirahət etməsini təşkil edir. Ona görə də, belə hesab edir ki, məhkəmə qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı artırılmalı, eyni zamanda da cavabdehdən onun xeyrinə Məryəmin müalicə və müayinə olunması üçün əlavə olaraq pul tutulmalıdır. Belə ki, son 7 il müddətində qiymətlər həm qida məhsullarında, həm geyim əşyalarında, həm də təhsil xərclərində (dərs ləvazimatları, kitab-dəftər, çanta və sair) dəfələrlə artım olub. Eyni zamanda da Məryəmin sağlamlığında (çanaq və onurğa sütununda) uşaqlıqdan ciddi problemlər vardır. Diaqnozu belədir: S şəkilli, 4-cü dərəcəli ağır skolioz, yuxarı hissəsi 67 dərəcə, aşağı hissəsi isə 48 dərəcədir (Travmatologiya İnstitutu tərəfindən verilmiş xx.xx.2023-cü il tarxli Arayış əlavə olunur). Ayaq və çanaq hissələrdə fərqlər var, əlavə olaraq ona “Spina bifida”, “Çoxa valqa” diaqnozu da qoyulub. Hər il Məryəm dəfələrlə kompleks müayinələrdən keçir, kompleks-fizioterapevtik müalicə kursu alır. Hər müalicə kursu üçün 1500-2000 manatdan (massaj, maqnit terapiyası, ultrasəs, ampli impuls, traksiya, anamator, müalicəvi idman, dərmanlar, rentgen, nəqliyyat (taksi) xərcləri və s.) artıq pul tələb olunur. Onun müalicə və müayinələrinə hər il təxminən 20-25 min manat miqdarda pul tələb olunur. Hazırda həkim tövsiyyəsinə görə onurğa sütununun müalicəsi üçün “şeno korset” düzəldilməlidir (“Asmed Klinikası”nda), onun da qiyməti təxminən 1500-2000 manatdır. Həkimlərin deməsinə görə Məryəmin normal hərəkət etməsi üçün onurğa sütununda əməliyyat aparılmalıdır. Həmin əməliyyatın qiyməti Azərbaycanda 12- 15 min manat (cərrah Kamil Eyvazov), Türkiyədə isə 30-50 min manat civarındadır. Əməliyyat aparılanadək Məryəm müntəzəm olaraq (hər ay) intensiv müalicə almalıdır. Bu xərclərin bir hissəsini valideyn olaraq cavabdeh qarşılamalıdır. Məryəmin sağlamlığında uşaqlıqdan problemlərin olmasını cavabdeh uşaq anadan olandan bilirdi. Hətta boşandıları vaxtlarda, habelə bir neçə il bundan əvvəl də cavabdeh bu barədə məlumatlı idi və söz verib ki, müalicə xərclərini qarşılayacaqdır. Lakin bu müddətdə heç bir köməklik etməyib, xərclərini qarşılamayıb. Məhkəmədə iddia qaldırmamışdan əvvəl qanunvericiliyə uyğun olaraq həm alimentin miqdarının artırılması, həm də əlavə xərclərin ödənilməsi ilə əlaqədar cavabdehə göndərdiyi mediasiya təklifinə heç bir cavab verilməyib. Bundan sonra Bakı 11 saylı Mediasiya Təşkilatına mediasiya sessiyası keçirilməsi barədə ərizə ilə müraciət etməyib. Cavabdeh ilkin mediasiya sessiyasına da gəlməyib. Bu barədə Bakı 11 saylı Mediasiya Təşkilatından MŞB/11/2023-01536 saylı, xx.xx.2023-cü il tarixli Arayış verilib. İlkin Mediasiya sessiyası keçirilməsi üçün 11 saylı Mediasiya Təşkilatına 50 manat, hüquqlarının məhkəmədə müdafiəsi üçün isə vəkilə görə 150 manat pul ödəyib. Ona görə də, hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edir. Belə hesab edir ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 üçün məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay üçün 550 manat müəyyən edilməlidir. Eyni zamanda da Məryəmin müalicə və müayinə xərclərinə görə də Cavabdeh onun xeyrinə hər ay üçün 550 manat məbləğində pul tutulmalıdır. Əlavə olaraq Bakı 11 saylı Mediasiya Təşkilatına ödədiyi 50 manat və vəkil üçün ödədiyi 150 manat da cavabdehdən onun xeyrinə alınmalıdır. Qeyd edilənlərə əsasən Cavabdeh onun xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək artırılması və ondan uşaq yetkinlik yaşına çatanadək hər ay üçün 550 (beş yüzəlli) manat sabit pulməbləğində aliment tutulması, Cavabdeh onu xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4 müalicə və müayinə olunması üçün hər ay üçün 550 (beş yüzəlli) manat məbləğində pul tutulması, Cavabdeh onun xeyrinə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat dövlət rüsumunun və vəkil üçün ödədiyi 150 (yüzəlli) manat, cəmi 200 (iki yüz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Məryəm Orucova uşaqlıq vaxtından xəstədir və onun bütün xərcləri anası tərəfindən ödənilib. Cavabdeh 130 manat aliment məbləğindən artıq ödəniş etməmişdir. Cavabdehin tələb olunan məbləği ödəməyə kifayət qədər maddi vəsaiti var. O, avtomobillərin və avtomobilin hissələrinin satışı ilə məşğuldur. Mediasiya mərhələsində öyrənmişlər ki, cavabdeh bir mənzilini kirayəyə vermişdir. Uşağın xəstəliyi ilə əlaqədar o, kompleks müalicələrdən keçməlidir. Uşağın hər müalicə kursu 1500-2000 manat təşkil edir. Məhkəmədən müalicə üçün tutulacaq pulun mediasiya təşkilatına müraciət edildiyi vaxtdan tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili X12 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. Belə ki, qabaqcadan təyin olunmuş məhkəmə iclasları var. Bu barədə bildişləri də ərizəyə əlavə edir. Məhkəmə iclasında şəxsən iştirak etmək istəyir. İddia tələbini qəbul etmir. Belə ki, cavabdeh ailə həyatı qurub və arvadı hazırda hamilədir. Bununla bağlı sənədləri də elektron sistemə yükləmişdir. Qeyd edilənlərə əsasən iştirakını təmin etmək üçün məhkəmə iclasını başqa bir vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 826100 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X10r; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5437/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh X6 xeyrinə xx.xx.2016-cı il tarixdən başlayaraq, 23 dekabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh ilə Orucova (Həsənova) Günay Həsən qızı arasında 04 mart 2011-ci il tarixdə Sumqayıt nikah evində bağlanmış 111 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 23 dekabr 2011-ci il təvəllüdlü X4 anası X6 himayəsində qalması qət edilmişdir; - AZ-İ seriyalı 282903 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X13 ilə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 aprel 2017-ci il tarixdə 122 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə “Orucov”, qadına “Həsənova” soyadı verilmişdir; - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 52/21 saylı arayışının surətindən görünür ki, X9 xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək "xxxx" Onurğa Tibb mərkəzində Skolioz İİİ dərəcə diaqnozu ilə kompleks müalicə almışdır. İ Kurs müalicə üçün 500 manat, İİ kusrun 6 seansı üçün isə 250 ödəniş etmişdir; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 235/23 saylı arayışının surətindən görünür ki, X9 xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək "xxxx" Onurğa Tibb mərkəzində sağ aşağı ətrafda mülayim coxa valga, Skolioz İV dərəcə diaqnozu ilə kompleks müalicə almışdır. Kurs müalicə üçün ödənilən məbləğ 550 manatdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tətqiqat Travmatologiya və Ortopediya İnstitutu” X19 xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X5 qoyulan diaqnoz: Skalioz İV dərəcə, kürək əzələlərinin atrofiyası, hərəkət funksiyasının pozulması, fəqərələrin inkişafı qüsurludur, spina bifidadır; - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı "AZƏRBAYCAN TURİZM BÜROSU" X14 mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 2077.02 manat təşkil edir. Cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 500 manat təşkil edir; - AZ-İİ seriyalı 487833 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 12 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 69 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Orucov”, arvada “Orucova” soyadı verilmişdir; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 424 saylı arayışının surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixində "xxxx" MMC klinikasının Qadın Məsləhətxanası şöbəsində qeydiyyat düşmüşdür. Hal-hazırda 33-34 həftəlik hamilədir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə münasibətindən xx.xx.2011-ci il təvəllüdlü X9 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5437/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, Cavabdeh X6 xeyrinə xx.xx.2016-cı il tarixdən başlayaraq, 23 dekabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan sonra alimentin miqdarı dəyişdirilməmişdir. Hazırda ana xx.xx.2011-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, o cümlədən xəstəlikdən əziyyət çəkən uşağının müayinə və müalicəsinə çəkdiyi xərcə görə cavabdehdən pul alınmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2016-cı ildə hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra təxminən 7 il keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2016-cı ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə dəyişdirilməli olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində olan uşağın mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 550 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Məhkəmə həmin halları, 2023-cü il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay uşaq üçün 220 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilənlərlə müəyyən olundu ki, azyaşlı X3 İV dərəcə diaqnozu ilə kompleks müalicə almışdır, hazırda da müayinə və müalicələri davam edir. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəməyə uşağın xəstəliyi və müalicəsi ilə bağlı sənədlər təqdim edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda azyaşlı X2 xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin cavabdehin də mənafeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, 550 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilərək, cavabdeh uşağa çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddia tələbinə qəbul etməyib qeyd etmişdir ki, o, ikinci dəfə ailə həyatı qurmuş və arvadı hazırda hamilədir. Məhkəmə göstərilənlərə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-5437/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, Cavabdeh, İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş X5 çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir və iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. MPM-in 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan hüquqi yardım göstərilməsi haqqında müqavilədən və qəbzdən görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Nümayəndə 250 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırda iddiaçı vəkil üçün ödədiyi 150 (yüz əlli) manat pulun cavabdehdən tutulmasını xahiş etdiyindən, ona hüquqi yardım göstərilməsi üçün ödənilmiş 150 manat cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-5437/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh, İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş X5 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 150 manat məbləğində pulun əvəzi Cavabdeh tutulub, İddiaçı ödənilsin . İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar