Məhkəmə qərarları › İş №e-2(007)-2847/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2847/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2847/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin və xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 750 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 780 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Changan Alsvin V3” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Changan Alsvin V3” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Binəqədi rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və X1 yüngül xəsarət yetirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)-1259/2019 saylı inzibati xəta haqqında iş üzrə Qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və Qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Binəqədi RPİ Təhqiqat Şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Bildirmək istəyir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bildirirlər ki, Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/1190 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir.İ İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilib iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ona ünvanlanmış zərf “yoxdur” qeydi ilə poçt orqanı tərəfindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD 360933 nömrəli Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “CHANGAN ALSVİN V3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMCyə məxsusdur. -xx.xx.2019-cu il tarixli 432 nömrəli etibarnamənin surətindən görünür ki, “CHANGAN ALSVİN V3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019cu ilədək Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)- 1259/2019 saylı qərarının surətindən görünür ki, Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 manat miqdarında cərimə edilmişdir. -Cavabdeh Bakı şəhəri Binəqədi RPİ-ə verdiyi xx.xx.2019-cu il tarixli izahatın surətindən görünür ki, o, inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir; -Elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, **-PJ-*** dövlət qeydiyyat nişanlı “CHANGAN ALSVİN V3” markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il saat 16:44-dən xx.xx.2020-ci il saat 16:44-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; -"xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 19-05028/05/AA-4214/19 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PAA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2019-cu il saat 16:44-dən xx.xx.2020-ci il saat 16:44-dək sığortalanmış, "xxxx" MMC-yə məxsus “CHANGAN ALSVİN V3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X1 yüngül xəsarət yetirmiş, dəymiş zərər 750 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 750 manat sığorta ödənişi X2 hesabına köçürülməlidir; -xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin 19- 05028/05/AA-4214/19 nömrəli sığorta aktına əsasən 750 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən X2 hesabına köçürülmüşdür; -"xxxx" ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; -xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, «AtaSığorta” ASC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “CHANGAN ALSVİN V3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə etibarnamə əsasında “CHANGAN ALSVİN V3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və X1 yüngül xəsarət yetirmişdir. Dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə sığorta aktı tərtib edilmiş, həmin akt əsasında xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə dəymiş maddi ziyanın əvəzi kimi sığorta ödənişi olan 750 manat pul "xxxx" ASC tərəfindən müvafiq hesaba köçürülmüşdür. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə geriyə tələb (subroqasiya) məktubu ilə Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə (mülki hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüququ pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Nəzərə alınmalıdır ki, “CHANGAN ALSVİN V3” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayınmıdır. Bununla da, Cavabdeh qarşı irəli sürülmüş iddianın əsaslı olduğu müəyyən olunur, o, iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericliyin qeyd edilən tələblərini pozmuşdur. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 750 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 750 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar