Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2899/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bank Olmayan Kredit Təşkilatı İddiaçı “Baş ofis” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0008-KOS/AZN-2023 saylı kredit müqaviləsinin ləğv edilməsi və "xxxx" MMC-yə olan 16370 manat məbləğində əsas, 6957.25 manat faiz və 8985.43 manat cərimə borcu olmaqla, cəmi borcu 32312.68 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 186 manat 94 qəpik dövlət rüsumunun cavabdehdən (Cavabdeh) tutularaq BOKT "xxxx" MMCyə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı “Baş ofisi”lə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0008-KOS/AZN-2023 saylı kredit müqaviləsinə əsasən illik faiz 30% olmaqla, 30 (otuz) ay müddətinə 16370 (on altı min üç yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-ci bəndinə görə “borcalan” kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavəyə uyğun həyata keçirir, lakin o, müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş cədvəlinin tələblərini davamlı şəkildə pozmuşdur. Cavabdeh bu günə kimi ödəniş etməmiş, cədvəl üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdi. Hal-hazırda Cavabdeh "xxxx" MMC-yə16370 manat məbləğində əsas, 6957.25 manat faiz və 8985.43 manat cərimə borcu olmaqla, cəmi borcu 32312.68 AZN (otuz iki min üç yüz on iki manat altımış səkkiz qəpik ) təşkil edir. Dəfələrlə cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Göstərilənlərə müvafiq olaraq kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün borc alandan müqavilə üzrə 16370 manat əsas, 6957.25 manat faiz borcu və 8985.43 manat cərimə faizi alınaraq "xxxx" MMC-yə qaytarılmalıdır.
İş materialları :
3. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 0008-KOS/AZN-2023 saylı kredit müqaviləsindən görünür ki, borc verən bu müqavilənin şərtləri daxilində borc alana 30 ay müddətinə qaytarmaq şərti ilə 16370 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesabınmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı BOKT "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 0008- KOS/AZN-2023 saylı kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, cavabdeh 30 ay müddətinə, illik 30% faiz dərəcəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-cü il tarixədək ilk 6 ay 409.25 manat (faiz ödənişi), digər aylarda hər ay 915.29 manat (sonuncu ay 915.38 manat) olmaqla, əsas borc məbləği üzrə 16369.99 manat, faiz borcu üzrə isə 8052.56 manat ödəniş etməlidir.
5. İddiaçı BOKT "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 984111 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh bank hesabına 16370 manat pul köçürülmüş, onun 81.85 manat xidmət haqqı olaraq, 16288.15 manat məbləği kredit olaraq köçürülmüşdür.
6. İddiaçı BOKT "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. xx.xx.2024-cü il tarixinə 16370 manat əsas, 6957.25 manat faiz, 8985.43 manat cərimə olmaqla, cəmi 32312.68 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) gün müddətində ödəməli, əks təqdirdə barəsində hüquqi tədbirlər görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. İddiaçı BOKT "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 16370 manat əsas borc, 6957.25 manat faiz borcu, 8985.43 manat cərimə olmaqla, cəmi 32312.68 manat borcu vardır. Müqavilə üzrə öhdəlik xx.xx.2023-cü il tarixdən icra edilmir.
8. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı BOKT "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 186.94 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz 30% olmaqla, 30 ay müddətinə 16370 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 2.6-ci bəndinə görə “borcalan” kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan 1№-li əlavəyə uyğun həyata keçirir, lakin cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş cədvəlinin tələblərini davamlı şəkildə pozmuşdur. Cavabdeh bu günə kimi ödəniş etməmiş, cədvəl üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh "xxxx" MMC-yə 16370 manat məbləğində əsas, 6957.25 manat faiz və 8985.43 manat cərimə borcu olmaqla, cəmi borcu 32312.68 manat borcu vardır. Cavabdehin bir kredit borcu olmuşdur. Həmin kredit borcu gecikmədə olduğu üçün onun kredit borcunu restrukturizasiya etmişlər. O, 6 ay müddətinə ona güzəşt edilməsini xahiş etmiş, onlar da ona köməklik etmişlər.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zaman cavabdeh borcu olduğunu qəbul etdiyini, lakin cərimə və faiz borclarının məbləğinin çox olduğunu bildirmişdir. Həmçinin onun hazırki borcunun yaranma səbəbi əvvəlki krediti ilə bağlı olmuşdur. Onun biznesi iflas etdiyi üçün krediti ödəyə bilməmişdir. Ona görə həmin krediti restrukturizasiya etmişlər. Əvvəlki krediti ödəyə bilmədiyi halda yeni qrafiklə razılaşmasının səbəbi isə ona ilk 6 ay güzəşt edəcəkləri üçün hesab etmişdir ki, maddi vəziyyəti düzəlib ödəniş edə bilər. Onun iflas etdiyi halda bu qədər cərimə və fazilin üzərinə gəlməsi onu daha da aşağıya doğru çəkəcəyini bildirmişdir.
İşin faktiki halı :
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli, 0008-KOS/AZN-2023 saylı kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması, lazımi qaydada yerinə yetirməməsi və nəticədə iddiaçıya borcun yaranması hazırki mülki işin mübahisəsiz halıdır.
13. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli, 0008- KOS/AZN-2023 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmışdır. Mülki qanunvericiliyinə əsasən (MM 739.2) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MMin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı BOKT "xxxx" MMC tərəfindən xx.xx.2023-ci il tarixli, 0008-KOS/AZN-2023 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh 30 ay müddətinə illik 30% ödəmək şərtilə 16370 manat məbləğində kredit verilmiş, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
21. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
23. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı BOKT "xxxx" MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
24. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. İddiaçı BOKT "xxxx" MMC tərfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faiz borccunu (xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən məbləğdə, 6957.25 manat məbləğində) tələb edə bilər.
26. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
27. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
28. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 0008-KOS/AZN-2023 saylı kredit müqaviləsi üzrə əsas borc 16370 manat, faiz borcu isə 6957.25 manat təşkil edir.
29. Həmçinin iddiaçı BOKT "xxxx" MMC Cavabdeh 8985.43 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.
30. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0008-KOS/AZN-2023 saylı kredit müqaviləsinin 2.6-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin müddəti bitdikdə və borcalan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün 1% qədər ilk gündən başlayaraq gündəlik cərimə borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir.
31. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyən edilmişdir ki, hazırki kredit öhdəliyi iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əvvəlki kredit müqaviləsinin restruktruziasiyası nəticəsində yaranmışdır. Hazırki kredit müqaviləsinin bağlanılması səbəbi isə cavabdehin iflas etməsi ilə əlaqədar əvvəlki kredit borcunu ödəyə bilməməsi olmuşdur. İşin faktiki halı isə odur ki, hazırki kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin iflas etməsi, yəni maddi cəhətdən çətin vəziyyətdə olması iddiaçıya məlum olduğu halda onunla yeni müqavilə bağlanılması və yeni qrafik üzrə əlavə faiz hesablanması halında cavabdehdə 8985.43 manat cərimə hesablanaraq tələb edilməsi onun vəziyyətinin daha da ağırlaşdırılması ilə nəticələnəcəkdir. Həmçinin qeyd edilən hal hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
32. Düzdür ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər müqavilə şərtlərini müəyyən etməkdə sərbəstdirlər. Lakin işin faktiki halı isə odur ki, iddiaçı iqtisadi cəhətdən güclü olan tərəfdir, cavabdeh isə zəif tərəf olub, ödəniş edə bilmədiyi, çətin vəziyyətdə olduğu üçün hazırki kredit müqaviləsini bağlamışdır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, standart şərtli müqavilələrdə vətəndaş (fiziki şəxs) iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Mülki Məcəllənin 420-ci maddəsi ilə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərindən etibarsız hesab edilənlər müəyyən edilmişdir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
35. Məhkəmə işin faktiki hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 8985.43 manat təşkil edən cərimə məbləğinin 100 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri :
36. İddiaçı BOKT "xxxx" MMC ödənilmiş 186.94 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.
37. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzdən görünür ki, iddiaçı BOKT "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 186.94 manat dövlət rüsumu ödənilmişdir.
38. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 186.94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
39. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-ci il tarixli, 0008-KOS/AZN-2023 saylı kredit müqaviləsi üzrə 16370 manat əsas borc, 6957.25 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 23427.25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 186.94 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 16370 manat əsas borc, 6957.25 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 23427.25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 186.94 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilsin. İddiaçı BOKT "xxxx" MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada veriidiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva