Məhkəmə qərarları › İş №e-2(007)-29/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-29/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-29/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh və X3 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RBAVT- 0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 36985.70 manat, faiz borcuna görə 9773.08 manat, dəbbə borcuna görə 10560 manat olmaqla, cəmi 57318.78 manat məbləğində borcun tələbin Cavabdeh məxsus 2019-cu il buraxılışlı, qara metallik rəngli, ban nömrəsi WDD2130421A660416 olan, ** DN *** qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 57318.78 manat və 262 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 13434.73 manat, müqavilənin bitmə tarixinə - xx.xx.2022-ci il tarixinə hesablanmış qalıq faiz borcuna görə 6185.04 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5% hesablanan əldən çıxmış fayda borcuna görə 2733.69 manat, dəbbə borcuna görə 10560 manat olmaqla cəmi 32913.46 manat məbləğində borcun və 262 manat dövlət rüsumunun tutulması; tələbin Cavabdeh məxsus 2019-cu il buraxılışlı, qara metallik rəngli, ban nömrəsi WDD2130421A660416 olan, ** DN *** qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 32913.46 manat məbləğində pulun və 262 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış RBAVT-0024 saylı xx.xx.2020-ci il tarixli Baş kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 52800 manat məbləğində kredit verilmişdir. RBAVT-0024 saylı xx.xx.2020-ci il tarixli Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus 2019-cu il buraxılışlı, qara metallik rəngli, ban nömrəsi WDD2130421A660416 olan, ** DN *** qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsi İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. RBAVT-0024 saylı xx.xx.2020-ci il tarixli Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh RBAVT-0024 saylı xx.xx.2020-ci il tarixli Baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 36985,70 manat, faiz borcuna görə 9773,08 manat, cərimə borcuna görə 10560 manat olmaqla borcun cəmi məbləğində 57318,78 manat pul təşkil edir. Tərəflər arasında bağlanmış RBAVT-0024 saylı xx.xx.2020-ci il tarixli İstehlak kredit müqaviləsinə 1 saylı əlavə müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”.

Tərəflərin izahatları:

Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir, əsas və faiz borcunu qəbul edir dəbbə pulu isə həddindən artıq yüksək yazılıb iddia tələbini həmin hissədə qəbul etmir.

İş materialları:

5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBAVT-0024 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə illik 18% dərəcəsi ilə 52800 manat məbləğində kredit verilmişdir.

6. Ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ayın 27-dən gec olmayaraq 24 ay müddətində hər ay 2635.99 manat, sonuncu ay 2636.53 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli, RBAVT-0024 saylı kredit müqaviləsinin təminatı olmaqla Cavabdeh məxsus 2019-cu il buraxılışlı, qara metallik rəngli, ban nömrəsi WDD2130421A660416 olan, “Mercedes Benz E200” minik markalı, ** DN *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

8. "xxxx" MMC-nin məhkəmənin elektron poçt ünvanına ünvanlandığı 25 avqust 2023-cü il tarixli məktubundan görünür ki, e-2(007)-2107/2022 nömrəli qərardada əsasən nəqliyyat vasitəsinə baxış keçirilməsi mümkün olmayıb. Bu səbəbdən mülki iş materialları icrasız geri qaytarılmışdır.

9. AD seriyalı 768826 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E200” minik markalı, ** DN *** qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur.

10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 13434.73 manat əsas, 6185.04 manat faiz, 10560 manat cərimə, illik 5%-lə hesablanan əldən çıxmış fayda 2733.69 manat, cəmi 32913.46 manat borcu vardır.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2353 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixə 13685.70 manat əsas, 8929.48 manat faiz, xx.xx.2024-cü il tarixədək 13685.70 manat əsas, 9129.07 manat faiz borcu vardır.

12. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBAVT-0024 saylı kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirmədiyi üçün borclunun banka xx.xx.2022-ci il tarixinə 36985.70 manat əsas, 8885.32 manat faiz, 10560 manat cərimə borcu olmaqla, cəmi 53841.72 manat borcu yaranmışdır. Kredit müqaviləsi üzrə banka olan borc dərhal ödənilməzsə ipoteka predmetinə tutma yönəldilməsi məqsədilə qanunvericilikdə və ipoteka müqaviləsində nəzərdə tutulmuş tədbirlər, o cümlədən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə tədbirlər görülərək və həmin tədbirlə nəticəsində əldə olunan vəsait borcun ödənilməsinə yönəldiləcəkdir.

13. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 262 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBAVT-0024 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə illik 18% dərəcəsi ilə 52800 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən “Mercedes Benz E200” minik markalı, ** DN *** qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. İddia tələbinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 13434.73 manat əsas, 6185.04 manat faiz, 10560 manat cərimə, illik 5%-lə hesablanan əldən çıxmış fayda 2733.69 manat, cəmi 32913.46 manat borcu yaranmışdır. İddiaçı hazırda Cavabdeh RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 13434.73 manat, müqavilənin bitmə tarixinə - xx.xx.2022-ci il tarixinə hesablanmış qalıq faiz borcuna görə 6185.04 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5% hesablanan əldən çıxmış fayda borcuna görə 2733.69 manat, dəbbə borcuna görə 10560 manat olmaqla cəmi 32913.46 manat məbləğində borcun və 262 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh məxsus 2019-cu il buraxılışlı, qara metallik rəngli, ban nömrəsi WDD2130421A660416 olan, ** DN *** qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 32913.46 manat məbləğində pulun və 262 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh tutulmasını tələb edir. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarı:

Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir.

21. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli, RBAVT-0024 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.

23. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBAVT-0024 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə illik 18% dərəcəsi ilə 52800 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

24. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə 13434.73 manat əsas, müqavilənin bitmə tarixinə - xx.xx.2022-ci il tarixinə hesablanmış qalıq faiz borcuna görə 6185.04 manat borcun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 13434.73 manat əsas, 6185.04 manat faiz, 10560 manat cərimə, illik 5%-lə hesablanan əldən çıxmış fayda 2733.69 manat, cəmi 32913.46 manat, xx.xx.2022-ci il tarixli bildirişə əsasən xx.xx.2022-ci il tarixinə 36985.70 manat əsas, 8885.32 manat faiz, 10560 manat cərimə borcu olmaqla, cəmi 53841.72 manat borc qeyd edilmişdir. Həmçinin məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixə 13685.70 manat əsas, 8929.48 manat faiz, xx.xx.2024-cü il tarixədək 13685.70 manat əsas, 9129.07 manat faiz borcu təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, tutulmalı olan borcun məbləği iddia ərizəsində qeyd edilən 13685.70 manat əsas, 6185.04 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarı kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.

26. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcədə artıq hesablanmışdır.

27. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 13434.73 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 10560 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 200 manat müəyyən edilməlidir.

28. Məhkəmə, tələbin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5% hesablanan əldən çıxmış fayda borcuna görə 2733.69 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, illik 5% dərəcəsi ilə faiz borcu 9129.07 manat müəyyən edilir. Belə olan halda Plenum qərarına əsasən hesablanmış illik 5% dərəcəsi ilə faiz borcu iddia ərizəsində göstərilmiş 2733.69 manat müəyyən edilməli, iddia həmin hissədə də təmin edilməlidir.

29. Məhkəmə, tələbin “Cavabdeh məxsus 2019-cu il buraxılışlı, qara metallik rəngli, ban nömrəsi WDD2130421A660416 olan, ** DN *** qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 32913.46 manat məbləğində pulun və 262 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınar əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınar əmlaka yönəldilməlidir.

31. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınar əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir.

32. Məhkəmə hesab edir ki, tərəflər müqavilə ilə ipoteka predmetinin ilkin satış qiyməti barədə razılığa gəlmədiklərindən, həmçinin ipoteka müqaviləsində əmlakın dəyəri göstərilmədiyindən ipoteka predmetinin ilkin satış qiyməti məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir. Ona görə 2019-cu il buraxılışlı, qara metallik rəngli, ban nömrəsi WDD2130421A660416 olan, ** DN *** qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsi açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

33. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan RBAVT-0024 sayı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddia tələbi borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmişdir. Odur ki, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh tutulması artıq lüzumsuzdur. Çünki ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra banka olan borcun ödənilməsinə kifayət etməsə də, cavabdehin banka olan ümümi borcunun tutulması təmin edilmişdir. Məhkəmə baxışının hədləri:

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmə xərcləri:

35. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 262 manat dövlət rüsumunun 179.53 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

36. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13434.73 manat əsas, 6185.04 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% faizlə hesablanan əldən çıxmış fayda borcuna görə 2733.69 manat, dəbbə borcuna görə 200 manat cəmi 22553,46 manat məbləğində kredit borcu və ödənilmiş 262 manat dövlət rüsumunun 179.53 manatı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş “Mercedes Benz E200” minik markalı, ** DN *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, nəqliyyat vasitəsi açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli. İddia qalan hissədə təmin edilməməlidir.

37. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 13434.73 manat əsas, 6185.04 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% faizlə hesablanan əldən çıxmış fayda borcuna görə 2733.69 manat, dəbbə borcuna görə 200 manat cəmi 22553,46 manat məbləğində kredit borcu və ödənilmiş 262 manat dövlət rüsumunun 179.53 manatı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş “Mercedes Benz E200” minik markalı, ** DN *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, nəqliyyat vasitəsi açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar