Məhkəmə qərarları › İş №e-2(007)-2900/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2900/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2900/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cüil tarixli 335363-CNS-56117 saylı “Kredit borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 429.43 manat məbləğində əsas borc, 24.53 manat məbləğində faiz borcu, ümumilikdə isə 453.96 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yssə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 335363-CNS-56117 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 335363-OVR-17491 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2024-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 732.27 manat məbləğində borcu illik 17 faiz hesablanması şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 453.96 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir.

İş materialları :

3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 335363-CNS- 56117 saylı “Kredit borcun restrukturizasiyasına dair müqavilə”dən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə 17% dərəcəsi ilə ödəmək şərtilə 732.27 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatını xx.xx.2021-ci il tarixli 335363-OVR-17491 (kredit xətti) müqaviləsi üzrə “Kredit alan”ın “Bank”a xx.xx.2024-ci il tarixə mövcud ola kapitallaşdırılmış borcun ödənilməsi təşkil etmişdir.

4. xx.xx.2024-ci il tarixli 335363-CNS-56117 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-dən (Ödəniş Cədvəli) görünür ki, Cavabdeh illik 17 faiz dərəcəsi ilə ödəmək şərti ilə 18 ay (xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək) müddətinə 732.27 manat əsas borc, 102.64 manat faiz borcu olmaqla, cəmi 834.91 manat məbləğində ödəniş etməlidir.

5. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 18 iyun 2025-ci il tarixinə 429.43 manat əsas, 24.53 manat faiz borcu olmaqla, 453.96 manat borcu vardır.

6. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə xx.xx.2025-ci il tarixinə 429.43 manat əsas, 24.53 manat faiz borcu olmaqla, cəmi 453.96 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

7. İddiaçı ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış xx.xx.2024xx.xx.2025-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 732.27 manat kredit verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 25 manat məbləğində ödəniş edilmişdir.

8. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 21 avqust 2025-ci il tarixinə 252.78 manat əsas, 6.18 manat faiz borcu olmaqla, 258.96 manat borcu vardır.

8. “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə ********** saylı mədaxil qəbzinə əsasən İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları :

9. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

10. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

11. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2024-ci il tarixli 335363- CNS-56117 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır.

16. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 18 ay müdətinə, illik 17 % faiz dərəcəsi ilə, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ayda 46.40 manat ödəniş etmək şərti ilə, 732.27 manat məbləğində kredit verilmişdir.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

18. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli 335363-CNS-56117 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır.

19. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməməsi işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edildiyindən İddiaçı ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

20. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur

21. Tərəflər arasında bağlanılmış “Kredit borcunun Restrukturizasiyasına dair Müqavilə”nin 6.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, kredit üzrə hissə-hissə ödənişlərdə 90 gün və ya daha çox müddətə gecikdirilməsi yaxud kreditin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması halında bank verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.

22. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada ləğv edilmişdir.

23. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

24. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

25. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi xx.xx.2025-ci il tarixdən birtərəfli qaydada ləğv edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (bildirişdə göstərilən məbləğdə, 24.53 manat məbləğində) tələb edə bilər.

26. Həmçinin işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilədən birtərəfli qaydada ləğv edildiyi vaxtdan, yəni xx.xx.2025-cü il tarixindən sonra cavabdeh tərəfindən ümumi borc məbləğindən 195 manat ödəniş edilmişdir.

27. Mülki qanunvericiliyə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir (MM 432.4m).

28. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ödənilmiş 195 manat pul vəsaitinin 24.53 manat məbləği faiz, 170.47 manat məbləği əsas borcundan silinməli və xx.xx.2024-cü il tarixli, 335363-CNS-56117 saylı kredit müqaviləsi üzrə cavabdehdən 258.96 (429.43-170.47) manat əsas borc tutulmalıdır.

Məhkəmə xərcləri:

29. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2024-cü il tarixli 335363-CNS-56117 saylı kredit müqaviləsi üzrə 258.96 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 335363-CNS-56117 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə” üzrə 258.96 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddiaçı ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar