Məhkəmə qərarları › İş №e-2(007)-2906/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2906/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2906/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasındakı nikah pozulmuşdur. Cavabdehlə rəsmi nikahdan iki övladı var: 27 mart 2013-cü il təvəllüdlü X9; 08 aprel 2017ci il təvəllüdlü X8. Məhkəmə qətnaməsi ilə hər uşağa 200 manat cəmi 400 manat məbləğində aliment tutulmuşdur. Lakin məhkəmə qətnaməsi qəbul olunan vaxtdan 5 il müddət keçmişdir. Lakin uşaqların əlavə hazırlığa getməsi, dərnəklərə getməsinə ehtiyac var. Lakin o, maddi cəhətdən bunları çatdıra bilmir. Alimentin tutulması barədə qətnamə qəbul edilən vaxtdan cavabdehlə şifahi olaraq razılaşmışlar ki, qətnamədə hansı məbləğin yazılmasından asılı olmayaraq o daha artıq məbləğ ödəyəcək, övladlarının maddı sıxıntı çəkməsinə imkan verməyəcək. Həqiqətən də cavabdeh onun kirayədə qalmağını da nəzərə alaraq hər ay 1000 (bir min) manat məbləğində aliment ödəyirdi. Lakin son zamanlar cavabdeh yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 400 manat məbləğində aliment ödəyir. Cavabdehə əlavə pul ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh verdiyi aliment pulu ilə uşaqların saxlanılmasının qeyri-mümkün olduğunu gözəl bilir. Cavabdehin uşaqlarının hər birinə hər ay 500 manat pul ödəmək imkanı var. Lakin hansı səbəbdənsə o, uşaqlarına normal məbləğdə pul xərcləmək istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh verdiyi aliment məbləğini azaltmaqla uşaqlarını yaşadıqları əvvəlki şəraitindən məhrum etmiş olur. 27 mart 2013-cü il təvəllüdlü X9 və 08 aprel 2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək ataları Cavabdeh tutulan alimentinin məbləğinin artırılaraq hər bir uşaq üçün 500 (beş yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, o, Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş cəmi 400 manat alimenti ödəyə bilir. Çünki, əvvəllər maddi imkanı olsa da, sonradan iş yerini dəyişmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-475/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X10 arasında Səadət Sarayında (Bakı Nikah evi) xx.xx.2012-ci il tarixdə 504 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 27 mart 2013-cü il təvəllüdlü X9 və 08 aprel 2017-ci il təvəllüdlü X8 anaları X5 yanında saxlanılmaqla onun himayəsinə verilmiş, 27 mart 2013-cü il təvəllüdlü X6 və 08 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cansız X2 xeyrinə hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmuşdur. - MŞB/16/2024-00294 nömrəli xx.xx.2024-cü il tarixli mediasiya arayışından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. - “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-də proqramçı vəzifəsində işləyir, əmək haqqısı 1850 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 27 mart 2013-cü il təvəllüdlü X9 və 08 aprel 2017-ci il təvəllüdlü X8 doğulmuşlar. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 2(009)- 475/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlı uşaqlar İddiaçı yanında qalmış, Cavabdeh 27 mart 2013-cü il təvəllüdlü X9 və 08 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 xeyrinə hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş sabit aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə tutulacaq aliment məbləğinin miqdarına münasibətdə isə qeyd edir ki, bu zaman məhkəmə iddiaçının və yetkinlik yaşına çatmayan uşaqların da mənafeyini nəzərə alır və hesab edir ki, iddia qismən təmin edilməli, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27 mart 2013-cü il təvəllüdlü X9 və 08 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 2(009)-475/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 27 mart 2013-cü il təvəllüdlü X9 və 08 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya sessiyası zamanı 60 manat mediasiya xərci ödənilmişdir, bu zaman nəzərə alınmalıdır ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği bir illik məcmuya münasibətdə 47 manat təşkil edir və həmin məbləğ ödənilmiş mediasiya xərcindən az olduğundan cavabdehdən tutula bilməz, bununla yanaşı iddiaçı da ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmədiyindən, məhkəmə hesab edir ki, həmin məsələnin müzakirəsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 mart 2013-cü il təvəllüdlü X9 və 08 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 2(009)-475/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 27 mart 2013-cü il təvəllüdlü X9 və 08 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar